Avstraliyada meyvələrə iynə sancan yeniyetmə həbs edilib

Avstraliya polisi çiyələklərə iynə sancdığını etiraf edən yeniyetməni həbs edib. Meyvələrin içərisində aşkar edilən iynələr son günlər ölkədə böyük hay-küyə səbəb olmuşdu. AZƏRTAC xəbər verir ki, Yeni Cənubi Uels ştatı polis komissarının köməkçisi Stüart Smitin bildirdiyinə görə, yeniyetmə çiyələklərə iynəni əyləncə məqsədilə taxdığını etiraf edib.

“Biz əyləncə məqsədilə bir çox oyunlardan çıxdığını, o cümlədən çiyələklərə iynə sancdığını etiraf edən yeniyetmə oğlanı tapmışıq, onunla yeniyetmələrlə işləyən polis məşğul olacaq”, - deyə S.Smit bildirib.

Çiyələkdə iynə tapılması ilə əlaqədar hadisə ilk dəfə Kvinslend ştatında qeydə alınıb. Sonrakı günlərdə digər ştatlarda da sakinlər belə hallarla qarşılaşıblar. Eyni zamanda, alıcılar alma və bananda da aşkar edilən kəskin metal cisimlər barədə məlumat veriblər. Meyvələrdəki iynələrdən xəsarət alanların dəqiq sayı barədə məlumat yoxdur. Hakimiyyət orqanları daxil olan 100-ə yaxın şikayət barədə məlumat yayıb. Bu hadisə həm alıcıların, həm də istehsalçıların narahatçılığına səbəb olub.

Kvinslendin hakimiyyət orqanlarının bildirdiyinə görə, Rusiya və Böyük Britaniyadakı bəzi tərəfdaşlar Avstraliyadan çiyələk almaqdan imtina ediblər, Yeni Zelandiya isə Avstraliya çiyələyinin bütün supermarketlərdən çıxarılacağını bəyan edib. Avstraliyanın hakimiyyət orqanları ixraca gedən çiyələyə nəzarəti gücləndirmək məqsədilə əlavə tədbirlər görüb.

Avstraliyalı siyasətçilərin əksəriyyəti və sosial şəbəkə istifadəçiləri ölkənin meyvə sənayesinin müdafiəsinə qalxıblar. Onlar alıcıları fermerləri dəstəkləməyə və meyvə almaqdan imtina etməməyə çağırıblar. Təklif olunub ki, meyvələri qəbul etməzdən əvvəl onları mütləq kəsmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə