Təsadüfə baxın ki, dünən həm səhər, həm də axşam hamilə qadınla rastlaşdım. Necə deyərlər, Allah hər ikisini dardan qurtarsın. Məni narahat edən başqa məsələdir ki, barəsində söhbət açmaq olduqca vacibdir. Bu, həmin iki qadının geyimi ilə bağlıdır.

Əvvəllər hamilə qadınlar uşaq 2-3 ay olandan geniş paltarlara, həm də donlara üstünlük verərdilər ki, kənardan qarınlarının şişdiyi bilinməsin. Qadınlarımız var idi ki, 9 ay ata evinə getmir, qayınata, qayın, qardaş gözünə görünmürdü. Heyfi o dövrlərdən. Elə həmin iki hamilə qadına baxdıqca bu fikirlər keçirdi xəyalımdan. Həqiqətən abırlı-həyalı, ismətli dövrlər üçün minlərcə dəfə təəssüflər olsun.

Biz nə etdik ki, bu günlər nəsibimiz oldu? Bir qadın barı özünə hörmət etmir, heç olmasa bətnindəki körpəsinə hörmət etsin. Bu geyim-keçimlə hara gedirik? Hamiləliyimizi kimə nümayiş etdiririk?

Haradasa 8-9 aylıq hamilə olan qadınların hər ikisi dar şalvarda və köynəkdə idilər ki, qarınları tam şəkli ilə ortalıqda idi. Dərilərinə yapışan bu paltarlarda görəsən onlar necə rahatlıq tapa bilirlər? Bəs körpələri? Vallah körpələrə yazığım gəldi. Düşündüm, indi gör, onlar bu isti havada içəridə nə kimi mübarizə aparırlar ki, bu analardan xilas olub dünyaya sıçrasınlar.

Yaxşı, bunların özləri düşünmür, bəs böyükləri necə, yoxdur? Bir bunları başa salan yoxdur ki, birincisi, ayıbdır, ikincisi özün, üçüncüsü o körpən yazıqdır. Axı hər şeyin bir həddi olmalıdır. Nə üçün marşrutda, parkda hamı dönüb sənə baxmalıdır? Nə üçün səndən böyüklər həm sənin, həm də körpənin halına yanmalıdır? Sən bunu özün dərk etmirsən?..

Hara gedirik bu ədəb-ərkanla, geyim tərzi, davranışla, İlahi. Bəli, bir zamanlar yuxarıda da dediyim kimi, qadınlar hamiləlik dövründə gizlənirdi. Utanıb, abır-həya edirdilər. O qədər geniş paltar geyinirdilər ki, bəzən dünyaya uşaq gətirdiklərini eşidirdin, amma indiyədək hamilə olduqlarını düşünə bilmirdin. Uşaqlar da sağlam olurdular, təbii ki.

Lakin zəmanəmizdə elə mənzərələrlə qarşılaşırsan ki, deyirsən, gözlülər olsun, görməsin. İki hamilə qadın kimi.

Bilmirəm, havadandır, sudandır, qidalardandır, yoxsa hansı səbəbdəndir, getdikcə təfəkkür xəstələrinə çevrilirik. Sanki korlaşır, düşüncəsizləşirik. Güzgüdə özümüzü ya görmür, ya da eyiblərimizə qarşı koruq. Əlimizə nə keçdi geyinib utanmadan küçəyə çıxırıq: dizdən, göbəkdən qarışlarla yuxarı ətək-köynək, cırıq-cırıq şalvarlar, ipli köynəklər...

Bu da hamilələrimiz. Paltarları o qədər dardır ki, bütün bədən şəkilləri çıxıb üzə. Təəssüf, həm də çox təəssüf. Təəssüf ki, bu cür küçəyə çıxmağı özümüzə rəva bilirik. Təəssüf ki, biz körpəmizin başına bu oyunları açırıq. Təəssüf ki, biz abır-həyanın nə olduğunu unuda-unuda yaşayırıq. Bəs axırımız?.. Bəlkə də elə axırımız bu gündür...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə