Təhsilin qoyduğu boşluqları nə dolduracaq? KÖŞƏ YAZISI

İnsanların əsasən yetişdiyi gənclik və yeniyetməlik illəri, həmin illər ərzində olduğu mühit, şərait çox önəmlidir. Həmin mühüm dövrü karantin aylarına düşən gənclik isə özünü buxovlanmış hiss edə bilər. Belə ki, insanın ən enerjili və yorulmaq bilməyən vaxtlarında, evə dustaq olmaq, tədrisdən, əyləncələrdən, bir sözlə aktiv həyat tərzindən uzaq qalmaq əsl dəhşətdir. Məsələn, universitetə, idman zalına gedə bilməyən bir tələbənin, hansı yolla sağlam fərd olacağı böyük bir sualın altındadır. Nəzərə alsaq ki, günümüzdə ictimai yerlərdə olmaq da sağlamlıq üçün təhlükəlidir, idarəçiliyə qadağalar və məhdudiyyətlər qoymaqdan başqa çarə qalmır.

Qorxulusu da budur ki, özünü bu aylar ərzində quyunun dibində hiss edən gənclərə psixoloji dəstək, anlayış və güzəşt yerinə onlayn imtahanlar təqdim olunur. Belə ki, gələcəyin siyasətçisi ola biləcək tələbə siyasi-fəlsəfə dərsini onlayn alır. Saatlarla internet səbəbindən "hıqqanaraq" danışan müəllimini və kamera arxasında kitabı üzündən oxumağa çalışan tələbələri dinləmək məcburiyyətində qalır. Əminliklə demək olar ki, müəlliminizin və sizin internetiniz fiber-optik deyilsə, qoşulduğunuz dərslər tam bir işgəncədir. Bu cür dərsdə olmaq isə sağlam əsəb sistemi və səbr tələb edir. Bu dönəmdə ən yaxşı nəticələri isə əsasən bu cür tələbələr əldə edirlər. Daha çox həssas, sorğulamağı sevən tələbələr isə ən yaxşı halda müəllimlərin qəzəbinə düçar olurlar, kəsilirlər və olduqları quyunun daha da dibinə düşürlər. Növbədə isə təbii ki, valideynlər dayanır. Bu fənn kəsirləri üzündən kifayət qədər xərcə düşən ailə isə quyunun dibində olan övladlarını daha da dibə itələyir. Quyunun bu qədər dərinliyində olan insana isə nələrsə izah etmək, kifayət qədər mümkünsüzdür. Onu anlamaq və onu quyudan çıxarmaq üçün siz də o quyuya düşməlisiniz. Necə ki, quyunun dibindəki səsləri eşitmək üçün, onun içinə boylanmaq lazımdır. Valideynlər isə əksərən ‘’camaatın uşağı oxuyur da’’ deməklə daha da qıcıqlar yaradır.

Belə hallarda valideynləri də günahlandırmaq düz olmazdı. Nə də olsa, heç kim doğuşdan psixoloq deyil. Hərçənd ki, hər bir insanda minimal anlayış göstərmək, empatiya qurmaq bacarıqları olmalıdır. Bu bacarıqları olmayan və müəyyən səbəblərdən onları itirən insanlara isə birbaşa dəstək olacaq qurumlar olmalıdır. Əgər bu halların qarşısı alınmazsa, sağlam gələcək nəslin varlığı şübhə altındadır.

Hər bir fərd dəyərlidir. Belə ki, bir fərd bir ailə, bir nəsil yarada bilir. Bu prosesin fundamentində olan boşluq isə bir yığın cəmiyyətə yararsız insan yetişdirir.

Bu proseslərdə olan boşluqların artması isə əsasən bu karantin aylarında müşahidə olunur. Belə ki, bu boşluqları doldurmaqda olan məktəblərin, müəllimlərin qayğısından uzaq olan uşaqlar daha da yanlış fərdlərə çevrilir. Əminliklə demək olar ki, xarakterdə qalan bir boşluq varsa onu mütləq kimsə dolduracaqdır. Beləliklə valideynlərin, müəllimlərin qoyduğu boşluqları, açıq qlobalizasiya dəryasının degenerasiyası, bayağılığı doldurur. Bu qlobalizasiya dəryası hər yerdədir. Mediada, kinomatoqrafiyada, video-oyunlarda və bir gəncin maraqla can atdığı hər yerdə. Bu dəryada boğulmamaq üçün, boşluğu olmayan, sərt xarakter gərəklidir. Bildiyimiz kimi, gövdəsində dəlik olan qayıq da olsa, gəmi də olsa batmağa və o dəryanın dibinə düşməyə möhtacdır. Bu gəminin batması isə onun içindəkilərdən dolayı daha da əhatəli faciədir.

Bütün bunları nəzərə alaraq demək olar ki, xarakterində boşluq olan fərdləri, bu boşluqlar sağlam təbliğatlarla, elmlə dolana kimi qloballaşmanın yaratdığı bataqlığa buraxmaq olmaz. Bu prosesdə ləngimə isə itirilmiş və degenerasiyaya məruz qalmış cəmiyyətdir. Bu degenerasiyanın ən kiçik nümunəsi isə əyilmiş onurğa sütunlarıdır.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə