Türkiyədə Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Azərbaycanın Qarsdakı baş konsulluğunun və Türkiyənin Qars vilayətinin Ağyaxa rayonu icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Anadolu liseyində “Xocalıya Ədalət!” mövzusunda anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Arpaçay və Ağyaxa rayonlarının icra hakimiyyətlərinin başçısı Abdil Qoç, Ağyaxa bələdiyyəsinin sədri Muhammed Toptaş, Ağyaxa tabor komandanı Cem Yay, Ağyaxa Jandarma bölük komandiri Serkan Erbaş, rayon Təhsil İdarəsinin müdiri Rıfkı Yağcı, Ədalət və İnkişaf Partiyasının Ağyaxa rayonu üzrə sədri Mustafa Bulut və digər rəsmi şəxslər, o cümlədən bölgə ictimaiyyətinin nüfuzlu nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Sonra Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Xocalı soyqırımının səbəb və nəticələri ilə bağlı çıxış edib. Xocalı soyqırımının tanınması ilə bağlı görülən işlərdən danışan baş konsul təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin Azərbaycanda doğurduğu acı nəticələrindən danışıb. Qeyd edib ki, terroru dəstəkləmək və ondan bəhrələnmək Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir. Mərasim bədii proqramla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə