"Ədəbiyyat üfüqündə doğan günəş" TƏDBİR

Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın dahi mütəfəkkiri şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş "Əbədiyyət" üfüqündə doğan günəş" adlı ədəbi-bədii tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin "Azərbaycan dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı" və 2019-cu il "Nəsimi ili" çərçivəsində keçirilən tədbirdə respublika ictimaiyyəti nümayəndələri, ziyalılar, dövlət və hökümət rəsmiləri, Milli Məclisin deputatları, Türkiyənin, Qazaxıstanın və Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Səbail rayonunun ictimai-siyasi, elm-təhsil, sosial-iqtisadi, incəsənət və mədəniyyət sahələrini təmsil edən idarə və təşkilatların nümayəndələri, Yeni Azərbaycan Partiyasının fəalları, çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin Səbail rayon təşkilatının sədri, AMEA-nın Zoologiya İnstitunun dosenti, İnstitutun Qadınlar Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Yeganə Mahmudova və Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz açıq elan etdilər.

Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri proffessor Şəmsəddin Hacıyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" elan edilməsini Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratmış Nəsimi yaradıcılığına, ümumilikdə Azərbaycan mədəniyyətinə, şeirinə, sənətinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi olaraq qiymətləndirdi. Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması istiqamətindəki fəaliyyətini xüsusi vurğulayan millət vəkili diqqətə çatdırıb ki, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında şairin vəfatının 600 illiyinin, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda və Şamaxıda, habelə Moskvada Nəsimi, şeir, incəsənət, mənəviyyat Festivalının keçirilməsi şairin yaradıcılığına göstərilən ehtiramın nəticəsidir. İmadəddin Nəsimini Azərbaycan xalqının ümumbəşəri mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri kimi xarakterizə edən edən deputat bildirib ki, insan cəmiyyət həyatında yaranan münasibətlər, insana olan məhəbbətin və insan azadlığının cəmiyyətin inkişafindakı rolu orta əsrlərdən etibarən poeziya sənət inciləri arasında öz mustəsnaliğı ilə seçilən Nəsimi yaradıcılığının əsas mövzularını təşkil edib.

Ş.Hacıyev vurğulayıb ki, Azərbaycan xalqı dünya poeziya sənətinə böyük töhfələr bəxş edən Nəsiminin 650 illik yubileyi ən yüksək səviyyədə qeyd etməklə və dahi Azərbaycan şairinin yaradıcılığı bütün 2019-cu il boyunca müxtəlif şəkili tədbirlərlə tərənnüm etməklə bir daha milli-mənəvi dəyərlərə olan bağlılığı nümayiş etdirir.

Sonra AMEA-nın Humanitar Elmlər bölməsinin akademik katibi, AMEA Əlyazmalar institutunun direktoru akademik Teymur Kərimli, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi, filologiya elmləri doktoru professor Qəzənfər Paşayev, Yunis Əmrə İnstitunun Bakı filialının direktoru Cihan Özdemir, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Məsələləri üzrə katibi İlqar Fəhmi və Əməkdar İncəsənət Xadimi, Respublikanin xalq artisti Əbdül Məhmudov çıxış edib. Sənətkarın möhtəşəm ifası və musiqiçilərin Nəsimi irsini tərənnüm edən musiqiləri tədbiri iştirakçılarına xoş anlar yaşadıb.

Tədbirdə Azərbaycan əsilli, tanınmış musiqiçi Sami Yusifin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırladığı musiqi kompazisiyasi və "Nəsimi" filmindən videoçarxlar nümayiş edilib. Foyedə xüsusi olaraq hazırlanmış guşədə Heydər Əliyev Fondu tərəfindən çap edilmiş və Seyid İmadəddin Nəsimiyə həsr olunmuş əsərlərdən ibarət sərgisi nümayiş edilib.

Sonda tədbirin rəsmi və bədii hissəsinin iştirakçılarına Fəxri Fərmanlar təqdim olunub.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə