“Afişa” “ASAN Xidmət” mərkəzində paylanılıb FOTOLAR

1 saylı “ASAN Xidmət” mərkəzində “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsi mərkəzə müraciət edən vətəndaşlara paylanılıb. Paytaxtın mədəni həyatını özündə təcəssüm etdirən “Afişa” maraqla qarşılanıb. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, layihə Mədəniyyət Nazirliyi və “ASAN Könüllüləri" təşkilatının dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə nəşr olunan “Afişa” əlavəsində Bakı şəhərindəki teatr və konsert müəssisələrinin aylıq repertuarı, sərgi salonlarının, kino nümayişi mərkəzlərinin afişası ətraflı şəkildə oxuculara təqdim olunur. Nəşrdə teatrların repertuarındakı tamaşaların siyahısı, nümayiş günü və saatı barədə məlumatlarla bərabər, ayrı-ayrı tamaşalar haqqında, onların mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, fotolar da verilib. Eyni zamanda nəşrdə noyabr ayı üzrə paytaxtın müxtəlif qalereyaları, konsert zalları və kinoteatrlarının ümumi afişasından savayı bəzi sərgilər, konsertlər, filmlər barədə anons-informasiyalar da dərc olunub. Nəşrdə həmçinin hər bir mədəniyyət ocağının ünvanı, telefon nömrələri qeyd edilib.

Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrin səhifələrində hər kəs öz zövqünə, maraq dairəsinə, ən əsası isə, istədiyi günə, saata uyğun tamaşa, film, sərgi, konsert və s. tapa, vaxtını mənalı və səmərəli keçirə bilər.

Ayda bir dəfə çap olunması planlaşdırılan nəşrin məqsədi paytaxt sakinlərini, xüsusilə gəncləri, eləcə də Bakıya gələn qonaqları şəhərdəki mədəniyyət ocaqlarının fəaliyyəti barədə məlumatlandırmaq, həmin məkanlara marağı daha da artırmaq, əhalinin mədəni istirahətinin daha dolğun təşkili üçün mədəniyyət müəssisələrinin fəaliyyətini təşviq etmək, onlara informasiya dəstəyi verməkdir.

Növbəti saylarda həm mədəniyyət ocaqlarını əhatə, həm də mövzu və informasiya baxımından nəşrin daha da zənginləşdirilməsi nəzərdə tutulur.

Bildirək ki, “Mədəniyyət+Afişa” “Park Bulvar”da, metronun “İçərişəhər”, “Elmlər Akademiyası” stansiyalarının giriş və çıxışlarında da pulsuz olaraq yayılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...