Naxçıvanda daha bir uğurlu xidmət

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ötən ay 113 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilib, məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 36 müraciət operativ icra olunub.

Komitənin mətbuat xidmətindən bildirilib ki, yerli istehsal məhsullarının yüksək keyfiyyətinin qorunması məqsədilə 12 qida istehsalı müəssisəsinə aylıq dövrlər üzrə maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunan çatışmazlıqlar aradan qaldırılıb. Təsərrüfat subyektlərindən götürülmüş məhsul nümunələrinin 107 halda laboratoriya analizləri aparılıb və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilib. Bundan başqa, meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması tədbirinin icrası istiqamətində məhsulların 10 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılıb, 2 anbardan, 3 istixanadan və 4 satış obyektindən götürülmüş məhsulların 11 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyənləşdirilib.

Muxtar respublikada fəaliyyətdə olan sahibkarlar üçün “Keyfiyyəti idarəetmə sisteminin əsas prinsipləri” mövzusunda seminar keçirilib, standartların norma və prinsipləri izah olunub.

Əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət artırılıb, natamam tibbi müayinədən keçmiş 61 işçi tam tibbi müayinədən keçirilib. Komissiya tərəfindən 19 təsərrüfat subyektində 56 nəfər obliqat qrup işçilərdən qan nümunələri götürülüb və müvafiq tibbi nəzarət təmin olunub. Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 5 məktəbin bufetində, 1 təhsil müəssisəsinin və 8 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 4 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılıb və aşkar olunan bir sıra nöqsanlar yerində aradan qaldırılıb.

Xarici bazarlara çıxış imkanına malik məhsulların ixracının dəstəklənməsi çərçivəsində müvafiq işçi qrupu müəssisələrdə olub və istehsal olunan məhsulların ixrac ediləcək ölkələrə uyğun markalanması və beynəlxalq idarəetmə standartlarının tətbiqi ilə bağlı tədbirlər görülüb. Həmçinin ay ərzində metroloji norma və qaydalara uyğun olaraq 755 ölçmə vasitəsi yoxlanılıb. İdxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət aparılıb. Muxtar respublikada istehsal olunan məhsulların markalanmasına nəzarət məqsədilə 10 istehsal müəssisəsində maarifləndirmə xarakterli monitorinq həyata keçirilib.

Yanvar ayında, ümumilikdə, standartların tələblərinə uyğun olmayan 999 manat dəyərində yararlılıq müddəti bitən, keyfiyyətsiz, kontrafakt məhsul satışdan çıxarılıb. Ailə təsərrüfatlarında istehsal olunan məhsulların markalanmasına kömək göstərilməsi üçün 1992 etiket hazırlanaraq ailə təsərrüfatlarına çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə