Alternativ AXCP yenə dilləndi – partiya Əli Kərimlinin deyil İDDİA

Partiya funksioneri: “Onun müəyyən qurumlar və media tərəfindən “AXCP sədri” kimi təqdim edilməsi doğru deyil”

2015-ci ildə AXCP növbəti dəfə parçalandıqdan - yəni Əli Kərimlinin müavini Razi Nurullayevin partiyada avtoritar idarəçilik, özbaşınalıq və rəhbərliyin şəxsi mənfəətlər güdməsi ətrafındakı ittihamlarının ardınca verdiyi istefasından sonra bu siyasi təşkilatın adına iddialı olduğunu bəyan etdi. Hətta həmin ilin 18 oktyabrında R.Nurullayevin tərəfinə keçmiş cəbhəçilər etimad qurultayı keçirərək partiyanı yenidən formalaşdırıldığını bəyan etdilər.

Hər iki tərəf qurultayda qəbul olunmuş sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etsə də...

Lakin maraqlısı budur ki, həmin il azlıqda qalan Ə.Kərimli tərəfdarları da qurultay keçirdilər və etirazlara baxmayaraq, o saxta yollarla özünü yenidən sədr seçdirdi. Xatırlatmaq yerinə düşərdi ki, hətta Kərimli cinahında namizədliklərini irəli sürənlər belə, sonradan buna etiraz edərək, ya özləri AXCP sıralarını tərk etdilər, ya da təşkilat sıralarından qovuldular.

Bütün bunlardan sonra cərəyan edən hadisələr fonunda R.Nurulayevin alternativ AXCP-yə sədr seçilməsi təşkilat ətrafında növbəti problemləri üzə çıxardı. Misal üçün, hər iki tərəf qurultayda qəbul olunmuş sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edib. Amma nazirlik bir partiya adına iki iddiaçı olduğu üçün heç bir tərəfi rəsmi olaraq qeydiyyata almayıb. Yəni, bu gün nə Razi Nurullayev, nə də Əli Kərimli Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq AXCP sədri kimi tanınır.

Vüsal Qarayev: “Ümumiyyətlə, bu, qeyri-ciddidir. Anlamaq mümkün deyil”

Lakin sözügedən məsələnin daha bir tərəfi R.Nurullayev tərəfdarlarının mətbuatda və s. hallarda AXCP-nin sədri kimi Ə.Kərimlinin adının göstərilməsi olub. Hətta bununla bağlı alternativ AXCP-nin funksioneri Vüsal Qarayev mətbuata açıqlamasında deyib ki, Əli Kərimlinin müəyyən qurumlar və media tərəfindən “AXCP sədri” kimi təqdim edilməsi doğru deyil: “Ümumiyyətlə, bu, qeyri-ciddidir. Anlamaq mümkün deyil”, bildirən R.Nurullayevin tərəfdarı həmçinin bildirib ki, noyabrın 17-də Milli Dirçəlik Günündən istifadə edərək, küçəyə çıxıb icazəsiz aksiya keçirməyə cəhd edən Ə.Kərimlini AXCP sədri kimi təqdim etmək doğru deyil. Bu baxımdan, “hələ ki, heç bir tərəfi rəsmən AXCP kimi qeydiyyata almayıb”, deyə xatırladan V.Qarayev mübahisəli işin hələ də məhkəmədə olması və yekun qərarın verilmədiyini də deyib.

Nəticə olaraq, hələ də mübahisə çərçivəsindən çıxmayan bu məsələdə tərəflərin hər biri AXCP adına iddialı olduqlarını bəyan edirlər və bu iddialar məhz məhkəmənin qərarından sonra tam şəkildə aydınlaşacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə