Beynəlxalq Olimpiya Gününü Azərbaycan uğurları ilə qeyd edir

Azərbaycanda idman hərəkatı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başladı. Bununla da, demək olar ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən Dünya və Avropa çempionatları bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir.

Bu gün 23 iyun tarixi dünyada Beynəlxalq Olimpiya Günü kimi qeyd edilir. Bu günü bütün Azərbaycan da böyük uğurları ilə qeyd edir. Xatırladaq ki, 23 iyun baron Pyer de Kuberten tərəfindən əsası qoyulmuş Olimpiya hərəkatının işıqlı ideallarına həsr olunub. 1947-ci ildə Beynəlxalq Olimpiya Günü Stokholmda keçirilən 41-ci sessiyasında təşkilatın Çexoslovakiyadan olan üzvü doktor Qruss Dünya Olimpiya Günü bayramını keçirmək təklifi ilə çıxış edərək, hər il belə bir günün qeyd olunmasının Olimpiya ideallarının təbliğində mühüm rol oynayacağını əsaslandırıb. Onun təklif etdiyi layihə bəyənilib və BOK-un 1948-ci ilin yanvarında Sankt-Moritsdə keçirilmiş 42-ci sessiyasında Olimpiya Gününün keçirilməsi haqqında qərar qəbul olunub. Beləliklə, Birinci Olimpiya Günü 1948-ci il iyunun 23-də dünyanın 9 ölkəsində - Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olunub. Həmin gün BOK-nin prezidenti Ziqfrid Edstrom dünyanın bütün gənclərinə müraciətlə çıxış edib. Sonralar BOK prezidentinin Olimpiya Günü ərəfəsində bayram iştirakçılarına müraciət etməsi ənənə şəklini almışdır. Olimpiya Gününü daha təntənəli şəkildə və bütün Milli Olimpiya komitələrinin iştirakı ilə qeyd etmək məqsədi ilə 1987-ci ildə Olimpiya Qaçış

Günü keçirilmişdir. Azərbaycanda isə Beynəlxalq OQG ilk dəfə 1996-cı ildə keçirilmişdir.

Olimpiya oyunları dedikdə, yalnız idman yarışlarının, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuşdur. Olimpiya oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi. Olimpiya antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yol keçmiş, zəmanəmizə gəlib çatmış və bu yolda müxtəlif maneələrlə rastlaşsa da, öz əzəli mahiyyətini qoruyub-saxlamışdır. Olimpiya oyunları ümumbəşəri nüfuz sahibi olmaqla, dünya xalqlarının dərin məhəbbətini də qazanmışdır.

Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 26 il bundan əvvəl - 1992-ci ildə Milli Olimpiya Komitəsi fəaliyyət göstərməyə başladı. 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev Sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı vüsət almağa başladı. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngimədi. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanıldı. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək oldu. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olundu. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya hərəkatı tarixində ən böyük uğuru idi. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu. ABŞ-ın Soit Leyk siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak etdilər. 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya Oyunlarında, idman tariximizdə ilk dəfə olaraq, 5 medal qazandı. Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanın gənc atletləri beşi qızıl olmaqla 12 medal qazanaraq, 200-ə yaxın iştirakçı arasında 10-cu yeri tutmuşdur. Bütün bunlar Cənab İlham Əliyevin təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələridir.

Son illərdə ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzləri inşa olunub. İdmanın inkişafına geniş prizmadan yanaşılır və kompleks tədbirlər görülür. Ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi: "... yaxın gələcəkdə elə bir şəhər qalmayacaqdır ki, orada müasir, ən yüksək standartlara cavab verən Olimpiya İdman Mərkəzi olmasın. Bu mərkəzlərdə həm peşəkar idmançılar məşq edirlər, eyni zamanda, bölgə gəncləri, uşaqlar, yeniyetmələr idman bölmələrinə gələrək, öz peşəkarlığını artırırlar".

2004-cü ildə Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevə Olimpiya Hərəkatında göstərdiyi xidmətlərinə görə təşkilatın ən yüksək mükafatını - "Olimpiya Ordeni"ni təqdim etməsi, təbii ki, ölkəmizin nəzərəçarpan nailiyyətlər əldə etməsinin beynəlxalq təşkilatlar tərəfindən tanınması, eləcə də, ölkəmizin Olimpiya Hərəkatına verdiyi töhfələrə ayrılan diqqət idi.

2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 5 mart tarixinin ölkəmizdə "Bədən tərbiyəsi və idman günü" olaraq təsis edilməsi bədən tərbiyəsi və idman ictimaiyyəti arasında yüksək əhval-ruhiyyəyə səbəb oldu. Bu günün seçilmə səbəbi də təsadüfi deyildi. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev ölkədə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, sağlam həyat tərzini və idmanın inkişaf tələblərini təmin etmək məqsədilə əsaslı vəsait ayıraraq, İdman Fondunu yaratmış və beləliklə, böyük uğurların təməli qoyulmuşdu.

Bu gün MOK beynəlxalq miqyasda böyük nüfuz qazanıb, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilib. Azərbaycanda keçirilən Avropa və dünya çempionatları da buna nümunədir. Belə ki, hər il müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi Olimpiya növlərinə daxil olan idman yarışları, məhz Azərbaycanda keçirilir. Əlbəttə ki, son illərdə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi də buna imkan yaradıb. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, inkişaf etmiş ölkələrdə, adətən, idman da inkişaf edir: "Azərbaycan inkişafda olan bir dövlət kimi idman sahəsində də böyük nailiyyətlərə çata bilibdir. Dövlət siyasəti idmanın təbliği, idmanla məşğul olmaq üçün şəraitin yaradılması, maarifləndirmə, gənc nəslin yetişdirilməsi kimi mühüm sahələri əhatə edir. Onların arasında yeni idman infrastrukturunun yaradılması xüsusi yer tutur". Onu da qeyd edək ki, Birinci Olimpiya İdman Kompleksi Milli Olimpiya Komitəsi tərəfindən 2000-ci ildə Bakıda ucaldılmışdır.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə ölkəmizə Avropa Olimpiya Komitəsinin inamı idi. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi, ilk oyunların Bakıda keçirilməsi böyük nailiyyət idi. Bu cür oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərəfli olduğu qədər də məsuliyyətlidir. Əlbəttə, bu qərarı qəbul edərkən, Avropa Olimpiya Komitəsi beynəlxalq idi. İlk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növündə mübarizə apardı. Yarışlar Bakıda 21 idman obyektində keçirildi. Təbii ki, bütün bunlarla yanaşı, Azərbaycan 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Bədii Gimnastika üzrə Dünya Kuboku, "Formula-1" kimi mötəbər yarışlara uğurla ev sahibliyi etdi və özünü dünyada idman ölkəsi olaraq tanıda bildi. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu. Azərbaycan 75 qızıl medalla birinci yeri qazandı. İdman arenalarında Azərbaycanın Dövlət Himninin 75 dəfə səslənməsi, təbii ki, böyük qürurdur.

Ölkə Prezidenti İlham Əliyevin hər bir idmançı və məşqçinin MOK, Gənclər və İdman Nazirliyi tərəfindən təqaüdlərlə təmin etməsi də ölkəmiz də Olimpiya Hərəkatına müsbət təsir edən amillər sırasındadır. MOK Azərbaycanda idmanın və Respublika Olimpiya Hərəkatının inkişafına xüsusi qayğı göstərir.

İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, mən Milli Olimpiya Komitəsinin Prezidenti və ölkə Prezidenti kimi çox istəyirəm ki, Azərbaycanda idmanla məşğulolma prosesi kütləvi xarakter alsın:"Artıq kütləvilik artır, ancaq istənilən səviyyədə deyildir. Hər bir vətəndaş, hər bir gənc mütləq idmanla məşğul olmalıdır. Çünki ilk növbədə, idman sağlamlıq və sağlam həyat tərzi deməkdir. İdmançıların mütləq əksəriyyəti yüksək insani keyfiyyətlərə malikdir. Eyni zamanda, idman mədəniyyətdir və idmanla məşğul olan insan özünü rahat, çox əmin hiss edir. Biz çalışmalıyıq ki, sağlam gənclər yetişsin. Sağlamlıq məsələlərinin həllində idmanın çox böyük rolu vardır".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə