Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, iclası Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik daha sonra elmi-tədqiqat müəssisələrinə direktor vəzifəsini tutmaq üçün mətbuatda dərc edilən müsabiqə ilə bağlı iştirakçılara məlumat verib.

İsmayıl Hacıyev, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan Duz Muzeyinin açılış mərasimində çıxışından irəli gələn vəzifələrdən danışıb. Alim Naxçıvan şəhərinin yaranmasına bilavasitə təsir göstərən Duzdağla bağlı fundamental tədqiqatların aparılmasının vacibliyini bildirib. Bundan əlavə, bölmədə 2019-cu ildə nəzərdə tutulan beynəlxalq konfransın “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusuna həsr ediləcəyini bildirib.

İclasda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun “Gəmiqaya ətrafında arxeoloji tədqiqatlar” mövzusunda elmi məruzəsi dinlənilib. Bildirib ki, Gəmiqaya ətrafında qeydə alınan abidələr sistemli şəkildə öyrənilib, aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri elmi cəhətdən təhlil edilib, bu ərazidə yaşamış insanların həyat tərzi, məşğuliyyəti və qonşu tayfalarla mədəni-iqtisadi əlaqələri araşdırılıb.

Toğrul Xəlilov Gəmiqaya ətrafında yeni qeydə alınan Antik və Orta əsrlər dövrünə aid abidələrdən də söz açıb.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, məruzəçi tərəfindən çoxsaylı suallar cavablandırılıb.

Gündəliyə çıxarılan digər məsələ Rəyasət Heyəti üzvləri arasında vəzifə bölgüsü ilə bağlı olub. Bu barədə bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə çıxış edib. Daha sonra Təhsil və kadrlar şöbəsinin müdiri Filurə Sadiqova və Elmi-təşkilat şöbəsinin baş mütəxəssisi Rəşad Zülfüqarov qurumun elmi-tədqiqat müəssisələrində 3-4 sentyabr 2018-ci il tarixlərində aparılan yoxlamanın nəticələri ilə bağlı məlumat verib.

2018-2019-ci il üçün payız-qış mövsümünə hazırlıq sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə İşlər idarəsinin baş mütəxəssisi Abbasəli Maqsudov çıxış edib. O, qış mövsümünə hazırlıqla əlaqədar elmi-tədqiqat müəssisələrində mövcud su, qaz, işıq, istilik sistemlərinin texniki baxışdan keçirildiyini, lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Sonra “Naxçıvan tarixi qaynaqlarda” kitabının vəziyyəti haqqında Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev məlumat verib.

Sonda cari məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə