“Şəhərin tamamilə dəyişdiyinin və müasirləşdiyini gördüm” - Əcnəbi nümayəndə

Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Rey Bondin bu günlərdə Bakıda keçirilmiş UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edib. 20 il əvvəl isə o, UNESKO-nun eksperti kimi Bakının tarixi hissəsinin- İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə UNESKO-nun Dünya İrs Siyahısına salınması prosesində iştirak edib, ölkəmizin təqdim etdiyi nominasiya ilə bağlı ICOMOS-un hesabatını hazırlayıb. SİA-nın məlumatına görə, Rey Bondin 20 il öncəki xatirələrini və şəhərə budəfəki gəlişi, Ümumdünya İrs Komitəsinin Bakı sessiyasında iştirakı ilə bağlı təəssüratını “Times of Malta” qəzetində dərc etdirdiyi məqalədə qələmə alıb.

“Bakıya təkrar səfər” adlı məqalədə Rey Bondin Azərbaycan paytaxtına ilk səfərini xatırlayaraq deyir ki, o vaxt şəhərin tarixi hissəsini “xilas etmək” üçün gəlmişdi. “20 il əvvəl ilk dəfə Bakıya gələndə Qız qalasının daxilindəki dairəvi pilləkənlərlə üç dəfə dırmaşmağa çalışdım və çətinliklə enməli oldum...”, - deyə o, şəhərin bu tarixi simvolu ilə ilk tanışlığından bəhs edir.

O, qeyd edib ki, bu dəfə mən 2 mindən çox insanın iştirak etdiyi UNESKO-nun Ümumdünya İrs Komitəsinin illik toplantısına gəldim: “Şəhərin tamamilə dəyişdiyinin və müasirləşdiyinin şahidi oldum. Mən ilk dəfə Bakıya İçərişəhərin UNESKO Dünya irs abidəsi kimi namizədliyini qiymətləndirmək üçün göndərilmişdim. UNESCO-nun məsləhətçisi kimi fəaliyyət göstərən, mütəxəssislərdən ibarət olan ICOMOS təşkilatı köhnə şəhərlər üzrə mütəxəssis kimi məni seçmişdi. Bu heç də asan missiya deyildi”.

Müəllif 20 il əvvəlki hava limanını xatırlayaraq indi burada müasir dizaynlı böyük beynəlxalq aeroport terminalının inşa edildiyini, şəhərdə çoxlu dörd və beş ulduzlu hotellərin olduğunu diqqətə çatdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə