Onsuz da sosial şəbəkələrdən düzgün istifadə edə bilmədiyimizə görə yaman günə qalmışdıq. Tiktok deyilən sosial şəbəkə həyatımıza daxil olandan sonra isə ta bizdən biz deyə bir şey qalmayıb.

Vallah, dərindən düşünəndə adamın dəsmal götürüb ağlamağı gəlir. Niyə? Ona görə ki, biz nə üçün bu günlərə gəlib çıxmalı, bu kökə düşməli idik?

Bu günlərdə Tiktokda yeni dəb yaranıb. Özümüz azmış kimi, indi də azyaşlı uşaqlarımızı Tiktok qəhrəmanlarına çevirmişik. Nədir onların günahı? Nə üçün onları oyuncaq edib oynadırıq? Məsələn, bilmirəm, anadır, xaladır, bibidir, kimdir, uşağa kənardan suallar verir, çəkir, paylaşır. Həm də elə suallar verir ki, həm onun yaşına uyğun deyil, həm də kənardan dinləyənlərin ətini tökür. Yazıq uşağı meymuna çevirib özləri də gülür, camaatı da güldürürlər. Niyə gülürlər, nə səbəbə gülürlər, bilmirəm, amma həm də əməlli-başlı bəyənmə toplayırlar.

Baxırsan və düşünürsən ki, İlahi, biz bu günlərə də qalacaqdıq? Bu uşağın axı Tiktokda nə işi ola bilər? Hansı ağılla, hansı düşüncə ilə bu uşağı burada meymuna çeviririk?

Başqa bir videoda isə uşağın məktəb tapşırıqlarını həll etməsi ilə bağlı səhnə paylaşılır. Uşağa müəllimin çox tapşırıq verməsi, uşağın isə bunu sızıldamaqla qarşılaması, “mən bu qədər tapşırığı necə həll edəcəyəm”,- deyərək ərköyünlük etməsi və kənardan bəzi əttökən suallarla bu məsələnin bir qədər də qabardılması və gülüş hədəfinə çevrilməsi həqiqətən ikrah hissi doğurur.

Digər videolarda oğlanlı-qışlı körpə uşaqların yatmasından tutmuş gülümsəməsinədək, süd əmməsindən geyiminin dəyişdirilməsinədək, valideynlərinin onları sevməsinədək-hər mövzuda videolarla qarşılaşmaq mümkündür.

Deməli, özümüz azmış kimi, keçdik uşaqlarımıza. Özümüz heç ey, özümüzdən ta danışmağın yeri də yoxdur. Özümüzlə bağlı videolara baxanda, ümumiyyətlə, adam özünə ölüm arzulayır ki, İlahi, nə olardı, bunları görüncə, bizi öldürərdin, bütün bu eyiblərimiz torpağın altında örtülü qalardı. Ancaq çox təəssüf ki, Allah ölümü də bəzi hallarda bizə çox görür və deyir ki, gedin, özünüzü biabır edin ki, cəhənnəmdə yerlər boş qalmasın. Biz də cənnətin də, cəhənnəmin də elə bu dünyada olduğunu fikirləşərək, “dünya beş günlükdür”,- deyib, ağlımızdan, dərrakəmizdən və əslində özümüzdən vaz keçirik.

Cəhənnəmə keçək, gora keçək. Amma uşaqlarımızdan keçməyək. Onların sosial şəbəkələrdə nə işi var? Bu məsum körpələrin, hələ dünyanın eybəcərliklərindən əsla xəbəri olmayan, gələcəkdə bizim həmin o videolarımıza baxarkən utandığından başını haraya soxacağını bilməyən bu uşaqların günahı nədir?

Nə üçün onları oyunlarımıza alət edirik? Onları bütün dünyaya nümayiş etdiririk? Nəyə lazımdır? Nə üçün o videoların çəkilməsinə sərf etdiyimiz vaxtda uşaqlarımızı təmiz havaya çıxarmırıq, parklara aparmırıq? Nə üçün həmin o dəyərsiz vaxtı dəyərləndirib onlara kitab oxumuruq? O dəqiqələri uşaqlarımızın mənalı istirahətinə çevirmirik?

Vallah, biz xəstəyik. Sözün həqiqi mənasında, bizə həkim gərəkdir. Ruhumuzu, psixologiyamızı söküb yenidən yığan, bizi özümüzə qaytaran həkimə ehtiyacımız var. Amma o həkim haradadır? Gəlin Tiktokda da, digər sosial şəbəkələrdə də o həkimləri axtaraq. Bəlkə tapa bilərik ki, bu xəstəlikdən bizi xilas edə.

İnşallah ki, taparıq. Tapmalıyıq da. Çünki hazırda bundan çox ehtiyacımız olan heç nə yoxdur.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə