Müasir İncəsənət Muzeyində “Dünyaların kəsişməsi” adlı rəsm sərgisinin açılışı olub

“Görüş yeri: Bakı 2020” incəsənət festivalına hazırlıq işləri artıq başlanıb. Bununla bağlı Müasir İncəsənət Muzeyində “Dünyaların kəsişməsi” adlı rəsm sərgisinin açılışı olub.

SİA xəbər verir ki, tədbirdə çıxış edən “Dünya xalqları sənəti” Beynəlxalq Assosiasiyasının prezidenti, qazaxıstanlı rəssam Bulat Mekebayev öz əsərlərilə bütün dünyanı səyahət etdiyini deyib. Vurğulayıb ki, Müasir İncəsənət Muzeyi ekspozisiyası ilə fərqləndiyi üçün festivalı məhz burada keçirmək təşəbbüsünü irəli sürüb. Qazaxıstan, Rusiya və Almaniyada festival haqqında məlumat yayan B.Mekebayev görkəmli şəxslərin burada iştirak etmək arzusunda olduğunu da söyləyib. Rəssam yaradılan şəraitə görə muzeyin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən assosiasiyanın vitse-prezidenti Nailya Abdulina bildirib: “Möcüzə insanların ona inandığı yerdə baş verir. Bu gün bizim bir yerə yığışmağımız da möcüzə sayıla bilər. Burada əsərləri sərgilənən rəssamlar düz bir il ərzində sevdikləri işlə məşğul olub və bu işin uğur gətirəcəyinə inanıblar. Düşünürəm ki, biz bunu edə bildik. Onların əl işləri artıq tamaşaçı sevgisini qazana bildi. Çünki bizim gördüklərimiz bu ölkənin insanlarına bəslədiyimiz sevginin məhsuludur”.

Diqqətə çatdırılıb ki, festivalın Bakıda keçirilməsi təsadüfi deyil. Çünki son 20 ildə paytaxtımızda heyrətamiz dəyişikliklər baş verib. Azərbaycanın qazandığı uğurlar indi xarici ölkələrin diqqətini çəkir. Əlbəttə ki, bunlar aparılan siyasətin bəhrəsidir. Mədəniyyət isə bu siyasətin özəyini təşkil edir.

Bulat Mekebayevin təqdim etdiyi əsərlər qədim sivilizasiyanın tarixini əks etdirir. Gözlərimiz qarşısında Şərq və Qərb mədəniyyətlərinin müxtəlif obrazları canlanır. Rəsmlər hər bir xalqa xas olan dekorativ elementlərlə çərçivəyə alınıb.

Natalya Bajenovanın qalın rəng təbəqəsilə işlənilən “İlham”ı, bədahətən çəkilən “Dəniz şahzadəsi”nin nağıl obrazı, formasız kompozisiya təşkil edən “Zülmətdə işıq” əsərləri sərgi iştirakçılarının diqqətini daha çox çəkib.

Sevinc Hüseyn əsərlərini sadəlövh fotorealizm üslubunda çəkir. Rənglərin çaları, hissəli kompozisiya, əsərdəki detalların dolğunluğu, rəssamın axtardığı reallıq və nağılı öz tərzində nəql etdirir.

Eldar Hacıyev mürəkkəb quruluşda fars miniatürlərini xatırladan dekorativ kompozisiyaları ilə seçilir. Onun təsviri illüstrasiyaları adi insanların həyatını musiqi ritmləri ilə birləşdirir.

Sərgidə, həmçinin dünyanı öz fəlsəfəsində görən Robert Xettix, təbiətə impressionist nəzərlərlə baxan Teymur Ağəlioğlu və digər istedadlı rəssamların əl işləri nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə