Şaqqıldağın kəraməti və ya Surətin yeni surəti! KÖŞƏ

Yenə rəhmətlik Şükür kişinin kəlamlarından başlamalı oldum. Sovet dövründə kənd sovetlərinə yun planı qoyurdular. Kənd sovetlərinin rəhbərləri də düşürdülər camaatın canına. Dövlətin müəyyən elədiyi qiymətlə hər ev flan qədər yun verməlidir. Camaat da hökumətlə hökumətlik eləyəsi deyildi ki! Məcbur olub həyətlərindəki qoyunları qırxıb yununu dəyər-dəyməzinə verirdilər onlara. Verməsəydilər sovetlik onlara arayış-flan verməzdi axı! Xülasə, fikrim o zamankı hökumətin camaatdan şəxsi məhsulunu zorla su qiymətinə almasını pisləmək deyil. Zatən sovet dövründə nə yaxşı idi ki, bu da yaxşı olaydı? Məqsədim hökumətlə xalq arasında gedən bu "yun" alveri ilə bağlı Şükür kişinin dediklərini diqqətinizə çatdımaqdan və sonra bunu niyə xatırlatmağımın səbəbini açıqlamaqdan ibarətdir. Yenə şıdırğı yun yığırdılar. Şükür kişi gətirib yunuu verdi, qəpik-quruşunu aldı. Qayıdanda, adəti üzrə yaxınlaşdı bizə(yəni cavanlara) və dedi: - A cavanlar, bilirsiniz bu sovetlik niyə yun almağın üstünə belə düşüb? Yaxşı pul qazanırlar, ona görə. İndi tərtəmiz yunu aparacaqlar, bir akt bağlayacaqlar ki, əhalidən alınmış yunun bu qədəri şaqqıldaq (Yəni qoyunun yuna yapışmış quru peyini) oldu və üstündən çıxıb o pulu qoyacaqlar ciblərinə. Yəni, bu alverdə əsas gəlir mənbəyi şaqqıldaqdı! Bunu deyib boşalmış yun kisələrini çiyninə atıb yoluna davam elədi. Şükür kişinin digər kəlamları kimi bu kəlamının da mahiyyətinə o qədər varmadıq o zaman. Amma ötən əsrin sonlarında bütün bölgədə "Yun Surət" kimi tanınan Surət Hüseynovun birdən-birə milyonçu kimi ortaya çıxmasının, sonra inqilab (?) eləməsinin, başına dəstələr yığıb dövlət çevrilişləri etmək istəklərinin şahidi olanda, rəhmətliyin dedikləri yadıma düşdü. Bir sovetlik ən çoxu bir ton yun yığardı. Amma Yevlax Yun fabrikinə (indi şirkət olub) ildə min tonlarla yun gəlirdi. Və bütün gələn yunun azı 25-30 faizini şaqqıldağa çıxanda, görün nələr qazanc əldə edilirdi. Halbuki, o dövrün adamları bilir ki, Yevlax Yun fabriki yuyulub təmizlənməmiş yunu ümumiyyətlə qəbul etmirdi. İndi görün qoyun yunundakı şaqqıldağın nə qədər kəraməti varmış ki, Surət Hüseynov onun hesabına milyonlar əldə elədi, sonra ölkənin başına keçmk üçün minlərlə muzdlu adamlar tutdu özünə! Bir qələm adamı kimi içində nə milli ruh, nə vətən eşqi, nə də başında düz-əməlli ağlı olmayan bu zavallı haqqında heç vaxt yazmaq istəməmişəm. Kimlər üçünsə təhlükəli göründüyü zamanda – 1993-cü ilin iyulunda Milli Məclisin tribunasından onun Ağdamın işğalında "önəmli rolu" haqqında ən kəskin ittihamlarımı səsləndirmişəm. Həmin sessiyada Baş Nazir kimi onun özü də birinci sırada əyləşmişdi. Bu, o zaman idi ki, ölkənin qanui Prezidenti də, Ali Sovetin sədri də, Baş Naziri də, Dövlət katibi də, digər yetkililəri də Surətin Gəncədə yerə bərkdən vurduğu təpikdən qorxub hərəsi dünyanın bir tərəfinə qaçmışdı. İnanmayanlar olsa, həmin çıxış indi də youtube portalında var və kim istəsə daxil olub baxa bilər. Amma sonradan bu gərəksiz fiqur haqqında nəsə deməyi lüzumsuz bilmişəm. Di gəl son zamanlar ölkədə aparılan inqilabi xarakterli islahatlar sırasında klanlaşmış kadrların hakimiyyətdən kənarlaşdırılması müqabilində, həmin klan şəbəkənin bəzi yetkililəri tərəfindən digərləri kimi onun da ortaya atılması, "mən də varam" deməsi məni hövsələdən çıxardı. Mən bu adam haqqında çox şeylər bilirəm və lazım gələrsə (Yəni belə anti-dövlət fəaliyyətini davam etdirərsə) onları bir-bir sapa düzüb qoyaram oxucularımın qabağına. Amma indilikdə yalnız birini deməklə kifayətlənəcəyəm. 1992-ci il, dekabrın 21-də başlanması, dekabrın 23-də Xankəndə Azərbaycan Bayrağının sancılması nəzərdə tutulan əməliyyatı Surət necə pozdu? Rəhim Qazıyevlə Tərtərdəki qonaq evində baş verən və məhz onun döyülməsi ilə nəticələnən mübahisədən sonra, Rəhimlə birləşib həmin əməliytyata cəlb edilməsi nəzərdə tutulan hava, artilleriya və ağır texnikanı niyə döyüş mövqeyindən geri çəkdilər? Nəticədə Mehman Səlimovun komandanlığı altda hərəkət edən 384 nəfərdən ibarət Daxili Qoşunların əsgərlərini niyə qurban verdilər? Cavab birmənalıdı: Rusiyanın sifarişlərini yerinə yetirən Rəhim Qazıyev Tərtərdə aranı qarışdırdı (O, bunu çox məharətlə bacarırdı) və Surətə dəyən bir yumruğu bəhanə gətirib, onunla birgə əməliytyatı pozdular. Həmin dövrdə sürətlə irəliləyən Azərbaycan ordusunun qarşısında aciz qalan haylar məhz bundan sonra üstünlük əldə etdilər və nəticəsi də hər kəsə bəllidir. Məncə təkcə bu fakt onun haqqında qəti düşüncəyə qərar verməyə kifayətdir. Əcəba, bəs illər ötəndən sonra bu adamın yenidən ortaya düşməsinə səbəb nədir? Bəlkə düşünür ki, atalar demiş,yağışlar yağıb, qaysaqlar örtülüb? Yox aşna, sənin açdığın qaysaqları heç tornada qasırğası da yuya, üstünü örtə bilməz. Yaxşısı budur, ölkəni qarışmış hesab edib, yenidən ortaya atılmaq fikrindən vaz keçəsən. Yenə yun var, yenə yun şirkəti var, yenə şaqqıldaq var! Allahdan şaqqıldağa bərəkət dilə, get biznesinlə məşğul ol. Görmürsən xaricdə oturub siyasi biznes quranlar nə günə düşürlər? Onların da, onlara ağı verən bəzi keçmiş məmurların da, keçmiş məmurlara ağı verən xaricdəki qüvvələrin də ömürlərinə az qalıb. Onlara baş qoşub sən də ömrünü qısaltma. Kefli İsgəndər demiş, necə yatmısan, elə də qal.Yorğanını başından bir də atıb, qalxıb o birilər kimi sən də səs-küy salsan, əmin ol ki, onların quyruğuna sən də bağlanacaqsan. Çünki Azərbaycan artıq o Azərbaycan deyil ki, xaricdən müxtəlif vasitələrlə təzyiq edib, sənin kimiləri, Rəhim, Əlikram kimiləri ömürlük həbsdən xilas elətdirsinlər. Rəbbim dövlətimizi və liderimizi qorusun! AMİN!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə