Qalib Quluzadə: “Bizim kadrların yetişməsində TEKFEN Şirkətinin də köməyi, dəstəyi olub. Bu gün AZFEN-TEKFEN artıq yaxşı kadrlar yetişdirən bir institutdur”.

(Portret cizgiləri)

"Ziyalı - millətinin düşünən beyni, görən gözü, danışan dili olmalıdır. Əgər onda bu keyfiyyətlər yoxdursa, onda mən onun ziyalılığına şübhə edirəm". Nə vaxtsa, hansısa dahi şəxsiyyətin dediyi bu sözləri gündəliyimə yazmışdım. Qalib müəllimlə söhbət edəndən sonra bu sözləri bir də oxudum və gördüm ki, bu cümlələr elə tam surətdə Qalib Quluzadəyə aiddir. Çünki Qalib müəllimlə söhbət etdikdə, onunla fikir mübadiləsi apardıqda gördüm ki, o, həqiqətən millətimiz haqqında dərindən düşünən, düşdüyümüz problemlərdən necə çıxmağın yolları ilə bağlı məntiqi fikirlər söyləyən, təkcə Azərbaycanda yox, dünyada baş verən hadisələri diqqətlə izləyən bir ziyalıdır. Ona görə də belə qərara gəldim ki, onu çoxsaylı oxucularımızla daha yaxından tanış edim.

Qısa arayış: Qalib Məsim oğlu Quluzadə 1971-ci ildə Qərbi Azərbaycanın Göycə mahalının Böyük Məzrə kəndində ziyalı ailəsində anadan olub. Atası Məsim müəllim bir müddət Ermənistanda Maarif Nazirliyi sistemində işləyib. Sonra Böyük Məzrə kənd orta məktəbinin direktoru təyin olunub. Azərbaycana köçəndən sonra Suraxanı rayonunda RJU-da rəhbər işləyib. Qalib, orta məktəbi elə həmin kəndin məktəbində bitirib. Onlar 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı törədilən dəhşətli hadisələrlə bağlı məcbur olub, dədə-baba yurdlarından Bakıya köçüblər. 1989-91-ci ildə Rusiyanın Xabarovsk vilayətində ordu sıralarında xidmət edib. Serjant rübəsində Azərbaycana geri qayıdıb. O, bir müddət, yəni 1992-ci ildə Bakı Şüşə Əritmə zavodunda şüşə əritmə ustası vəzifəsində işləyib. Sonra sənədlərini Türkiyə Qazı Universitetinə verib və ora qəbul olub. İlk əvvəl maşınqayırma sahəsində oxuyub. Oradakı təhsil onu qane etmədiyinə görə iqtisadi və idarəetmə fakültəsinə dəyişib. Altı il orada təhsil alıb. Sonra magistraturaya qəbul olub. Universitetdə təhsil aldığı vaxt maddi vəziyyəti çətin olduğuna görə tikintidə fəhlə kimi çalışıb. Universiteti bitirəndən sonra Türkiyənin Antaliya şəhərində işləyib. Orada həm də turizm sektorunda çalışıb. Sonra yenidən Ankaraya gəlib. Orada Qaz Doldurma Şirkətində satış meneceri işləyib. Qalib müəllim Ankarada Yetkin İnşaat LTD MMC-də müdür müavini vəzifəsində çalışıb və maliyyə işlərini aparıb. Atası Məsim müəllimin səhhəti ağır olduğuna görə məcbur olub yenidən Azərbaycana qayıdıb. Atası dünyasını dəyişəndən sonra daha Türkiyəyə getməyib, Azərbaycanda qalıb. Qalib Quluzadə ailəlidir. İki övladı var. Özü ziyalı ailəsində doğulduğuna və ziyalı olduğuna görə arzusu övladlarını da ziyalı görməkdir.

O, AZFEN Şirkətinin işi ilə tanış olub və 2003-cü ildə burada tabelçi kimi işə qəbul olub. 2006-cı ildə Baş ofisə mühasib vəzifəsinə təyin olunub. 2015-ci ildə Şahdəniz-2 layihəsi işə başlayanda, Qalib müəllim kadrlar şəbəsinin müdiri vəzifəsinə təyin edilib. O, artıq 3 ildir ki, bu vəzifədə işləyir. Bu 3 ildə də işçilərin böyük hörmətini qazanıb.

- Sizin bu gün gördüyünüz işlər Azərbaycan iqtisadiyyatına gələcəkdə hansı uğurları gətirəcək? - deyə, mən ona ilk sualla müraciət etdim.

- Bizim gördüyümüz bu işlər nəinki Azərbaycan iqtisadiyyatına, hətta dünya iqtisadiyyatına böyük köməkliklər edəcək. Çünki 1996-cı ildə yaradılan AZFEN Şirkətinin bu sahədə təcrübəsi çox böyükdür. Ona görə də biz gördüyümüz işləri dünya standratlarına uyğun görürük. Çünki bizdə çox yüksək ixtisaslı kadrlar, mütəxəssislər var. Onu da vurğulayım ki, bizim kadrların yetişməsində TEKFEN Şirkətinin də köməyi, dəstəyi olub. Bu gün AZFEN-TEKFEN artıq yaxşı kadrlar yetişdirən bir institutdur. Bizim qurduğumuz qurğuların sayəsində Azərbaycan nefti və qazı təkcə ölkəmizə yox, hansı ölkədən keçəcəksə onlara da böyük maliyyə gəliri gətirəcək. Bizim çəkdiyimiz qaz xətti artıq Türkiyədən, dənizin altından keçməklə Yunanıstana qədər gedib çıxacaq. Bütün bu görülən işlərdə AZFEN həm fiziki və həm də maddi cəhətdən özünü yüksək formada göstərir və sübut edir. Bu da Azərbaycan üçün baş ucalığıdır ki, onun belə yüksək kadrları var. Bütün bunlar da ulu öndər Heydər Əliyevin və onun davamçısı olan ölkə başçımız İlham Əliyevin qoyduqları böyük siyasətin nəticəsində baş tutub.

- Bu gün bizim ən yaralı yerimiz Qarabağdır. Bir ziyalı və mütəxəssis kimi siz bu haqda nə deyə bilərsiniz?

- Mənin fikrim odur ki, hər kəs gərək öz işi ilə məşğul osun. Qarabağla məşğul olacaq insanlarımız və yüksək hərbi kadrlarımız var. Bu, birbaşa cənab Prezidentimizin yüksək nəzarətində olan bir məsələdir. Bu haqda mən bir ziyalı, vətəndaş kimi yalnız onu deyə bilərəm ki, Qaradağ hansı yolla olursa olsun alınmalıdır. Cənab Prezidentimiz nə qərar versə, biz onunla razılaşacağıq. Əgər desə ki, müharibə yolu ilə Qarabağ geri alınmalıdır, onda hamımız canla-başla döyüşə gedib, torpaqlarımızı geri almalıyıq. Onun bu yolda apardığı siyasəti mən yüksək səviyyədə dəstəkləyirəm.

- Ölkə başçımızın apardığı məqsədyönlü siyasət, Azərbaycanı artıq dünya səviyyəsində layiqincə tanıdıb. Buna bir ziyalı kimi sizin münasibətiniz necədir?

- Mən siyasət adamı deyiləm. Mənim sahəm yuxarıda dediyim kimi ölkənin neft və qaz sənayesinin quruculuğu sahəsidir. Amma onu deyim ki, bu gün cənab Prezidentimizin apardığı siyasi kurs ölkə sütünunun onurğasıdır desək səhv etmərik. Bütün bunlar da ulu öndər Heydər Əliyevdən gələn siyasətdir. Gəlin yadımıza salaq, dahi rəhbərin xalqın istəyi ilə Azərbaycana ikinci dəfə ölkə başçısı gəlməsini. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişini. Çoxlu beynəlxalq səviyyəli layihələrin reallaşdırılmasını. Ulu Öndərin dünyanın aparıcı ölkə başçıları ilə apardığı yüksək məntiqli maraqlı söhbətləri yadımıza salaq. Eləcə də Qarabağda atəşkəsin dayandırılması kimi xalqımıza həmin vaxt vacib olan bir işi görməsini. Bütün bunların davamını da cənab İlham Əliyev özünün məqsədyönlü siyasəti ilə uğurla davam etdirir. Biz də bu sahədə həmişə cənab Prezidentimizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Bu gün dünyada gedən istər iqstisadi, istərsə də strateji proseslər, müharibələr də sübut edir ki, cənab Prezidentimiz düzgün siyasət aparır. İqtisadi çətinliyin, böhranın, müharibələrin Azərbaycandan yan keçməsi də bunun bariz nümunəsidir.

- Xalqımıza, insanlarımıza arzularınız, istəkləriniz nədir?

- Azərbaycan elə təkcə XX əsrdə çox böyük bəlalardan keçib. Bir milyondan çox qaçqını, 250 mindən çox köçkünü var. Cənab Prezidentimizin köməkliyi ilə həmin qaçqınlar və köçkünlər üçün çox yaraşıqlı, geniş qəsəbələr salınıb. Qarabağ şəhidlərinə, əlillərinə təmənnasız çoxlu tam təmirli evlər verilib. Əlbəttə, bütün bunlar dövlət üçün böyük yükdür. Bunlara çox böyük maliyyə xərcləri gedir. Təsəvvür edin ki, əgər bütün bunlar olmasaydı və hər kəs öz evində yaşasaydı həmin pullara ölkənin hər yerində çoxlu zavodlar, fabriklər tikilərdi. İnsanlarımızın hamısı işlə təmin olunardı. Onda Azərbaycan xalqı dünyanın ən zəngin xalqı kimi yaşayardı. Amma bütün bunlara baxmayaraq Azərbaycan xalqı keçmiş MDB məkanında bu gün ən yaxşı iqtisadiyyatı, qüdrəti olan ölkələrdən biri sayılır. Zaqafqaziyada isə birincidir. Mən səyahəti xoşlayan insanam. Çoxlu xarici ölkələrdə olmuşam. Qətiyyətlə deyə bilərəm ki, Azərbaycan həmin ölkələrin hamısından yaxşıdır. Atalarımızın belə bir məsəli var: "Birinə balıq verməkdənsə, balıq tutmağı öyrət". Bu gün biz öz işimizlə bu atalar sözünə əməl edib, işçilərimizə çalışdığı sahəni öyrədirik ki, onlar yüksək ixtisaslı mütəxəssis olub, öz ailələrinə yaxşı pul qazana bilsinlər. Həm də biz işə başlayan insanlara diqqətlə qulaq asıb, onların xarakterini dəqiq öyrənib, elə ona öz xarakteri vasitəsi ilə köməklik edirik. Ona əmək məcəlləsini dəqiq öyrədirik. Özümüz də əmək məcəlləsinin qanunlarından kənara çıxmırıq. Mən belə fikirləşirəm ki, hər bir ziyalı da bu gün belə düşünməli və xalqına bu yolda köməklik etməlidir. İlk öncə xalqımıza yaxşı təhsil verməliyik. Təhsili yüksək olan insan da böyük işlər görə bilər. Xalqımız dünyada ulu və böyük xalqdır. Mən tam inanıram ki, tezliklə Qarabağ torpaqları da azad olacaq. Qaçqınlarımız, köçkünlərimiz öz torpaqlarına qayıdacaq. İnsanlarımız çox firavan yaşayacaqlar. Buna görə ilk öncə xalqımıza böyük səbr və dözüm lazımdır. Səbri və dözümü olan insan qarşısına məqsədlər qoyanda ona hökmən çatır. Bu gün gənclərimizə də mən bunu arzu edirəm. Atalarımızın belə bir gözəl məsəli də var: "Ağıl insanın ən böyük sərmayəsi, sığınacağı və söykəndiyi möhtəşəm qaladır". Biz, insanlarımızı hökmən buna yönəltməliyik ki, öz ağlı, savadı ilə dünya xalqları arasında həmişə öz sözünü layiqincə deyə bilsinlər. Hər yerdə millətimizi, ölkə başçımızın apardığı uğurlu siyasəti müdafiə edə bilsinlər. Bu, hər bir ziyalının ali məqəsdi olmalıdır.

Ağalar İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə