Bakıda dünya kuboku yarışlarının ilk yoxlama-məşqi keçirilib

Fevralın 16-17-də Milli Gimnastika Arenasında təşkil olunacaq batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının ilk yoxlama-məşqi keçirilib. SİA Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, yarışın tam formatı üzrə təşkil olunan yoxlama-məşq açılış mərasimi ilə başlayıb. Daha sonra Azərbaycan təmsilçiləri ilə yanaşı, Polşa, Qazaxıstan və Gürcüstan komandalarının gimnastları proqramlarını təqdim ediblər.

Yarışın “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması gimnastların həyəcan və məsuliyyətini ikiqat artırır. Elə ona görə də turnirə qədər tam formada olmaq məqsədilə artıq bir çox ölkələrin idmançıları arenadakı təlim-məşqlərə start veriblər. Bir neçə gün sonra başlayacaq yarışda ümumilikdə 30 ölkə iştirak edəcək.

Qeyd edək ki, ötən il Sankt-Peterburqda (Rusiya) baş tutmuş batut gimnastikası üzrə dünya çempionatında 33 ölkənin təmsilçiləri mübarizə aparmışdı. Ölkələrin və titullu gimnastların sayı isə rəqabətin və kubokun statusunun yüksək olacağını indidən deməyə əsas verir.

Bütün xəbərlər Facebook səhifəmizdə