Yaponiya millisi Bakıda keçirilən DÇ-də 5-ci qızıl medalını qazanıb

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının 5-ci günündə - sentyabrın 24-də daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib. SİA-nın məlumatına görə, Yaponiya millisi Bakı çempionatında 5-ci qızıl medalını qazanıb.

Kişi cüdoçular 90, qadınlar isə 70 kiloqram çəki dərəcəsində yarışıblar. Ölkəmizi bu çəki dərəsində təmsil edən Məmmədəli Mehdiyev 1/16 finalda məğlub olaraq yarışda mübarizəni dayandırıb.

Kişilərin final qarşılaşmasında kubalı İvan Felipe Silva Morales İspaniya idmançısı Nikoloz Şerazadişvili ilə üz-üzə gəlib. Rəqibini “qızıl xal”la məğlub edən Avropa çempionatının mükafatçısı N.Şerazadişvili ilk dəfə dünya çempionu olub.

Yaponiyalı Kenta Naqasava və Fransa cüdoçusu Aksel Klerqet çempionatın bürünc medalını qazanıblar.

Qadınların mübarizəsində Fransa təmsilçisi Marie Yeva Qahieni məğlub edən yaponiyalı Çizuru Arai ikiqat dünya çempionu olub və komandasının hesabına beşinci qızıl medal yazdırıb. Kolumbiyalı üçqat dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı Yuri Alvear və Yaponiya təmsilçisi Yoko Ono turniri üçüncü pillədə başa vurublar.

Çempionatın 6-cı günündə - sentyabrın 25-də kişi cüdoçular 100, qadınlar isə 78 kiloqram çəki dərəcəsində birincilik uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək turnirdə 125 ölkədən 800-dək cüdoçu gücünü sınayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...