Pambıqçılıq mühüm önəm kəsb edir ANALİTİK

Prezident İlham Əliyev: “Növbəti dövrdə ancaq məhsuldarlığa ciddi diqqət göstərilməlidir və biz çatışmayan bütün məsələləri aradan götürməliyik”

Sirr deyil ki, ölkədə həyata keçirilən regionların sosial–iqtisadi inkişafı dövlət proqramlarının əsas məqsədlərindən biri də aqrar sektorda yüksək nəticələrə nail olmaqdır. Sözügedən reallığı təmin etmək üçün əsas faktor isə regionlaşdırma, məhsuldarlığı ilə fərqlənən bölgələrin əvvəlki şöhrətini qaytarmaq və müxtəlif rayonlara xas ənənəvi məhsullar yetişdirməkdir. Məhz, özünün yeni inkişaf mərhələsinə qədəm qoyan pambıqçılıq bu baxımdan mühüm önəm kəsb edir.

Müstəqilliyin ilk illərində üzləşdiyi iqtisadi və siyasi problemlərə rəğmən bu gün Azərbaycan bütün sahələrdə sürətli inkişaf yolundadır və burada kənd təsərrüfatı, onun ənənəvi sahələri, xüsusilə pambıqçılığın bərpası istiqamətində ciddi addımlar atılmaqdadır. Xüsusən, 2015-ci ilin sonlarından etibarən pambıqçılığın sistemli şəkildə inkişafına başlanıldı. 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi. Bu məqsədlə böyük vəsait ayrıldı, kompleks tədbirlər həyata keçirildi. Eyni zamanda meliorasiya sahəsində mühüm layihələr icra olundu və bu işlər davam etdirilir. 2016-cı ilin sentyabrında Sabirabadda, 2017-ci ilin martında Saatlıda, bu il isə Bərdədə pambıqçılığın inkişafına dair respublika müşavirələrinin keçirilməsini də bu sahəyə dövlət dəstəyinin əyani nümunəsi kimi xarakterizə etmək olar.

Dövlət başçısı gələcəkdə səhvlərə yol verilməməsi üçün, düzgün təhlillərin aparılması vacibliyini vurğulayıb

Prezident İlham Əliyev Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində danışarkən əldə edilən uğurlarla yanaşı, bəzi nöqsanları da xatırladıb və pambıqçılıq sahəsinin inkişafının daha da sürətlənməsi istiqamətində tövsiyə və tapşırıqlarını verib. SİTAT: “Məndə olan cədvəldə həm yüksək, həm aşağı məhsuldarlıqla seçilən rayonların adları var. Bəzi məlumatları təqdim etmək istərdim. Məhsuldarlığa görə birinci yerdə Tərtər rayonudur – 27 sentner, çox yaxşı göstəricidir. İkinci yerdə Bərdə rayonu – 26,3 sentner. Üçüncü yerdə Biləsuvar – 21,8 sentner, dördüncü yerdə Ağcabədi – 21,5 sentner, beşinci yerdə Ağdam rayonu – 20,6 sentner və ondan sonrakı yerdə Cəlilabad rayonudur – 20 sentner. Bütün başqa rayonlarda məhsuldarlıq 20 sentnerdən aşağı olub – təqribən 18, 15, 13 sentner. Amma elə rayonlar var ki, məhsuldarlıq 10 sentnerdən də aşağı olmuşdur. Mən onların da adlarını çəkmək istəyirəm ki, onlar həm nəticə çıxarsınlar, həm də gələcəkdə öz işlərini daha düzgün qursunlar. Beləliklə, aşağıdan birinci yerdə Neftçala rayonudur – 8,2 sentner. Aşağıdan ikinci Hacıqabul – 8,3, Samux - 8,8, Ucar - 9,3, İmişli - 9,7 sentner. Mən məhsuldarlıq on sentnerdən aşağı olan rayonların adlarını çəkdim. Digər rayonlarda 10 sentnerdən çoxdur. Ancaq bu da əlbəttə ki, bizi heç cür qane edə bilməz. Ona görə bir daha demək istəyirəm, növbəti dövrdə ancaq məhsuldarlığa ciddi diqqət göstərilməlidir və biz çatışmayan bütün məsələləri aradan götürməliyik. Hesab edirəm ki, bu, mümkündür, sadəcə olaraq, işlər düzgün qurulmalıdır”.

Ölkəmizdə pambıqçılığa cəmi üç ildir ki, ciddi önəm verildiyini xatırladan dövlətimizin başçısı qeyd edib ki, torpaqların seçilməsi, aqrotexniki tədbirlərin görülməsi, suvarma ilə, gübrələrlə, pestisidlərlə, onların keyfiyyəti ilə bağlı problemlər də var. Ona görə çox düzgün təhlil aparılmalıdır ki, gələcəkdə bu səhvlərə yol verilməsin.

Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir

Onu da qeyd edək ki, pambıqçılığın inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılıb. Prezident Administrasiyası, yerli icra orqanları, şirkətlər, fermerlər, zəhmətkeşlər artıq bir nöqtəyə vuraraq yaxşı nəticələrə imza atıblar. İki il ərzində Azərbaycanda pambığın tədarükü 6 dəfə artaraq, 35 min tondan 207 min tona çatdırılıb və bu, son hədd deyil. Məhz bu kimi amilləri nəzərə alarsaq, əminliklə deyə bilərik ki, Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. Artıq, pambıqçılıq özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Təsadüfi deyil ki, bu sahəyə maraq göstərən fermerlər təsəssüfatlarını ildən-ilə genişləndirirlər. 2016-cı ildə 52 min hektar təşkil edən əkin sahəsinin 2017-ci ildə 136 min hektara qədər yüksəlməsi faktı da bu reallığı təsdiqləyir.

Bütün bunlar həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, qarşıda daha böyük hədəflər var və bunun üçün real əsaslar yaradılır, kompleks tədbirlər davam etdirilir. Dövlət İnvestisiya Proqramı çərçivəsində bu sahəyə vəsait ilbəil artırılır, subsidiyalar verilir, vergi güzəştləri tətbiq olunur, əkin dövriyyəsi genişləndirilir və s. şaxələndirilən ölkə iqtisadiyyatının fundamental prinsiplərindən biri də müasir texnologiyaların tətbiqidir. Təbii ki, bu, kənd təsərrüfatının ayrı–ayrı sahələri, o cümlədən pambıqçılıqda da mühüm amil kimi dəyərləndirilir və intensiv istehsalın, başqa sözlə, vahid sahədən orta məhsuldarlığın artırılmasında əsas şərtlərdən hesab olunur. Bu baxımdan, dövlət xətti ilə böyük həcmdə müasir texnikalar alınır. Bura 500-ə yaxın pambıqyığan kombayn daxildir ki, onların böyük hissəsi artıq ölkəyə gətirilib. O cümlədən, ölkədə istehsal olunan traktorlar, digər texnika və qoşquları da qeyd etmək olar.

Yeni müəssisələr, iş yerləri açılır

Pambıq elə bir məhsuldur ki, onun satışı üçün bazarlar axtarmaq lazım gəlmir, birjalarda satılır və şübhəsiz ki, bu da böyük üstünlükdür. Bundan başqa, pambıqçılıq ciddi əmək tutumlu sahədir, bölgələrdə məşğulluğun təmin olunmasında xüsusi rol oynayır və işsizliyin daim aşağı səviyyədə saxlanılmasına imkan verir. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi amildir. Pambıqçılığın inkişaf etdirilməsi həmçinin, ölkədə yeni sənaye müəssisələrinin, məsələn, toxuculuq və digər yüngül sənaye müəssisələrinin yaradılmasını şərtləndirir. Mingəçevir şəhərində Yüngül Sənaye Parkı yaradılıb. Bu ilin fevralında isə Parkın iki yeni müəssisəsi fəaliyyətə başlayıb. Həmin müəssisələrdə 700-dən çox insan çalışır və 20 min ton iplik istehsal edilməsi hədəflənir. Bu da əvvəlki dövrdə istehsal olunan ipliyin demək olar ki, yarısıdır. Heç şübhəsiz ki, əgər Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməsəydi, bu müəssisələrə də ehtiyac qalmazdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər. Digər tərəfdən, əvvəllər ölkəmizdə fəaliyyət göstərən, son illər isə pambıq istehsalının kəskin azalması ilə əlaqədar fəaliyyətini dayandıran müəssisələr yenidən bərpa olunacaq ki, bütün bunlar da yeni iş yerlərinin açılması deməkdir. Xatırladaq ki, 2020-ci ilə qədər 200 min hektarda pambıq əkini, 600 min ton pambıq tədarükü planlaşdırılır. Bu isə 300 min insanın işlə təmin olunması deməkdir. Gübrə ilə təminat da yaxşılaşır. Dövlət bu sahəni də demək olar ki, öz üzərinə götürüb, 70 faiz güzəştlə gübrələr verilir.

Ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə apardığı güclü aqrar-iqtisadi siyasət faktoru bu reallığı kifayət qədər təsdiq edir

Yeri gəlmişkən, pambıqçılığın inkişafı eyni zamanda, bu istiqamətdə də yerli istehsala böyük dəstək verib. Məsələn: ölkəmizdə ilk dəfə olaraq pestisid istehsal edilir və bu ildən etibarən Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq. Bundan başqa, ölkədə suvarma texnikasının istehsalı da təşkil olunub. Bütün bunlar isə növbəti illərdə qarşıda duran əsas vəzifələrdən olan məhsuldarlığın artırılmasına mühüm töfhələrdir. Ümumilkdə, pambıqçılığın ölkə iqtisadiyyatı üçün faydalarını qruplaşdırsaq qısaca belə xarakterizə etmək olar.

İlk növbədə:

- məşğulluq təmin edilir, nəinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır;

- ölkəmizə valyuta gətirir;

- qeyri-neft sənayesini inkişaf etdirir;

- yerli istehsala təkan verir və s.

Beləliklə, nəticəyə gəlmək mümkündür ki, Azərbaycanda pambıqçılıqın keçmiş şöhrətinin qaytarılacağına heç bir şübhə yeri qalmır. Ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə apardığı güclü aqrar-iqtisadi siyasət faktoru bu reallığı kifayət qədər təsdiq edir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə