Maşın qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Binəqədi rayonundan “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Fərman Abdullayev Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin, Gəncə Şəhər, Tovuz və Qusar rayon polis idarələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla F.Abdullayevin avtomobilin üzərinə özünə məxsus eyni markalı avtomobilin dövlət qeydiyyat nişanlarını bağlayıb satmaq məqsədilə Gəncə şəhərində tanışı, şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyevə verməsi, habelə dövlət qeydiyyat nişanlarını isə Kürdəmir rayonunda tullaması, sonuncunun isə həmin avtomobili Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş İsa Əliyevə satması müəyyənləşdirilib.

E.Quliyev Qusar rayonunda, İ.Əliyev isə Tovuz rayonunda saxlanılıb. Qaçırılmış “VAZ-2106” markalı avtomobil isə sonuncunun yaşadığı evin həyətində sökülüb, ban və şassi nömrələri silinmiş vəziyyətdə tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə