Azərbaycan səfiri Tacikistanın Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin Ali Məhkəməsinin sədri Şermuxammad Şohiyen ilə görüşüb.

AZƏRTAC-ın məlumatında deyilir ki, görüşdə Abbasəli Həsənov Azərbaycan-Tacikistan əlaqələrinin genişləndiyini qeyd edib. Respublikamızda məhkəmə-hüquq sahəsində aparılan islahatlar, bu işlərin Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində öz əksini tapması haqqında məlumat verən səfir vurğulayıb ki, Azərbaycanın məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından geniş istifadə edilir.

A.Həsənov Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emomali Rahmon arasında mövcud olan dostluq münasibətlərinin ölkələrimiz arasında siyasi, iqtisadi, elmi və mədəni sahələrdə sıx əlaqələrin yaranmasında və inkişaf etdirilməsində mühüm rol oynadığını, münasibətlərin gələcək inkişafının istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə bir sıra tədbirlərin keçirildiyi vurğulanıb, iqtisadi əlaqələrin bir sıra sahələrində qarşılıqlı əməkdaşlıq üçün razılaşmaların əldə edildiyi bildirilib. Söhbət zamanı tərəflər iqtisadi-ticari, elmi-mədəni əlaqələrin dinamik inkişafını məmnunluqla qeyd ediblər. Bildirilib ki, Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının fəaliyyəti ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verib. Qeyd edilib ki, Komissiyanın 4-cü iclası bu ilin iyul ayında Bakıda baş tutub.

Ş.Şohiyen Tacikistanın Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərdiyini bildirib, qarşılıqlı əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu münasibətlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini yüksək dəyərləndirən Ali Məhkəmə sədri Tacikistanın və Azərbaycanın dövlət başçılarının əməkdaşlığın inkişafına və dostluq münasibətlərinə xüsusi önəm verdiklərini diqqətə çatdırıb, hər iki ölkə səfirlərinin fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə hüquqi dövlət quruculuğu sahəsində görülən tədbirlər və məhkəmə hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə