Öncə oğrudan deyil, anadan, analıq hissindən söhbət açmaq istəyirəm. Maraqlıdır, görəsən Xətai rayon 3 nömrəli uşaq evinin keçmiş direktoru və müavininin övladları varmı? Varsa, deməli, onlar anadırlar. Özü ana olan bir qadın rəhbərlik etdiyi uşaq müəssisəsində ata-ana qayğısından məhrum olmuş uşaqlarla necə bu cür davrana bilər? Necə onları ət yeməkdən məhrum edə bilər, bu ölkənin bol nemətlərini uşaqlardan gizlədər, Allahın çörəyini əsirgəyib, qurumuş çörəklə onları imtahana çəkər? Dövlət tərəfindən bu müəssisəyə ayrılmış ərzaq bölgüsünü necə gizlədib, uşaqlara cüzi bir hissəsini verə bilər?
Əgər onlar anadırsa, bu uşaqların yarıtox halına, gözlərinin yemək arxasında qalmasına necə göz yuma bilərlər? Evlərində övladlarının qarşısına qoyduqları min bir nemət, təbii ki, o nemətlərin içərisində uşaq evindən daşıdıqları da yer alıb, onların vicdanını heçmi silkələməyib?
Öz övladını sevən, onun bütün qayğılarını düşünən, hər bir arzularını yerinə yetirməyə çalışan, bir istəyini qarşılıqsız qoyanda, bunu reallaşdırmağa imkanı çatmayanda gecələr yuxuları ərşə çəkilən bir ana görəsən uşaq müəssisəsindəki uşaqların vəziyyətini heçmi göz önünə gətirmir?
Bir ana övladına necə şər atıb onu oğurluqda ittiham edə bilər? Bir ana övladını xəstə kimi qələmə verib onu xəstəxanaya necə yatıra bilər? Bəs belə isə bir ana çalışdığı müəssisədəki uşağı necə övladından seçib onu oğurluqda ittiham edə bilər?
Uşaq səhv edə bilər. Evlərimizdə böyütdüyümüz uşaqların heç bir səhvi olmur? Oğurluq da edə bilər, sinif yoldaşları, məhəllə uşaqları ilə dalaşa da bilər. Lakin onun bu səhvini kim aradan qaldırmalıdır, kim ona doğru yolu göstərməlidir. Təbii ki, valideyn, xüsusilə də ana. Belə isə uşaq evinin qadın direktoru və müavini nə üçün tərbiyə etmək əvəzinə, polisə şikayət etdikləri uşağı qarşılarına qoyub tərbiyə etmək fikrində olmayıblar. Nə üçün ona öz övladlarına baxdıqları gözlə baxmaq istəməyiblər? Bu, məsələnin birinci tərəfidir.
İkinci tərəfi isə odur ki, uşaq müəssisəsinin direktor müavini deyir ki, onlardan şikayət edən uşaq təsərrüfat anbarından oğurluq edib. Sual olunur, təsərrüfat anbarının qapısı yoxdurmu? Və yaxud o anbara nəzarət edən təsərrüfat müdirinin başı harada qarışıbmış ki, bu qədər oğurluqdan xəbəri olmayıb? Necə deyərlər, belə bir misal var: qapını bağlı saxla, qonşunu oğru tutma. Bir də ki, uşaq oğurluq edibsə də, onu aclıq buna vadar edib və ya kimlərsə öz oğurluqlarını uşağın üstünə atdıqları şərlə ört-basdır ediblər..
Üçüncüsü, necə olur ki, oğurluq edən də, rəhbərliyi şikayət edən də, psixiatriya xəstəxanasına yerləşdirilən də eyni uşaq olur? Bu üç hadisənin bir-biri ilə bağlılığı elə burada sirli bir məqamın olduğunu ortaya çıxarmırmı?
Ana... Həqiqətən də dünyaya uşaq gətirmək heç də ana olmaq deyilmiş. Bunu uşaq evinin direktoru və müavininin analığı haqqında düşünəndən sonra bir daha təsdiqlədim. Əgər onlar anadırlarsa, sözsüz, elə düşündüyüm analardandır.
Haqq nazilər, lakin üzülməz. Bir də dünya demək ki, hələ ədalətli insanlardan tamamilə xali deyilmiş. 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının həmin uşağı yoxlayan baş həkimi kimi. Əgər o həkim də ədaləti itirənlərdən olsaydı, uşaq heç cür bəraət ala bilməyəcəkdi.
Uşaq evindəki vəziyyət kədərli olsa da, lakin bu gün bu ünvandakı direktor dəyişikliyi ilə bağlı xeyli sevindik. Çünki ədalət zəfər çaldı. Bu ədalət isə özünə qədər belə bir sual çıxarmışdı meydana: kimdir oğru? Uşaq evinin uşaq olmasına baxmayaraq sözünü açıq deməyi bacaran üsyankar uşağımı, yoxsa uşaqlar üçün dövlətimiz tərəfindən ayrılan ərzağı mənimsəyən rəhbərlikmi? Bunun cavabını həmin qadınlar ətraflı verməlidirlər. Həm uşağı şikayət etdikləri polis bölməsində, həm də sağlam uşağı süründürdükləri Psixiatriya Xəstəxanasında...
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB