Paşinyanı qanlı təxribatlara kim tətikləyir?

Yenə Ermənistan, yenə növbəti təxribat, yenə sülhə tuşlanmış ATƏŞ! Bəli, erməni təxribat qrupları fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində növbəti dəfə təxribat törətdilər. Düşmən tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuzun yaralanması Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri həyata keçirməsini zərurətə çevirdi. Belə ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də erməni tərəfin təxribatına cavab olaraq “Qisas” əməliyyatı keçirib. Əməliyyat nəticəsində əsgərimizə atəş açan ermənilərin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin məhv edildiyini, yaralıların olduğunu etiraf edib. DSX-nın məlumatında, həmçinin bildirilir ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və Ermənistan tərəfinin iki ölkə arasındakı şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək.

Özü də rəsmi İrəvan bu təxribatı Münxen Təhlükəsizlik Konfransından bir gün öncə reallaşdırdı. Sözsüz ki, düşünülmüş və planlı məqsəd daşıyan təxribat idi. Amma Münxen Təhlükəsizlik Konfransında Azərbaycana olan ehtiram və diqqət, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşmək üçün məhz ABŞ Dövlət Katibinin, Almaniya Kanslerinin, ATƏT Baş katibinin, bir sıra Avropa liderlərinin özlərinin təşəbbüs etmələri Ermənistanın və onun arxasındakı qüvvələrin bu dəfə də palşıqa düşən eşşək obrazına çevrildiklərini fakt kimi ortaya qoydular. Həttda Ermənistanı qızışdıranların cərgələrində yer tutan qərb liderlərinin Azərbaycanla birbaşa təmaslara can atmaları, əslində, qərbdəkilərin əsas enerji tərəfdaşı kimi Azərbaycana böyük önəm verdiklərini nümayiş etdirdi. Nə qədər rəsmi İrəvanı qanlı təxribatlara çəksələr də, qüdrətli və iqtisadi gücə sahib olan Azərbaycan faktoru qarşısında qərbdəkilər də quyruq bulamaqdan başqa yol tapmırdılar...

Həm də son yarım ilə yaxın müddətdə hökm sürən nisbi sabitliyin pozulması, yenidən qan tökülməsi Ermənistanın və onun Cənubi Qafqazda sülhün əldə olunmasını istəməyən havadarlarının regionda vəziyyəti gərginləşdirmək planlarının mövcudluğunu bir daha təsdiq etmiş oldu. Baş verən hadisə həm də Ermənistan hakimiyyətinin ikili siyasət yürütdüyünü və sülh danışıqlarını pozmaq cəhdlərindən əl çəkmədiyini göstərdi.

Göründüyü kimi, Vətən müharibəsindən sonrakı dövrdə Ermənistanda gedən proseslər bu ölkənin revanşa hazırlaşdığını aydın göstərir, bu reallıq çoxsaylı ekspertlər tərəfindən də qeyd olunurdu. Hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi və vəziyyətin gərginləşməsinə çalışıldığı aydın görünür. Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır. Həmçinin Ermənistanın Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlar alması, Fransanın Ermənistanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb. Bir müddət öncə Avropa məmurlarının Ermənistana gəlməsi, Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhəddə peyda olması, "binokl diplomatiyası", ABŞ instruktorlarının Ermənistanda çalışması, Çexiya casusunun saxlanması və digər faktlar ekspertlər tərəfindən Ermənistanın hərbi əməliyyatlara hazırlanmsı kimi şərh edildi.

Ümumiyyətlə, Ermənistan siyasi və hərbi elitasında, habelə ictimaiyyətdə belə bir fikir var ki, Azərbaycan müharibəyə hazırlaşır. Bu paranoyanı tətikləyən əsas məqam isə Qərb mediasında ardıcıl tirajlanan dezinformasiyalardır. Qərb mediasında Azərbaycanın Ermənistana hücuma hazırlaşdığı israrla qeyd edilir. Göründüyü kimi, ABŞ və Fransa Azərbaycan və Ermənistanı yenidən müharibəyə təhrik etmək istəyirlər. Xarici qüvvələrin məqsədi həm də Zəngəzur dəhlizi məsələsini neytrallaşdırmaqdır. Türk dünyasını birləşdirən bu layihə yeni Qafqaz xəritələri hazırlayan aktorları qorxudur. Buna görə də Qərb Yaxın Şərqdə vəziyyəti gərginləşdirdiyi kimi, Cənubi Qafqazda da münaqişə ocağı yaratmağa çalışır, burada da oxşar qanlı proseslərin cərəyan etməsinə zəmin hazırlayır. Bu münaqişə ocağının Rusiya və İran sərhədlərində alovlanması gərginlik arealının miqyasının daha da genişlənməsinə gətirib çıxara bilər.

Yuxarıda xüsusi olaraq qeyd etdiyimiz kimi, son Münxen Təhlükəsizlik Konfransında qərb ölkələrinin Azərbaycana olan son dərəcə ehtiramlı münasibətləri, Azərbaycan Prezidenti İlham Əliyev ilə siyasi dialoq qurmaq üçün aşkar şəkildə can atmaları, üstəgəl, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti ilə görüşdən sonra optimist fikirlər səsləndirməsi müsbət məqamlardır. Amma unutmayaq ki, qeyri-stabil siyasət yürüdən, müstəqil mövqeyi, dövlət maraqları olmayan Ermənistan kimi marionetka bir ölkə istənilən zaman qanlı təxribatlar üçün açıq bazardır. Rəsmi İrəvanı qanlı toqquşmalara tətikləyən qərb ölkələri, habelə regionda ciddi maraqları olan qüvvələr üzdə “mehriban diplomatiya” yürütsələr də, gerçək simalarını dəyişən deyillər...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə