Simonyan etiraf edir ki, Azərbaycan İrəvanı geri almalıdır! KÖŞƏ YAZISI

Nikol Paşinyan hökumətinə yaxınlığı ilə seçilən erməni hüquqşünası Taron Simonyan iddia edib ki, 44 günlük İkinci Qarabağ müharibəsinə son qoymuş 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı guya Ermənistan rəhbərliyinə təhdidlər altında imzaladılıb. Onun sözlərinə görə, əgər Ermənistan gələcəkdə müəyyən siyasi və diplomatik resurslarını konsolidasiya edə bilsə, onda həmin sənədin hüquqi cəhətdən mübahisəli olduğunu iddia kimi irəli sürmək mümkündür. Yəni ona görə ki, dövlət rəhbərliyi bu sənədi təhlükə altında qalmaq qorxusu ilə imzalamağa məcbur olub.

Təbii ki, batmaqda olarkən saman çöpündən yapışmağa cəhd edən rəsmi İrəvan irəli sürülən bu kimi sərsəm iddialar vasitəsi ilə indi də hüquqşünaslarına arxalanaraq növbəti oyununu qurmağa çalışır. Ancaq həmin iddia irəli sürülərkən digər faktlar nədənsə unudulur. Belə ki, 44 günlük müharibə zamanı Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə (!) Ermənistanın baş naziri Nikol Paşinyana təkliflər verib ki, əgər o erməni ordusunun işğal altındakı ərazilərdən çıxmasına razılıq verərsə, bununla bağlı qrafik təqdim edərsə, danışıqlar masasına oturarsa rəsmi Bakı dərhal hərbi əməliyyatları dayandıracaq. Ermənistan isə həmin təkliflərdən imtina etdi. Məgər bu təhdiddir?

Yaxud, sülh razılaşmasını imzalamaq, sərhədlərin delimitasiyası və demarkasiyası prosesini başlatmaq, nəqliyyat-kommunikasiya marşrutlarının hərəkət edəcəyi prinsipləri birgə müəyyənləşdirmək və həmin marşrutlardan birgə istifadə etmək təklifini irəli sürmək nə zamandan təhdid kimi qələmə verilib?

Əgər erməni tərəfi razılaşmanı imzalamaq, daha sonra isə ondan imtina etməyi mümkün hesab edirsə, burada da kökündən yanılır. Yəni Azərbaycanın erməni siyasətçilərini, hüquqşünaslarını və s. başbilənlərini susdurması üçün müxtəlif vasitələri qüvvədədir!

Qaldı ki, Simonyanın sərsəm iddialarına, bu zaman həmin şəxsə bəzi tarixi faktları da xatırlada bilərik. Misal üçün, 1918-ci ilin 29 may tarixində Azərbaycanın milli qüvvələrinin Antanta (onun tərkibinə Rusiya İmperiyası, Fransa, Böyük Britaniya daxil idi və onların müttəfiqləri qismində ABŞ, İtaliya, Rumıniya, Kanada, Avstraliya və Yeni Zellandiya çıxış edirdilər) tərəfindən ciddi təhdidlər və təhlükələr altında qaldığı bir zamanda Azərbaycanın Milli Şurası Ermənistan dövlətinin qurulması üçün əzəli və tarixi İrəvan mahalını güzəştə verməyə məcbur oldu. Əgər Taron Simonyan “təhdid”, “təhlükə” və s. ifadələrini işlədirsə, reallıqda təhdid və təhlükənin nə olduğunu bu danılmaz faktdan hasil etməlidir. Və onda erməni hüquqşünasının məntiqi ilə Antantanın qəbul etdiyi həmin sənəd dəyişdirilməlidir!

Paşinyanın Simonyan və s. kimi adamlarını ortalığa atması ilə guya hazırkı zamana qədər qəbul olunmuş qərarları öz təbirincə “ləğv etmək” istəyi isə yalnız zibil qutusuna atılacaq boş bir iddiadır. Və ən əsası – rəsmi İrəvan axır ki, anlamağa məhkumdur: qalibin statusu məğlubun statusundan çox, hətta lap çox üstündür və həmin məntiq daim qüvvədə qalıb. Yox, əgər Paşinyan həqiqətən də üçtərəfli bəyanatdan imtina etmək barədə düşünürsə, onda hazırlaşsın, güclü və qüdərli Azərbaycan zamanında onun ərazilərinə təhdid yaratmış Antanta razılaşmasını pozaraq növbəti tarixi ədalətli bərpa etməyə gəlir!

Bütün xəbərlər Facebook səhifəmizdə