Ermənilərin 24 aprel uydurması TƏHLİL

Terrorçu, separatçı bir toplum, erməni deyilən bir bəla törətdiyi saysız-hesabsız vəhşiliklərin fonunda bütün dünyaya əzildiyini, qırıldığını bəyan etmək arzusunda və iddiasındadır. Ən dəhşətlisi isə odur ki, türk milli mənsubiyyətinə qarşı nifrət və intiqam hissi ilə alışıb yanan, hər imkan düşdükdə məhz türk millətinə mənsub olanları amansızcasına qətl edən, yəni soyqırımlar törədənlərin özlərinin söyqırıma məruz qalması nağıllarına züy tütanlar da tapılır.

Qondarma erməni soyqırımı dedikdə, Birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddia nəzərdə tutulur. Türkiyə tərəfi bütün bunların erməni-türk qarşıdurması olduğunu, insan tələfatının müharibə səbəbindən olduğunu dəfələrlə bəyan edib. Bəyan edilib ki, bu erməni əsillilərin tələfatı müharibə zamanı baş verib və buna soyqırım adı vermək olmaz və mümkün də deyil. Onu da nəzərə almaq lazımdır ki, bu müharibədə həyatını itirən təkcə erməni əsillilər deyildi və kifayət qədər türk əsgəri də həyatını itirib. Sual oluna bilər ki, hər iki tərəfin itkisi olduğu halda niyə bu tələfat ermənilərin soyqırımı adını almalıdır?

Osmanlı hakimiyyəti soyqırım siyasəti həyata keçirməyib və öz dövlətçiliyini, millətini, öz haqqını müdafiə edib

Tarixə ekskursiya etsək görərik ki, 1915-ci il baş verən hadisələr heç də qəflətən meydana gəlməyib. Erməni əsillilərin 1890-cı ildən başlayan üsyanına düz 25 ildən sonra reaksiya verilib. Etiraf etmək lazımdır ki, azğınlaşmış, ipə-sapa yatmayan erməni terrorçularının qeyd olunan müddət ərzində törətdiyi əməllərə qarşı nəhayət ki, 1915-ci ildə Osmanlı hakimiyyəti radikal qərarlar qəbul etmək məcburiyyətində qalıb. İndi bu məcburiyyətə soyqırım siyasəti demək absurddur və soyqırım ifadəsinə şərik olmaq belə ədalətli yanaşma hesab oluna bilməz.
Əvvəlcədən düşünülmüş və təşkilatlanmış ermənilər gücləndikcə Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə üsyanlar etməyə başlamışdılar və bu təbii hala çevrilirdi. İlk üsyan Ərzurumda 1890-cı ildə gerçəkləşdi. Ardınca Van, Sason, Adana üsyanları bir-birinin ardınca təşkil olunurdu. Azğınlaşmış ermənilər bu üsyanlarla da kifayətlənmədilər və hədsizlikləri o həddə çatdı ki, 1905-ci ildə Osmanlı sultanına suiqəsd cəhdi belə etdilər. Uğursuzluqla nəticələnən bu sui qəsdin ardınca mülki şəxslərə qarşı amansızlıq etmələri isə erməni simasını ortaya qoyur və ciddi tədbirlər görülməsini tələb edirdi.
Nə etməli idi Osmalı imperiyası? Gözləməli idi ki, sultana qarşı nə vaxtsa bir də sui qəsd hazırlansın? Yaxud, sui qəsd səbəbindən sultanın qətl ediləcəyi günü gözləməli idi Osmanlı hakimiyyəti? Bəlkə, mülki şəxslərinə qarşı amansızlıq etmələrinə göz yummalı idi? Yoxsa qos-qoca Osmanlı ermənilərin ayaqları altına atılmalı, əsrlər boyu qorunub saxlanan, dünyaca şöhrəti olan bir türk dövləti ermənilərə hədiyyə olunmalı, bir neçə azğın terrorçuya, separatçıya bağışlanmalı idi? Tarixi faktlar təsdiq edir ki, Osmanlı hakimiyyəti soyqırım siyasəti həyata keçirməyib və öz dövlətçiliyini, millətini, öz haqqını müdafiə edib.

Aclıqdan, xəstəlikdən insanların həyatdan məhrum olması, hətta kütləvi şəkildə qırılması soyqırım yox, tələfatdır

Əslində, ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü yalnız 2345 erməni lider həbs edilib. Bu erməni liderlər kəndlərə soxularaq, hücum edərək silahsız əhalini, mülki insanları amansızlıqla qətlə yetirən, daha doğrusu qırğınlar törədən cinayətkarlar idilər. Belə cinayətkarların həbs edilməsində qeyri-qanuni, normadan kənar bir məqam varmı ki, ya ermənilər, ya da onların yalanlarına uyanlar bunu bayraq ediblər? Cinayətkarların cəzalandırılması nə vaxtdan soyqırımı adlanır və bu erməni yalanına dəstək olmaq istəyənlər bunu hansı məntiqlə əsaslandıra bilərlər?
Birinci dünya müharibəsi ərəfəsində, gerçəkləşən üsyanların fonunda ruslara qoşulan ermənilər türklərə qarşı savaşırdılar. Belə olan halda Osmanlı Dövləti qeyd olunan həbslərin ardınca 27 may 2015-ci il tarixində “Köç” qərarı qəbul etdi. Bu qərara əsasən Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə dağıdılması nəzərdə tutulurdu. Məsələ burasındadır ki, hadisələrin gedişi heç də nəzərdə tutulduğu kimi olmadı və hər şey fərqli cərəyan etməyə başladı. Köç karvanlarına hücumlar edildiyi səbəbindən ölən ermənilər oldu. Hətta yollarda aclıqdan və xəstəlikdən qırılanlar da kifayət qədər idi. Nəticədə, yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə çatdırıla və yerləşdirilə bildi.
Göründüyü kimi, ermənilərin uydurduğu nə 24 aprel tarixi, nə də bundan sonrakı hadisələrdə soyqırımı olmayıb. Bəli, 24 apreldən sonrakı hadisələrdə, yəni köç zamanı tələfat olub. Amma bu, ermənilərin uydurduğu soyqırımı demək deyil. Aclıqdan, xəstəlikdən insanların həyatdan məhrum olması, hətta kütləvi şəkildə qırılması soyqırım yox, tələfatdır.

Müharibə zamanı, doyüş əsnasında verilən itgilərə, baş verən qırğına soyqırım deyilmir və bu soyqırım sayıla bilməz

Bəzi ermənipərəstlər bəlkə də başa düşə bilmirlər ki, soyqırım nədir, necədir və nə zaman baş verir. Amma ermənilər tam şəkildə bilirlər ki, qondardıqları soyqırım deyil, eləcə qondarmadır. Yaxşı başa düşürlər ki, bu ermənilərin 24 aprel uydurmasıdır.
Nəzərə çatdırmaq yerinə düşərdi ki, BMT-nin Soyqırıma dair 1948-ci il, dekabr tarixli Konvensiyasının ikinci maddəsinə görə soyqırım, “milli, etnik, irqi və ya dini qrupun qismən və ya tam məhv edilməsidir. Yəni, eynən ermənilərin özlərinin etdikləri kimi, türk milli mənsubiyyətinə malik olanları, müsəlman əhalini qırması əsl soyqırım hesab olunur ki, bunu BMT-nin 1948-ci il, dekabr tarixli Konvensiyası təsdiqləyir. Konvensiyanın qeyd olunan ikinci maddəsinə görə ermənilərin isə soyqırıma məruz qalmamaları isbatlanır.
Digər tərəfdən Türkiyə tərəfi bildirir ki, müharibənin zorakılıqlarında çoxlu sayda müsəlman türk də həlak olub. Deməli, ermənilərlə yanaşı türklər də itgi veriblər. O zaman nəyə görə türklər deyil, yalnız ermənilər soyqırım deyə hay-küy qoparmalıdır? Təbii ki, həyasızlıq prizmasından baxdıqda bunun belə də olacağını təxmin etmək mümkündür. Lakin, məntiqi reallığa görə isə tamamilə yanlışdır. Birmənalı şəkildə qəbul olunur ki, müharibə zamanı, doyüş əsnasında verilən itgilərə, baş verən qırğına soyqırım deyilmir və bu soyqırım sayıla bilməz. Bu itgiləri, müharibə, döyüş zamanı, aclıq və xəstəlik səbəbindən insan tələfatını soyqırım adlandırmaq üçün erməni xislətinə sahib olmaq gərəkir.

Əsl həqiqət odur ki, rus qoşunlarının geri çəkilməsi zamanı onların silah-sursatını ələ keçirən ermənilər özləri türklərə qarşı soyqırım törətdilər

Yenə də tarixə ekskursiya etsək görərik ki, Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən müxtəlif planlar cızırdılar. Belə planların cızıldığı bir zamanda ermənilərin xəyanətkar olmalarından, satqınlığından, şəraitə uyğun olaraq dinlərini və məzhəblərini dəyişmək xislətindən həmin dövlətlərin məharətlə istifadə etmək missiyasını başa düşmək çətin də deyil. Fransızların erməniləri katolik, rusların pravoslav, ingilislərin isə protestant kilsəsinin himayəsinə girməyə çağırışları da əbəs yerə deyildi. Kimin daha çox pul verməsindən asılı olaraq həmin istiqamtə meyillənməkləri də tarixi faktdır. Bu gün də erməni xislətində pul, vəsait müqabilində belə satılmağı normal hesab etmək prioritet hesab olunur və son hadisələrdə Ermənistanın gah Qərbə, gah da Rusiyaya tərəf qaçması bunun əyani sübutudur.
Tarixi faktlar təsdiq edir ki, Rusların hücumundan ruhlanan Türkiyə erməniləri indi “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolunun Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas kimi 6 vilayətində müstəqil dövlət qurmaq üçün hər yerdə türkləri qırıb məhv etməyə başlayırdılar. 1915-ci il mayın 14-də rus ordusu Van şəhərini ələ keçirdikdən sonra ermənilər 2 gün ərzində yerli müsəlman əhalisini kütləvi surətdə qırdı. Əsl, həqiqi fakt odur ki, istər Şərqi Anadolunun ruslar tərəfindən işğalı dövründə, istərsə də 1917-ci il inqilabından sonra rus qoşunlarının geri çəkilməsi zamanı onların silah-sursatını ələ keçirən ermənilər türklərə qarşı sözün həqiqi mənasında soyqırım törətdilər.
Sovet hökumətinin 1917-ci il dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etməsi belə erməlilərin qondardıqları soyqırımı təkzib edir. Çünki, Türkiyədə ermənilərə qarşı etnik təmizləmə siyasəti həyata keçirilmiş olsaydı Sovet hökumətinin belə bir dekret verməsi gülünc olardı. Üstəlik digər fakt ondan ibarətdir ki, ermənilər bu dekretdən ruhlanaraq, Türkiyə ərazisində dövlət yaratmaq məqsədi ilə 1918-1920-ci illərdə Ərzurumdan tutmuş, İrəvan quberniyası da daxil olmaqla böyük bir ərazidə türklərə qarşı soyqırım həyata keçirdilər. Təbii ki, türk ordusu həmin əraziləri erməni silahlı qüvvələrindən təmizləmək məcburiyyətində qalır və bu məqsədlə əks hücuma keçir.

Ermənilərin soyqırımı yalanını uzatmalarında məqsədləri maddi təzminat qoparmaq və ərazi iddiası irəli sürməkdən ibarətdir

Məlumdur ki, “soyqırım” (yaxud “genosid”) beynəlxalq hüquq termini kimi 1944-cü ildən işlənir və ilk dəfə Hitler rejiminin yəhudilərə qarşı törətdiyi kütləvi qırğınlar soyqırım adlandırılıb. Deməli, həmin vaxtda, yəni əsrin əvvəllərində belə bir termin ola da bilməzdi. Bəs onda uydurma erməni soyqırımı ideyasının müəllifləri kimlərdir və bu cəfəngiyyatın başlama tarixi nə vaxta təsadüf edir?
Osmanlı imperiyasının parçalanmasında maraqlı olan ABŞ-ın prezidenti Vudro Vilsonun H.Morqentaunu səfir təyin edərkən, “Tezliklə ondan əsər-əlamət qalmayacaq ki, onu Türkiyə adlandırmaq mümkün olsun” ifadəsi bu məsələyə də yetərincə aydınlıq gətirir. Faktlar isə təsdiq edir ki, səfir Morqentau İstanbula gələn kimi erməni liderləri və komitəçiləri ilə əlaqə quraraq, erməni komitəçilərindən Arşak Şmavonyanı özünün birinci köməkçisi və tərcüməçisi, Hakop Andonyanı isə katib təyin edərək, onları silahlı mübarizə aparmağa şirnikləndirir. H.Morqentau ABŞ-a qayıtdıqdan sonra uydurma materiallar əsasında "Səfir Morqentaunun xatirələri" adlı kitab dərc etdirir. Həmin kitabda 600 mindən 1 milyonadək erməninin məhv edildiyini iddia edən səfir ermənilərin indi istifadə etmək istədikləri qondarma da olsa bir soyqırım ifadəsini ortaya atır. Təbii ki, indi də ermənilərin uydurma erməni soyqırımı yalanını uzatmalarında məqsəd müasir Türkiyə Cümhuriyyətini günahkar göstərmək üçün hüquqi əsas əldə etməkdən, ondan maddi təzminat qoparmağa nail olmaqdan, ona qarşı ərazi iddiası irəli sürməkdən ibarətdir.
Çox təəssüf ki, ikili standartlar dünyasında Türkiyənin haqq səsi deyil, ermənilərin yalanları daha çox ayaq açıb yeriyir. Avropanın bəzi “demokratik” quruluşlarında və dövlətlərində erməni iftiraları həqiqət, türklərin həqiqəti isə cinayət hesab edilir. Uzun müddət “erməni məsələsi”nin mahiyyətini və soyqırım problemini araşdıran Stenford Şou, Bernard Levis, Xit Louri, Castin Makkarti, Günter Levi, Samyuel Uimz kimi məhşur tədqiqatçılar isə öz əsərlərində belə nəticəyə gəliblər ki, Türkiyə ərazisində heç vaxt ermənilərə qarşı qırğınlar törədilməyib. Əksinə, ermənilər özləri türklərə qarşı qırğınlar törədiblər. Tədqiqatçılar açıq şəkildə təsdiq ediblər ki, ermənilərin itkilərinin səbəbi müharibə illərində onların türklərə qarşı əks cəbhələrdə yer almaları olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə