Xaçmaz, Quba, Qusar və Şabrana növbəti səfər FOTOLAR

Azərbaycan Milli İncəsənət Muzeyi Respublikanın aparıcı muzeylərindən biridir. Onun həyata keçirdiyi vəzifələr arasında regionlarımızda fəaliyyət göstərən muzeylərə elmi, metodiki yardım göstərilməsi kimi işlər də durur. Ötən illərin təcrübəsi göstərdi ki, Tarix diyarşünaslıq muzeylərinin elmi fəaliyyətində həmkarlarının verdikləri tövsiyə, yardım əməli fayda verir.

Muzeyin dekabr ayındakı növbəti səfəri Xaçmaz bölgəsinə oldu. Xaçmaz Regional İdarəsinin rəisi Nazim Ağayevlə görüşdən sonra Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini X.Əsədova Xaçmaz (Pakizə Mehdiyeva), Quba (Məryəm Hacıyeva), Qusar (Xatirə Hacıbəyova) və Şabranda (Bəsti Məmmədova) fəaliyyət göstərən Tarix-diyarşünaslıq muzeylərindəki işlərlə tanış olmuş, kolleksiyaların mühafizəsi, eksponatların xranoloji ardıcıllıq, bədii estetik yöndən nümayişi, elmi inventarizasiya, aparılan ekskursiya, təbliğat, elmi tədqiqat, atribusiya və s. haqqında məlumatlandırılmış, muzey tərəfindən hansı yardımın göstərilməsi yolları müzakirə edilib.

Əksər muzeylər təmir edilmiş yeni binalarda, səliqəli, isidilmiş şəraitdədir. Ekspozisiyanın konsepsiyası bir qayda olaraq bölgənin coğrafi xəritəsi, təbiətlə bağlı guşəylə başlayıb, bölgənin tarixi və unikal arxeoloji materialları, sənətkarlıq, etnoqrafik və bədii əhəmiyyət kəsb edən nadir maddi, mədəni abidələrin nümayişi, tanınmış şəxsiyyətlər, milli qəhrəmanlar, şəhidlərimiz və son dövrlərdə Azərbaycanın yüksələn rifahı haqqında məlumatların toplandığı bölmələr, vitrin, interyer və onları bəzəyən tarixi fotolar, sənədlərdən ibarət olub. Muzeylərdə qorunan bütün eksponatlar mövcud ərazinin münbitliyini səciyyələndirir, maddi və mənəvi irsimizi təbliğ edirdi. Əməkdaşların sualları dolğun cavablandırmaları onların peşəkarlığından xəbər verib. Bununla yanaşı bəzi muzey ekspozisiyalarında vitrinlərdə eksponatların dağınıq, gərək olmadığı halda əşyaların təkrar və ya həddindən çox sıx, yaxud dövr baxımından nizamsız düzülüşü, qismən etiketajların olmaması, bəzən adların yanlış yazılması kimi hallar da mövcud olub. Rast gəlinənlərlə bağlı iradlar yerlərdə bildirilib, tövsiyələr muzey əməkdaşları tərəfindən qeydə alınıb, bəziləri yerindəcə çözüldüyü halda, elmi araşdırmanın təməlli davam etməsi sahəsində gərək olan işlərin həlli yolları müəyyənləşdirilib. Təbii ki, sadalanan muzeylərdə Azərbaycanın zəngin mədəniyyəti qorunur, elmin son nailiyyətlərindən bəhrələnərək onların davamlı tədqiqinə hər zaman ehtiyac vardır. Bu baxımdan əməkdaşlığın gələcəkdə də davam edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə