Hələ Qarabağ münaqişəsi yenicə başlayan zaman baş vermiş bir hadisə yadıma düşdü. Əslində, bəhs etdiyim bu hadisə, ya da mövzu bəlkə də çoxlarının başına gəlib. Amma buna baxmayaraq, düşündüm ki, bir daha xatırladım.

Bir erməni qonşumuz var idi, Andrey və arvadı Roza. Onlar normal çalışır, işləyir, həyatlarını davam etdirir, həm də mehriban qonşuluq prinsiplərinə riayət edirdilər. Get-gəl, filan... Ara-sıra məhəllənin qadınları yığılıb söhbət edərkən, həmin Roza deyirmiş ki, işlədiyi yerdə digər erməni – Rita adlı bir qadın hər maaşda ondan filan qədər pul alırmış, hətta deyirmiş ki, həmin vəsait guya Azərbaycanda yaşayan ermənilərin problemlərinin həll olunmasına xərclənir, pul verənlərin adları qeyd olunur və s. Amma bir gün həmin Rita Rozaya onu da deyibmiş ki, vaxtı çatanda vəsaitlərin digər harayasa xərcləndiyini öyrənəcək. Bax beləcə, bir çoxları hələ də azərbaycanlılara xas olan saflığa sahib olduqları üçün, sözügedən məsələnin nəyə xidmət etdiyini ya anlamırdılar, ya da...

Və bir gün Qarabağın Ermənistana birləşdirilməsi məsələsi üzə çıxarkən, Roza və Andrey başılovlu halda qapımızı döydülər, ağlayaraq-sızlayaraq buradan heç hara köçmək istəmədiklərini bildirdilər. Lakin sonrakı proseslər, yəni 200 min azərbaycanlıların Qərbi Azərbaycandan zorla qovulmaları, talan və qarət edilmələri, öldürülmələrinin ardınca hər şey heç də Roza ilə Andrey cütlüyünün istədiyi kimi getmədi. Bax onda Roza iki əlini birdən başına çırparaq “vayyy!” deyə qiyyə çəkdi, dalınca da erməni dilində yuxarıda bəhs etdiyim Ritanın gəlib-keçəninə söydü. Andrey isə dedi ki, biz heç yerə gedəsi deyilik, qoy bizi öldürsünlər, assınlar, kəssinlər, it kimi (!) bağlanacağıq qapımıza. Amma belə olmadı, vaxtı gəldi və iki erməni ər-arvad evlərini Qərbi Azərbaycandan didərgin düşmüş ailəylə dəyişərək, İrəvana köçdülər.

İndi Andreylə Rozanın həmin o “it” məsələsi lap yerinə düşdü. Ali Baş Komandanımız cənab İlham Əliyev Qarabağın erməni işğalından azad olunması prosesinin uğurlu, qələbəyə doğru sürətlə inkişaf edən gedişatı, xalqa müraciəti zamanı təcavüzkarların torpaqlarımızdan it kimi qaçmalarını açıq fikirlə etiraf etməsi çoxlarımızın ürəyindəki tikanları çıxarmış oldu. Prezidentimiz xalqın dilində danışdı, xalqın dilində bəyanat səsləndirdi və xalqın yağı, mənfur, xain düşmənə olan münasibətini nümayiş etdirdi. Bu gün milli heysiyyatımız, qürurumuz heç vaxt olmadığı qədər zirvədədir, işğaldan azad olunmuş ərazilərimizdə yenidən ucaldılmış üçrəngli, müqəddəs bayrağımız kimi!

Başqa tərəfdən, Ali Baş Komandanımız bir daha vurğuladı ki, işğal altından azad olunan ərazilərimizdə yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Onların bütün hüquqları qorunacaq və Azərbaycan vətəndaşı olaraq öz hüquqlarından tam şəkildə istifadə edəcəklər.

Ancaq məni düşündürən yenə də Andreylə Rozadır. Görəsən sağdırlarmı? Bəlkə son vaxtlara – Azərbaycanın işğalçı rejimin təxribatçılıq əməllərinə qarşı başlatdığı zəfər yürüşünə qədər Şuşada, Xankəndidə, Cəbrayılda və s. məskənlərimizdə məskunlaşıblar sonradan? Axı işğalçı rejim Qarabağ əhalisinin sayının çoxaldılması üçün Livandan, Suriyadan erməniləri köçürməyə başlatmışdı. İrəvanda və başqa şəhərlərdən Qarabağa köçənlərə isə ev, pul və s. öhdəliklər vəd edirdi. Yəqin Andrey və Roza da aclarından ölməmək üçün məcburən Qarabağa gediblərmiş, bəlkə də...

Görünür, indi də orada suriyalı, livanlı erməni qonşularına deyirlərmiş ki, it kimi bağlanacaqlar evlərinin qapılarına və heç yerə gedəsi deyillər və s.

Amma sonda bir məsələni də xatırlatmaq istərdim. İndi mənə çatır ki, demə bu da bir erməni bicliyi imiş - başqasını güdaza verməklə, özünü təmizə çıxarmaq. Axı biz azərbaycanlılar erməni xislətində deyilik, safıq, təmizik, inanırıq və ürəyimizin dərinliyindəki mərhəmət hissi sonsuzdur. Yəni 30 ildən sonra mənə indi bəlli olmağa başlayır ki, demə Roza da, əri Andrey də maaşının bir qədərinin haraya köçürüldüyünün fərqində imiş, sadəcə, özünü bilməməzliyə vururmuş, hər şeyi Bakıda birgə çalışdığı iş yoldaşı Ritanın üzərinə atması ilə...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə