Qabil Hüseynli: “Koçaryanın partiya yaratmaq istəyi təəccüblü görünməməlidir” ŞƏRH

Məlum olduğu kimi, Ermənistanın ikinci prezidenti, həbsdən azad edilmiş Robert Koçaryan artıq bəyan edibdir ki, siyasətə qayıdır və sona qədər öz mövqeyini qoruyacaqdır. O, hətta hakimiyyətə gəlmək istiqamətində addımlar atacağını da istisna etməyib. Ümumiyyətlə, Koçaryanın bu iddialarının Paşinyan hakimiyyətini devirə bilməsi barədə də erməni ictimaiyyətində söhbətlər gəzməkdədir.

Mövzu ilə bağlı SİA-ya açıqlama verən politoloq Qabil Hüseynliyə görə, R.Koçaryanın üzərindən hələ ki, cinayət ittihamları tam olaraq götürülməyib: “Sadəcə olaraq, o Rusiyanın təkidi ilə həbsdən azad edilib. Amma istintaq prosesi şahidlərin dindirilməsi həm də belə deməyə əsas verir ki, Koçaryanla bağlı cinayət işinin dərinləşdirilməsi prosesi davam etməkdədir. Üstəlik Serj Sarkisyan da bu məsələ ilə bağlı istintaqa çağırılıb. İndi Koçaryanın siyasi fəaliyyətə qayıtmaq istəyi və partiya yaratmaq istəyi təəccüblü görünməməlidir. Çünki indiyə qədər ona belə bir göstəriş verilməmişdi”.

Politoloqa görə, hətta o “Qazprom”da işlədiyi müddətdə, yəni S.Sarkisyanla münasibətləri soyuq olduğu vaxta da partiya yaratmaq niyyətində olsa da, Rusiya tərəfindən buna əngəllər yaradılmışdı: “İndi isə həmin əngəllər götürülür və üstəlik, partiya yaratmaq imkanları da var. O. bu vasitə ilə Qarabağ kklanından maksimum yararlanaraq, oliqarxları da özünə cəlb edib, Paşinyan hakimiyyətinə qarşı yönəldəcək”.

Q.Hüseynli hesab edir ki, Koçaryan müxalifət bloku yaradıb, Paşinyanın anti-Rusiya xarakterli siyasətinə qarşı çıxacaq və lazım gələrsə, Rusiya da ona bu məsələdə açıq, ya da gizli şəkildə yardım göstərəcək: “O, bu vasitə ilə Ermənistanda qərbyönümlü siyasəti bloklamağı düşünür. Lazım gələrsə, Paşinyanın hakimiyyətdən devrilməsi istiqamətində də addımlar atıla bilər. Hazırda Rusiya Paşinyanla bağlı bəzi taktiki gedişlər hazırlayıb. Bu taktiki gedişlər içində həm Sarkiysanın siyasi fəaliyyətinin canlandırılması, həm onun parlamentdəki fraksiyasının fəallaşdırılması, həm də Koçariyanın yeni partiya yaratmaqla siyasi müxalifət düşərgəsinin toparlamnasına kömək edilməsi kimi planlar birincilik təşkil edir”.

“Bu toparlanma ilə çox şeyə nail olmaq olar”, deyə politoloq Robert Koçaryanın yeni güc olaraq, Ermənistandakı proseslərə təsir göstərə biləcəyi ehtimalını istisna etməyib.

Gülyanə AĞAKƏRİMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə