Müxalifətin saxtakarlığı gecəyarısı necə “ifşa” olundu?

İndiyə qədər özünü “ana müxalifət” elan edən və sentyabrda hakimiyyətə gələcəklərini dəfələrlə dilə gətirən “Milli şura”nın qeyri-ciddi qurum olduğunu deyirdim. Bütün qərarların heç olmasa 5-6 nəfərin arasında keçirilən “qeybət-müzakirə”lərdən sonra qəbul olunduğunu düşünürdüm.Sonrakı hadisələr göstərdi ki, yanılmışam. Məlum oldu ki, “hakimiyyət həsrəti” ilə alışıb-yanan bu “qurum” heç nəyi müzakirə etmir, onun rəhbərliyində olanlar bir-birinin fikirlərinə dəyər vermir, çıxışlarını izləmir və hətta ən mühüm məsələlər barədə verdikləri “bəyanatlarla” belə maraqlanmırlar. Bir sözlə “Milli şura” deyilən bir qurum mövcud deyil və özünə “ana müxalifət” deyən bu təşkilatın “rəhbərlərinin” bir-birinin nə danışdıqları barədə anlayışları belə yoxdur. Olmayan bir şey haqqında “qeyri-ciddi qurum” ifadəsini işlətmək, real iş görən “qeyri-ciddi qurumlara” münasibətdə böyük hörmətsizlik və ədalətsizlik olduğundan, mən “Milli şura” barədə dediklərimdən imtina etmək qərarına gəldim.

Bu qərara gəlməyimin əsas səbəbi isə “Milli şura”nın liderlərindən biri olan G.Hacıbəylinin gecəyarısı “Osmanqızı tv”-də söylədikləri sözlər oldu. Şura təmsilçisi Azərbaycanda Türkiyənin bir neçə hərbi bazasının qurulmalı olduğunu bəyan edərkən əməlli-başlı təəccüblənən aparıcı ona xatırlatdı ki, avqustun əvvəllərində elə bu kanalda çıxış edən C.Həsənli Türkiyə hərbi bazalarının respublikamızda yerləşdirilməsinə qəti etiraz edib. Gültəkin xanım isə cavabında onun dediklərinə “kiçik düzəliş” edəcəyini dedi və həmin “düzəliş”dən sonra həqiqətlə qətiyyən əlaqəsi olmayan fikirlər söylədi. İddia etdi ki, həmin verlişdə Anar Məmmədli Türkiyə bazalarına qarşı çıxıb. Cəmil Həsənli isə “israrla Türkiyə hərbi bazasının Azərbaycana gəlməli olmasını” əsaslandırıb. Üstəlik, “Milli şura” da öncədən bu fikirdə olub.

Sonra C.Həsənlinin həmin verlişdə guya səsləndirdiyi “arqumentləri” təkrarlayacağını deyən G.Hacıbəyli öz düşüncələrini sədrin boynuna qoymağa, sədri öz cümlələri ilə danışdırmağa cəhd etdi. İddia etdi ki, 11 avqust çıxışında C.Həsənli mühüm arqumentlər səsləndirib, “Azərbaycanla münaqişədə olan ölkədə Rusiyanın hərbi bazasının”olduğunu və “həmin hərbi bazadan Ermənistan ordusunun silahlandırılması üçün istifadə” olunduğunu və s. məsələləri nəzərə almağı, “ Azərbaycan ərazisində heç olmasa indi Türkiyənin hərbi bazalarının yerləşdirilməsini” təklif edib. Gördüyünüz kimi, hələ avqust ayında “Milli şura”nın Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsinin zəruriliyi barədə “mövqeyi” və bunu əsaslandıran “arqumentləri” olub.

Elə isə bu “mübarək” “mövqe” və “arqumentlər”i hazırlayan kimdir və onlardan “şura”nın sədri C.Həsənlinin niyə xəbəri yoxdur? Nədən bu “mötəbər müzakirə”lərin nəticələri Əli Kərimliyə çatdırılmayıb? Nədən onun bu deyilənlərdən xəbəri olmayıb? Əgər bazaların yerləşdirilməsinin “lehinə” olan “arqumentlər” Milli şura sədrinə və faktiki lider Ə.Kərimliyə çatdırılsaydı, yəqin ki, avqust ayında o dəhşətli bəyanatlar verilməzdi. “Milli şura”nın sədri C.Həsənli də, lideri Ə.Kərimli də bazalarla bağlı G.Hacıbəylinin son dərəcə düzgün mövqeyində dayanardılar və mən də onlarla əlaqədar isti avqust günlərində bu sətirləri yazmaq əziyyətinə qatlaşmazdım: “Uzun susqunluqdan sonra “Milli Şura”nın sədri Cəmil Həsənli, nəhayət, avqustun 11-də Osmanqızı kanalında canlı yayıma qatılaraq Sevinc Osmanqızının təkidli suallarından sonra bu məsələyə(Türkiyə hərbi bazaları barədə ) münasibət bildirmək məcburiyyətində qaldı.

Digər qonaq Anar Məmmədlinin “Türkiyə ilə, xüsusilə, Ərdoğanın rəhbərlik etdiyi Türkiyə ilə yaxınlıq məsələsində diqqətli olmalıyıq” kimi təhlükəli bəyanata münasibət bildirməkdən çəkinən C.Həsənli əsas məsələyə keçməzdən əvvəl müxalifətin şəninə təriflər söylədi, iqtidara “növbətçi” ittihamlar yağdırdı, “Azərbaycanda Türkiyə ilə yaxınlaşmağın ən qatı əleyhdarı İlham Əliyevin hakimiyyətidir, nə qədər ki, Əliyevlər hakimiyyətdədir, onlar türk ordusunun Azərbaycanda qalmasına razı ola bilməzlər”-kimi böhtanlar söyləməkdən cəkinmədi. Səbri tükənən S.Osmanqızı onun sözünü kəsərək-“Azərbaycanda heç bir bazaya ehtiyac yoxdur” hökmünü verdi və ondan birmənalı mövqe bildirməsini istədi. Yalnız bundan sonra C.Həsənli gəlib çıxdı əsas məsələyə və ərz elədi ki: “Azərbaycanın ərazisində hansısa hərbi bazanın olması məqsədəuyğun deyil”.

“Məqsədəuyğun deyil”- dedi, Gültəkin xanım, nə zərurət, nə israr etmək, nə “arqumentlər” gətirmək. “Hərbi baza hərbi əməkdaşlığın yüz formasından biridir”. Olsa-olsa, C.Həsənlinin xüsusi əda ilə söylədiyi bu cümləni böyük güzəştlə “arqument”ə bənzər bir şey hesab etmək olardı, o da bazanın “lehinə” yox, “əleyhinə” deyilmişdi. C.Həsənlidən bir həftə sonra eyni kanalda Ə.Kərimli danışdı və mən onun dediklərinə növbəti məqaləmdə münasibət bildirmək məcburiyyətində qaldım: “Avqustun 18-də Osmanqızı tv-yə müsahibə verən AXCP sədri S.Osmanqızının- “Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq necə olmalıdır(yeri gəlmişkən aparıcı bu dəfə sualı birmənalı - Azərbaycanda Türkiyənin hərbi bazası olmalıdırmı- şəklində qoymadı və Ə.Kərimliyə qəti cavabdan yayınmaq imkanı verdi) sualına cavab verərkən dedi: “Baxıb görürəm, xeyli adam doğrudan da belə ruhlanıb ki, Türkiyə ordusu gələcək və Qarabağı azad eləyəcək. Belə düşünmək olmaz axı? ...Nə olub bizə? 10 milyonluq ölkəyik. Bizim heysiyyətimizə toxunmur ki, biz 3 milyonluq Ermənistandan öz torpaqlarımızı azad eləyə bilməyək? Türkiyə gəlib bizim torpaqlarımızı azad eləsin? Türkiyənin bizim çiynimizdə (yəqin arxamızda demək istəyir-A.S.) dayanması 3-cü qüvvələr üçündür ki, əgər Ermənistanın himayəsində (Bu da təzə xəbərdir. Demə Rusiya Ermənistanın himayəsində imiş-A.S.) duran dostu varsa, Azərbaycanın da dostu var”. Beləcə, Ə.Kərimli həm xalqımızı “heysiyyətli olmağa” çağırdı, həm də C.Həsənlinin “Azərbaycanın ərazisində hansısa hərbi bazanın olması məqsədəuyğun deyil”-mövqeyinə dolayı dəstək verdi”.

Bütün bunlardan sonra G.Hacıbəyli gecəyarısı “Milli Şuran”nın və C.Həsənlinin Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılmasının qızğın tərəfdarı olduqlarını iddia etdi, onun adından “arqumentlər” uydurmaq məcburiyyətində qaldı. Üstəlik onu da dedi ki, “Milli şura” ən azı 3-4 ay bundan əvvəl də bu mövqedə olub. Maraqlıdır ki, həqiqəti hamıdan yaxşı bilən S.Osmanqızı C.Həsənlinin bu cür gecəyarısı “ifşa” olunmasına heç bir münasibət bildirmədi və susmağa üstünlük verdi. Adı ilə hər dəfə dəyərli bir insanı-Osman Mirzəyevi xatırladan kanalında “həqiqətin anasının növbəti dəfə ağladılmasını” qəribə susqunluqla müşahidə etdi.

“Milli Şura”nın pul silinməsi məqsədilə keçirilən mitinqlərində boğazı cırılana qədər qışqıran qardaş və bacılarım!

Bu rəzalətə təəccübləndinizmi?

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans Partiyasının sədri.

Bütün xəbərlər Facebook səhifəmizdə