Azərbaycan dünya alimlərinin müzakirəsində

“Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində Azərbaycanın memarlıq abidələrinin və digər irs nümunələrinin qorunub saxlanması və öyrənilməsi məsələlərinə həsr edilmiş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat mərkəzində həmçinin, Azərbaycanın memarlıq, mədəni, mənəvi, etnoqrafik və tarixi irsinin öyrənilməsi və populyarlaşdırılması ilə məşğul olan Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Türkiyə alim və tədqiqatçılarının daxil olduğu işçi qrupun üzvləri ilə görüş də təşkil edilib.

Görüşdə qeyd olunub ki, bütün Qafqazda olduğu kimi, Azərbaycanda da hələ uçota alınmamış, öyrənilməmiş və mühafizə edilməyən zəngin irsin pasportlaşdırılması zəruridir.

Bu məqsədlə Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü, UNESCO-nun mənəvi ənənələrin komparativ (müqayisəli) tədqiqi və dinlərarası dialoq kafedrasının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə müxtəlif ölkələri təmsil edən alim və tədqiqatçılardan ibarət işçi qrup yaradılıb. İşçi qrupun tərkibinin genişləndirilməsi nəzərdə tutulur.

Bütün regionun etnoqrafik və mədəni irsinin öyrənilməsi, pasportlaşdırılması və qorunub saxlanması layihəsinin konsepsiyasını hazırlamaq nəzərdə tutulub.

Birinci mərhələdə (2018-ci il aprelin 24-29-da) Azərbaycanın qərb bölgəsində qədim abidələrin, qəbiristanların, qoçdaşların (totemlər sayılan daş qoç və at heykəllərinin), habelə mühafizə edilməsinə və bərpa olunmasına ehtiyac duyulan ibadət yerlərinin pasportlaşdırılması üzrə pilot layihəsi başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...