Son günlər, xüsusilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Alma-Atı görüşündən sonra, nəhayət ki, Qafqazda Sülh əldə edilməsi üçün tarixi imkan yaranıb. Bunu həm Azərbaycanın, həm də Ermənistanın siyasi rəhbərliynin nümayəndələrindən, demək olar ki, hər gün eşidirik.
Heç şübhəsiz, Sülh üçün bu tarixi şansın əldə edilməsi məhz Azərbaycanın siyasi və hərbi rəhbərliyinin qətiyyətli, təmkinli və praqmatik siyasətinin ürəkaçan nəticəsidir. Atalar demiş, “donuza hiş-hiş deməklə donuz darıdan çıxmaz!”Atalar həm də onu deyib ki, “ilan ulduz görməsə ölməz!” Donuza (oxu: Köçəryan, Sarkisyan Ermənistanına-T.N.) otuz il “hiş-hiş” desək də, “darıdan” (yəni tarixi Azərbaycan torpaqlarından-T.N.) çıxmadılar ki, çıxmadılar. Elə ki “ilan”a “ulduz”u göstərmək üçün Azərbaycanın hərbi və siyasi rəhbərliyi hərəkətə keçdi, cəmi 44 gün göstərilən “ulduz”dan sonra ölməmək üçün “darı”dan çıxmağa məcbur oldular. Ötən ilin sentyabrında isə bir günlük əməliyyatla kainatın ən parlaq “ulduzu”nu göstərib xatırlatdıq ki, ya qaçıb yuvana girib, bizimlə adam balası kimi qonşuluq etməlisən, ya da... Beləcə, “yuva”sına çəkilən “ilan” bacılarından da haray olmayacağını anlamağa məcbur oldu və nəhayət, tarixdə ilk dəfə olaraq Azərbaycanla Sülh sazişi imzalamaq qərarını verməyə məcbur oldu.
İndi Sülh sazişinin son mətni üzərində işin getdiyini hər iki tərəfdən eşidirik. Baxmayaraq ki, ermənilərin son 120 ildə millətimizə qusduqrduqları qanı unutmaq mümkün deyil, amma, bu da tanrının qismətidir ki, bizi belə namərd bir məxluqlar toplusu ilə qonşu eliyib. Qonşuluq haqqında isə bizim xalqın çox kəlamları var və hamısı da qonşu ilə dost olmağın, qonşuya tən olmağın vacibliyindən bəhs edir. Belə bir vəziyyətdə bizim də Sülh şəraitində yaşamağa məcbur olmaq istəyimiz təbiidir. Və bu təbii istək bizim “unutqanlıq” adlı xəstəliyimizin yenidən tüğyan etməsinə səbəb olmamalıdı. Yenə atalarımızın kəlamı ilə desək, “itlə dostluq edək, amma çomağımızı əlimizdən yerə qoymayaq”!
Nə isə ki, deyəsən yüz illər qan gölünə çevrilmiş Qafqaz adlanan bölgəmizə Sülh ayaq açır. Şükür! Amma bu Sülhün harada gerçəkləşməsi hələ də müzakirə olunmaqdadır. Dünən Ermənistanın Baş Naziri də dedi ki, sazişi imzalamağa hazırıq, amma vaxtı və yeri hələ dəqiqləşməyib, müzakirə edilir. Mən də paşikin “nə vaxt?” sualına yox, amma “harda?” sualına bu tərəfin bir sıravi sakini olaraq fikrimi bildirmək istəyirəm. Mənə elə gəlir ki, Sülh sazişini imzalamaq üçün nə qərbdə, nə şərqdə, nə də şimalda məkan seçməyə ehtiyac yoxdur. Nədən ki, qərbdə olsa şərq və şimal inciyəcək, şimalda olsa şərq və qərb, şərqdə də olsa şimal və qərb incik qalacaq. Heç kimi incik salmamaq üçün ən yaxşı məkan elə iki ölkəni, hətta üç Qfqaz ölkəsini birləşdirən sərhəddə bir Sülh Evi tikmək və sazişi də orda imzalamaq gələcəyə də ciddi bir stimul vermiş olar.
Azərbaycanın Müzəffər Ali Baş Komandanı, fateh lideri dəfələrlə deyib ki, nəyi, nə zaman, necə etməyi mən daha yaxşı bilirəm. Gördüyü işlərə də diqqət yetirsək, buna şübhə etmək, sadəcə, mümkünsüzdü. Odur ki, zatən son və qəti söz Azərbaycan liderinindi. Amma mən də belə bir təkliflə nəhayət ki, “qonşu” adlandırmaq istədiyimiz ermənilərə bir tövsiyyə verməyi özümə borc bildim, Məncə, məhz Azərbaycan, Gürcüstan və Ermənistanı birləşdirən sərhəddə, Qırmızı Körpü yaxınlığında iki-üç aya bir Sülh Evi tikmək, sazişi həmin evdə imzalamaq, gələcəkdə həmin Sülh Evini daha da genişləndirməklə hər üç xalqın nümayəndələrinin bir-biri ilə görüşməsi, söhbətləşməsi üçün “Sülh və əmin-amanlıq Məkanı”na çevirmək olar.
Bilmirəm, ağıllara batacaq, ya yox! Amma məncə, Sülh yolunda bu çox yaxşı başlanğıc ola bilər!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə