İnsan orqanizmi o qədər mürəkkəb və çoxşaxəlidir ki, onun müzakirəsini açmaq, təhlilini aparmaq, diaqnozunu tam şəkildə qoymaq çox çətindir. Bədəndə bəzən elə proseslər baş verir ki, dünyanın tanınmış biliciləri, təbibləri və böyük uzmanları ondan baş çıxara bilmir. Bildiyimiz yalnız odur ki, insan orqanizmində kök salan piylənmə heç də yaxşı əlamət kimi qiymətləndirilmir. Köklük insanda kompleks yaradır, bəzən depressiyaya düşməsi səbəbindən, insan müxtəlif xəstəliklərə tutulur. Elə diribaş və imkanlı şəxslər var ki, onlar müxtəlif əməliyyatlar və ya süni yollarla köklükdən azad olmağa çalışırlar. Ancaq tibb elminin gəldiyi qənaətə görə, əməliyyatlar yolu ilə köklüyün aradan qaldırılması insan orqanizmində fəsadlarsız ötüşmür. Yəni bədən üzvlərindən hansısa birində xəstəliklər yaradır. Hətta bu mənada, ABŞ-ın Minnesota Universitetinin alimlərinin gəldiyi qənaətə görə, əməliyyatlar yolu ilə piylənmə aradan qalxır, ancaq sonrakı mərhələdə pasiyentləri insult keçirmək risqi ilə üzləşirlər. Tədqiqatçıların araşdırmasında, o da bəlli olub ki, köklükdən xilas olmağı əməliyyatlar yolu ilə aradan qaldıranlar buna nail olsalar da, düşünmək və qərar vermək imkanından məhrum olurlar. Sual yaranır: köklük nədən və necə yaranır? Bunun cavabını uzun-uzadı araşdırmadan və axtarışdan sonra verməyə ehtiyac yoxdur. Pullu-imkanlı, uzun müddət hərəkətsiz olan insanlar piylənmə ilə üzləşirlər. Mənim özəl araşdırmalarım zamanı o fikrə gəldim ki, son zamanlar Azərbaycanda bəzi şəxslər, xüsusilə də, siyasətdə olan və xaricdən qrant alıb müxtəlif formalarda həyat tərzi seçənlər də piylənmə ilə üzləşirlər. Bunu sosial şəbəkələrdə müxtəlif şərhlərdən də açıq şəkildə görmək mümkündür.

Yazılanlardan və deyilənlərdən belə başa düşülür ki, Müsavat başqanı Arif Hacılı və keçmiş başqan İsa Qəmbər, eləcə də, AXCP sədri Əli Kərimli digər əqidə yoldaşlarına nisbətən, qarınları bir qədər irəli çıxmaqla yanaşı, boyları da bir-iki santimetr artıb. "Ümid" partiyasının sədri İqbal Ağazadənin müxalifətin təbliğat maşını olan "Meydan" TV-yə verdiyi açıqlamasından, belə başa düşdük ki, Müsavatın keçmiş və indiki başqanının kökəlmələrinin başlıca səbəbi xaricdən 3 milyon dollar almalarıdır. "Vəhdət" partiyasının sədri bizimlə söhbətində oxucuları inandırmağa çalışdı ki, İqbal Ağazadə rəqəmləri təhrif edir: "Əslində, 3 milyon deyil, müxalifət 30-35 milyon dollar xaricdən pul alır".

İqbal Ağazadənin söylədiklərindən və Tahir Kərimlinini fikirlərindən sonra, bir daha əmin olursan ki, son vaxtlar müxalifətin aksiyalara meyl göstərməsi, sosial şəbəkələrdə xor dərnəyinin üzvləri kimi ağız-ağıza verib cikkildəmələrini, xaricdəki mühacir "söyüş qrupu"nun ölkəmiz haqqında şər-böhtanlarının baiskarı xaricdən verilən maliyyə vəsaitidir. İndi demək çətindir ki, xaricdən pul alan müxalif partiya sədrləri fərdi qaydada neçə kilodular. Bunu müəyyənləşdirmək üçün onları bir-bir tutub, qapanın üstünə qaldıraraq çəkilərini müəyyənləşdirmək də çətindir. Çünki bu məxluqlar xoşluqla kiminsə arzusunun həyata keçirilməsinə razı olmazlar. Zor gücünün tətbiqi də qəbuledilməzdir. Yalnız yeddinci hisslə və ya təxmini hesablamalarla xaricdən qrant alan müxalifət partiya sədrlərinin çəkilərini müəyyənləşdirmək olar. Daha doğrusu, demək olar ki, Arif Hacılı, İsa Qəmbər, Cəmil Həsənli, Əli Kərimli və digərləri, həqiqətən də, bir qədər piyləniblər, yəni kökəliblər. Belə getsə, ABŞ alimlərinin araşdırmaları nəticəsində, gəldikləri qənaət, sözügedən şəxslərdən yan keçməyəcək.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə