Antalyada Azərbaycan küçəsi açılır

“Azərbaycan Cümhuriyyəti 100", "Azərbaycan şəhidlərini anma” tədbirlərində iştirak etmək üçün Antalyaya səfərə gedən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Kəpəz bələdiyyə başçısı Hakan Tütünçü ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə bələdiyyə sədri millət vəkili Q.Paşayevanın, Antalya Qəzetçilər Cəmiyyəti başqanı Mövlud Yeni və Antalya Türk Ocaqları başqanı Abdullah Uysalın Kəpəzdə Azərbaycan şəhidlərinin adını daşıyan bir abidənin açılması ilə bağlı təklifini nəzərə aldıqlarını və yaxın zamanlarda Azərbaycan küçəsi və parkının açılacağını deyib.

Q.Paşayeva bildirib ki, qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət diləyib, erməni terroru barədə də geniş məlumat verib:

“İnanıram ki, biz Azərbaycan və Türkiyə olaraq, əl-ələ verib, torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpağımızda da keçirəcəyik. İki qardaş ölkə - Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunuq. Azərbaycan bölgələri ilə Kəpəz arasında da bu əlaqələrin getdikcə daha da genişlənməsi vacibdir".

Görüşdə Kəpəz bələdiyyə başçısı Hakan Tütünçü də çıxış edib və bildirib ki, Kəpəzdə Azərbaycan küçəsinin və parkının açılması, orada Azərbaycanla bərabər Türkiyə və türk dünyası üçün də böyük xidmətləri olmuş aydınların büstünün qoyulması, xatirə lövhələrinin olması və gənc nəsillərimizə onların daha geniş tanıdılması təklifləri də qısa zaman ərzində reallaşacaq: "Bələdiyyəyə rəhbərliyim dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəm, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacaq".

Tütünçü görüşün sonunda Q.Paşayevaya Türk Milli Futbol Klubunun ilk formasını hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə