Dəfələrlə demişəm, yenə təkrar edirəm, kül olsun o millətin başına ki, liderini, rəhbərini, prezidentini qoruya bilmir, onun kənar qüvvələrin ayaqları altına düşməsinə göz yumur, hətta öldürərək başına bir qədəh də vurur. Uzun illər liviyalıları cənnətdə yaşatmış Qəddafinin, mətinliyi, dözümü ilə amerikalıları heyrətdə boğan, xalqının lideri Səddam Hüseynin son aqibətini gözünüzün qabağına gətirin. Bu liderlərin tək suçu Qərblə mübarizədən geri çəkilməmək, onların əmrlərinə boyun əyməmək idi. Hər iki lider xarici sifarişlərlə infaz edildilər. Sadə, binəva xalqı da inandırdılar ki, sizin gələcəyiniz bu şəxslərdən sonra daha gözəl olacaq. Amma hər iki ölkə xalqları bu gün bataqlıqda çapalayır, yaşamaq uğrunda mübarizə aparırlar. Qərb isə məqsədinə çatana qədər dil tökdü, sonra isə...

İraqın sərvəti talandı, geriyə qalanlar isə xarabalıq, aclıq, səfalət, didişmə, dartışma oldu. Nefti və digər sərvətləri ilə öyünən iraqlılar bu gün yox olmamaq, yer üzündən silinməmək, ölüm-dirim mücadiləsi aparırlar. Qərbin cənnət vədlərinə ləbbeyk deyənlər və bu şüarlarla iraqlıların hər gün qulağını dolduranlar artıq ortalarda görünmürlər. Sanki qeybə çəkiliblər. Daha doğrusu səkkizguşəli, səkkiz üzlü siyasət güzgüsünün arxasından buraxdıqları izə tərəf boylanıb qürrələnirlər. Liviyada isə vəziyyət İraqdakından betərdir. Vaxtilə bütün kommunal, səhiyyə, təhsil xidmətləri ödənişsiz olan Liviyada ailələr bu gün bir tikə çörək tapanda sevinirlər. Bu nizamı pozanlar isə gəldikləri kimi bir andaca buralardan uzaqlaşıblar, xalqı öz dərdləri ilə baş-başa buraxıblar.

Liviyada hərbi kampaniyanı başladan Sarkozili Fransa kürsüsünü Olanda və Makrona buraxsa da bu dövlətin siyasəti hələ də dəyişməyib. Fransa Əlcəzairdə əlcəzairlilərə qarşı törətdiyi qətliamları bu gün liviyada liviyalılara qarşı davam etdirir. BMT Təhlükəsizlik Şurasının qətnaməsini tələm-tələsik yerinə yetirən Fransa yalnız ona asi olan Qəddafini aradan görürəndən sonra aradan çıxdı. Nə BMT-də, nə də dünyanın heç bir təşkilatında Fransanın boğazından tutub soruşmadılar ki, İraqda kimyəvi silah axtarmaq bəhanəsi ilə bu ölkənin altını üstünə gətirən Amerikanı başa düşdük, bəs sən Liviyada nə axtarırdın? Yaxud bütün bu baş verənlərə görə kim cavab verəcək? Axı, bir quruluş yalnız daha yaxşı quruluş tərtib etmək üçün yıxılmalıdır. Fransa Qəddafidən yaxşı nə edə bilir bu gün? Heç nə. Yalnız onu deyə bilərik ki, Fransa kimi ölkələrin imperialist xisləti dağıtmaq, məhv etmək üçün formalaşıb. Fransa dəyişməyib, iki əsr hansı düşüncədə, hadisələrə reaksiyası hansı biçimdə idisə, bu gün də eyni səhvlərə imza atır.

Bəli, nə iraqlıları, nə də liviyalıları bağışlamaq olmaz. Qəddafini və Səddamı cəzalandırmağı fransızlara və amerikalılara həvalə etməklə, ölkəsinin liderinin xarici xüsusi xidmət orqanları tərəfindən linç edilməsinə dəstək olmaqla onlar bir ömür lənətlənmiş sayılırlar.

Yox, niyyətimiz nə Səddam Hüseyni, nə də Qəddafini müdafiə etmək, yaxud onların əməllərinə haqq qazandırmaq deyil. Onların etdiklərinin yaxşı, ya da pis olduğunu da deyə bilmərik. Doğrusunu yalnız bu ölkələrin vətəndaşları deyə bilər. Məsələ bundadır ki, onların ölkələrində lider olmalarını xalq istəyib və təmin edibsə, onların mükafatlandırılması, yaxud cəzalandırılması da xalqın əli, sözü ilə olmalıdır. Sarkozinin istəyi ilə Qəddafinin, Buşun arzusu ilə Səddamın cəzalandırılması, öldürülməsi, asılması, yerdə sürüdülməsi elə o xalqların yerlə bir edilməsi deməkdir. Liderlərini asmaqla, linç etməklə Amerika və Fransa sanki, İraqı və Liviyanı, buranın insanlarını öldürüb getdilər. Bu qədər rəzillik ola bilərmi?

Bu gün Amerika və Fransa Cənubi Qafqazdadır, müxtəlif bəhanələrlə regiona soxulublar. Bölgənin ən zəif ölkəsində öz varlıqlarını rəsmiləşdirirlər. Rusiya hələlik onlara sərbəst fəaliyyət imkanı vermir. Bunun da əlacını Mockvanın başını Ukrayna ilə müharibəyə qatmaqla tapıblar. Rusiya məhz bu səbəbdən onlara daha güclü, daha aqressiv şəkildə qarşılıq verə bilmir. Gürcüstandan ikinci cəbhəni açmağa çalışırlar. Şimali Qafqazda da vəziyyəti gərginləşdirirlər. Artıq Çeçenistan və İnquşetiyada rus hərbi postlarına hücumların olması barədə informasiyalar gəlməkdədir. Bir sözlə, Qafqaz regionu növbəti qarşıdurmaların episentri ola bilər.

Bu iki imperiya xislətli dövlərin regional yardımçısı da var – İran. Bütün addımlar artıq sinxronlaşdırılıb. Amerikanın, yaxud Fransanın bir işarəsi yetərlidir ki, molla rejimi həmin əmri daha aqressiv şəkildə həyata keçirməyə cəhd etsin. Zəngəzur dəhlizinin açılmaması üçün bütün imkanlarını səfərbər edən Fransa regiondan uzaqdadır və açıq şəkildə deməsə də Zəngəzuru “qırmızı xətti” kimi görür. Ancaq bunu İran vasitəsilə çatdırır. Niyə? Çünki, qorxur, Qərbin əlaltısı olmağı özünün yeganə həyat sığortası sayır. Amma Səddamın və Qəddafinin aqibətini yaşamaq növbəsi molla rejiminindir. Bəs necə, hər şeyin əvvəli olduğu kimi sonu da var. İranlılar necə, diktatorlarını kəndirdən xilas edə biləcəklərmi?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə