Qaradağ rayonunda 2 Fevral gənclər günü qeyd edilib FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Gənclər Birliyi, Qaradağ Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral gənclər günü qeyd edilib. SİA-nın verdiyi məlumata görə, toplantıdan əvvəl tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbiri giriş nitqi ilə rayon gənclər idman idarəsinin rəisi Elçin Abbasov açıb. Bildirib ki, Azərbaycanda gənclər siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Sevindirici hal ondan ibarətdir ki, bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Cənab Prezident il ərzində bir neçə dəfə gənclərlə görüşüb onlarla səmimi fikir mübadiləsi aparmışdır. Ölkəmizdə gənclər siyasətini həyata keçirmək üçün Gənclər və İdman Nazirliyi mövcuddur. Ötən dövr ərzində nazirlik kifayət qədər samballı fəaliyyət göstərmişdir. Bundan başqa Azərbaycan Prezidenti yanında Gənclər Fondu da dövlət gənclər siyasətinin həyata keçirilməsində olduqca böyük rola malikdir".

YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxışında qeyd edib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir: "Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə bir sıra dövlət proqramları təsdiq edib ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin edir. Həmin sənədlərdə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapıb. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyir. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir".

YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov bildirib ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir: "Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Yaxın tarixi keçmişimizdə - Sovet dönəmində bu quruluşa xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı".

Rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova qeyd edib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir: "Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir".

Sonda gənclər icra hakimiyyəti başçısının fəxri fərmanı və hədiyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...