Gənc əsgərlər vətənə sədaqət andı içib NAXÇIVANDA

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.

Naxcivantv.az xəbər verir ki, ilk olaraq gənc əsgərlərin andiçmə mərasiminə hazırlıqları ilə bağlı məruzə edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra hərbi andiçmə mərasimi açıq elan edilib.

Hərbi andı qəbul edən əsgərlər Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına söz veriblər.

Əsgərlər hərbi andı qəbul etdikdən sonra Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin təbriki şəxsi heyətə çatdırılıb.

Daha sonra zabitlər, əsgərlər, valideynlər və digər çıxış edənlər hərbi andı qəbul edən əsgərləri təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.

Çıxışların ardından şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.

Kənan Cəlilov

NTV Xəbər

Bütün xəbərlər Facebook səhifəmizdə