YAP - Qələbə və Zəfərlər Partiyası!

Muxtar Nağıyev, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədrinin birinci müavini

Artıq Yeni Azərbaycan Partiyası 24-cü ildönümünü qeyd etməkdədir və bu tarix ölkəmizin inkişaf, tərəqqi səhifəsində önəmli yer tutmaqdadır. Çünki YAP zamanın tələbi, xalqın istəyi ilə yaradılmış bir siyasi təşkilat olaraq, istər regionda, istərsə də beynəlxalq aləmdə öz sözünü demiş qüdrətli siyasi qüvvədir. Hələ müstəqilliyin ilk illərində Azərbaycanın başına gələn ağır bəlaların, o cümlədən, torpaqlarımızın Ermənistan tərəfindən işğalı, hətta dövlət müstəqilliyinin uçuruma çatdırılması o vaxt hakimiyyətdə olan səriştəsiz rəhbərlərin, AXC-Müsavat "liderlərinin" ölkənin, xalqın taleyinə biganəliyi, səriştəsiz fəaliyyətlərinin məntiqi nəticəsi idi.

Xalq belə vəziyyətdən yeganə çıxış yolunu görkəmli siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Ulu öndər Heydər Əliyev xalqın tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq, növbəti dəfə Azərbaycanın xilasında müstəsna yerini tutdu. Məhz bununla Azərbaycan dövləti, xalqı müstəqilliyini itirmək kimi böyük bir təhlükədən xilas oldu. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasının Ulu Öndər üçün nə qədər əziz, önəmli olduğunu 1992-ci ilin oktyabrında 91 nəfər Azərbaycan ziyalısının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətinə cavabında aydın görürük: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir". Dahi şəxsiyyət müraciətə tarixi cavabında həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurətdən doğan addım kimi dəyərləndirərək, bu inamı ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

24 illik şərəfli yol da məhz bu fikirlərin təsdiqidir.

Bu gün milyonların dəstəklədiyi və arxasınca inamla addımladığı Yeni Azərbaycan Partiyası illərin sınağından cəsarətlə çıxaraq, mətinləşərək və qüdrəti ilə fərqlənərək qarşıya qoyulan məqsəd və amal uğrunda inamla mübarizə aparır. 1992-ci ildə, o dövrdəki səbatsız hakimiyyətin təsir və təzyiqlərinə baxmayaraq, yaranan və xalqı ətrafına toplayaraq ümumxalq partiyasına çevrilən YAP eyni zamanda ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədi. Ulu Öndər Heydər Əliyev partiyanın yaradılmasının 5-ci ildönümünə həsr edilmiş toplantıda bildirmişdir: "Yeni Azərbaycan Partiyası yaranandan onun ən üstün, müsbət cəhəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının amalı, məqsədləri, qəbul etdiyi proqram müstəqil Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, Azərbaycanda demokratik prinsipləri bərqərar etmək, Azərbaycanı dünya iqtisadiyyatına bağlamaq, Azərbaycanda iqtisadi-siyasi islahatlar həyata keçirmək və Azərbaycanı inkişaf etdirmək olubdur".

Bir sözlə, müasir Azərbaycanın varlığı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyev heç bir məsuliyyətdən çəkinməyərək xalqı öz ətrafında sıx birləşdirən partiyanın lideri kimi, bütün üzvləri də milli məfkurənin, təfəkkürün formalaşması, suverenliyin əbədiliyi naminə qətiyyət göstərdi. Sağlam düşüncəli insanların bu partiya ətrafında sıx birləşmələri ölkəni ağır vəziyyətə salan AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyətinə tutarlı cavab oldu. Qüdrətli təşkilat, iqtidar partiyası kimi ictimai rəyin formalaşmasında böyük xidmətləri olan YAP ölkədə milli birlik və həmrəyliyin yaranmasında aparıcı siyasi qüvvə kimi liderliyini əməli fəaliyyəti ilə doğruldur. 1991-1993-cü illərdə Azərbaycanı məhvə aparan, mənfi istiqamətlərdə cərəyan edən proseslər ölkənin parçalanmasına yönəlmişdi. Xalqın mənafeyinə, dövlətçiliyin möhkəmlənməsinə, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən YAP fəaliyyətində xalqın bu inamını əsas götürdü: Azərbaycanda güclü dövlət yaratmalı, insanların həyat səviyyəsi yüksəlməli, sabitlik, inkişaf davamlı prinsip kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməlidir.

Ən çətin dövrlərdə yeganə ümid yeri kimi Heydər Əliyevin hakimiyyətə qayıdışını nicat yolu seçən xalq sonrakı dövrlərdə yanılmadığını ulu öndərin ideyasını davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətini dəstəkləməklə bildirdi. Prezident İlham Əliyev YAP fəalları ilə görüşündə bildirmişdir: "Bu gün biz inkişaf dövrünü yaşayırıq... Heydər Əliyev siyasəti yaşayır, davam etdirilir. Ulu Öndər tərəfindən qoyulmuş siyasi xətt dəyişməz olaraq qalır və bu, Azərbaycanı müasir dövlətə çevirir. Müasir, güclü iqtisadiyyata malik olan, əməkdaşlığa hazır olan, öz mövqelərini möhkəmləndirən ölkəyə çevirir. Bizim işimiz ondan ibarət olmalıdır ki, hər bir sahədə bu inkişafı daha da gücləndirək, iqtisadi islahatların, siyasi islahatların aparılmasına daha da yaxından kömək göstərək".

Bu gün Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı, iştirakçısı, müəllifidir. Eyni zamanda, ölkəmiz təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınır və nüfuz qazanır. Təbii ki, bu fəaliyyətdə YAP-ın özəl yeri və rolu mövddur.

Cənab İlham Əliyev həmçinin bir məqamı da xüsusi qeyd edir ki, əlaqələr qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və dostluq əsasında qurulmalıdır. Tolerant, sivilizasiyalararası dialoq məkanı kimi tanınan Azərbaycana marağın artması ölkəmizin dəstəklənən beynəlxalq mövqelərini möhkəmləndirir. Qloballaşan dünyada sivilizasiyalar, siyasi partiyalar arasında münasibətlərin tənzimlənməsini, dialoqun inkişaf etdirilməsini beynəlxalq əməkdaşlığın əsas amili kimi daim diqqətdə saxlayan YAP-ın bu istiqamətdə apardığı siyasət və əməkdaşlıq da uğurla nəticələnir. Bir sözlə, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər qazanılan uğurların ümumiləşdirilmiş ifadələridir.

YAP artıq qələbə və zəfərlər partiyası kimi öz sözünü deməkdədir. Bu amil özünü bütün seçkilərdə təsdiq edib. Ümumiyyətlə, 1995-ci ildən, yəni Milli Konstitusiyamızın qəbulundan ötən dövr ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində yüksək fəallıq nümayiş etdirərək qələbəsini təmin edən Yeni Azərbaycan Partiyasına xalqın dəstəyi, sevgisi inkaredilməzdir. Bu inam, etimad partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından günbəgün möhkəmlənməsində də özünü təsdiqləyir.

Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 1 milyona yaxın üzv birləşir. Bu, Ümummilli Lider Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Partiyanın üzvlərinin yarısını isə gənclər təşkil etməsi də mühüm hadisədir. Azərbaycan gəncliyi YAP-ın sıralarında təmsil olunmaqla öz potensiallarını ortaya qoymaq üçün geniş meydan görürlər. Müstəqil Azərbaycanın uğurlu gələcəyinə böyük inam nümayiş etdirən Azərbaycan xalqı bunu dövlətin siyasətini dəstəkləməklə, ölkədə keçirilən seçki proseslərində fəal iştirak edib layiqli namizədə səs verməklə təsdiqləyir.

Azərbaycanın hərtərəfli inkişafı, uğurların davamlılığının təmin edilməsi dövlətin siyasətinin əsasını təşkil edir. Hər dövrün öz çağırışı, öz tələbləri olduğunu nəzərə alsaq, qarşıda yeni vəzifələrin dayandığı aydındır. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın 20 ildə qazandığı uğurların fonunda imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı da bu hədəflərin və onların həlli yollarının müəyyənləşdirilməsinə xidmət edir. "Bizim gələcək planlarımız da çox açıqdır, aydındır" söyləyən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan bütün məqsədlərə nail olmaq üçün imkanların mövcudluğunu diqqətə çatdırır. Bu inamı şərtləndirən əsas amil xalq-iqtidar birliyinin möhkəmliyidir. Sözlə əməl birliyi həyata keçirilən siyasətə xalqın inamını, dəstəyini daha da artırır, Prezident İlham Əliyevin ətrafında sıx birləşdirir. Bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının hər bir üzvü, eyni zamanda harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı müstəqil dövlətimizin daha da qüdrətli, zəngin, müasir dövlətə çevrilməsinə öz töhfəsini verməlidir. Böyük fəxrlə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.

Təbii ki, 24 illik tarixi yolda əldə olunan uğurları bir yazıda qeyd etmək qeyri-mümkündür. Azərbaycanın bugünkü reallıqları 24 ilin ümumiləşdirilmiş ifadəsidir. 24 il şərəfli yol keçən, bütün çətinliklərdən uğurla çıxan Yeni Azərbaycan Partiyasını qarşıdakı onilliklərdə daha möhtəşəm nailiyyətlər gözləyir. YAP da öz proqramını daim yeniləşdirir, populist vədlərdən uzaq olduğunu əməli fəaliyyəti ilə təsdiqləyir. Yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti seçən partiya bu yolda inamla irəliləyir. YAP-ın qələbələr və zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil seçki proseslərində xalqın böyük əksəriyyətinin dəstəyini qazanmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə