Bu gün Azərbaycanda kimi dindirirsən vətənpərvərlikdən, Vətənə sevgidən, milli vurğunluqdan ağız dolusu danışır. Ümumiyyətlə, dünyanın ikiüzlülüyü, sanki insanların da ikiüzlülüyünü adiləşdirib. Şərəfsizin şərəfdən, vicdansızın vicdandan və s. danışması adi hal alıb. Həm də iç üzü açılanda, əsl siması üzə çıxanda da, utanıb-qızarmaq, xəcalət çəkmək əvəzinə, özünə haqq qazandırmaq cəmiyyətimizdə adi hala çevrilib. Bəzən hətta özlərinə haqq qazandırmaq üçün təmiz, vicdanlı kimsələrə bağırmaqdan da çəkinmirlər. Atalar demiş, oğru necə çığırırsa, doğrunun bağrı yarılır!

Azərbaycanın ən şərəfli tarixini yaşadan Qədim Gəncədə baş verənlərə hüquqi qiymət vermək fikrində deyiləm. Bu, hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir və əminəm ki, onlar bu vandalizm aktına layiqincə qiymət verəcək və təkcə onu törədənlər deyil, törətdirənlər də ən ağır cəza alacaqlar. Ona görə əminəm ki, indi nə Azərbaycan 90-cı illərin Azərbaycanı deyil, nə də hüquq-mühafizə işçiləri o dövrün səriştəsiz və bacarıqsız işçilər deyil. Mənə maraqlı gələn bu hadisələrin mənəvi və siyasi tərəfidir. Din pərdəsi altında, guya dini müdafiə adı altında günahsız insanları qətlə yetirib, qadınlarını dul, ata-analarını oğulsuz, övladlarını atasız qoymaq ikili simanın ən bariz nümunəsidir. Hər bir müsəlman yaxşı bilir ki, islamda ən böyük günah təqsirsiz, suçsuz insana əziyyət verməkdir, nəinki belə adamları qətlə yetirəsən! Bu günahın babalını başa düşürmü bu "islam müdafiəçiləri"? Kimə məlum deyil ki, bu gün ikili standartlarla idarə olunan dünyada güc sahibləri dövlətlərə və xalqlara güclərini birbaşa (el arasında deyildiyi kimi, kişi kimi) deyil, məhz müxtəlif formatlı dolayı yollarla nümayiş etdirirlər. Bu dolayı yollar arasında həmin güc mərkəzlərinin ən sınanmış vasitələrindən biri "dini müdafiə" pərdəsi altında törətdikləri əməllərdir. "Əl-Qaidə", "Taliban", "Hizbullah", "İşid", "PKK" kimi insanlıq cəlladlarının toplaşdığı, Qərb dairələri tərəfindən himayə olunan terror təşkilatları da qadınları, uşaqları, qocaları öldürüb, adını dini müdafiə qoymalarının on illərdir ki, şahidi olmuruqmu? Həmişə fəxr etmişik ki, dünyanı başına alan terror şəbəkəsi ölkəmizə müdaxilə edə bilmir. Sən demə, ölkəyə girə bilməyən terror

şəbəkəsi və onları idarə edənlər Azərbaycanın içində vətən, xalq, millət, dövlət və islam dəyərlərini öz maraqlarına qurban verməyə hazır olan məxluqların axtarışındaymış. Nə yazıqlar ki, axtardıqlarını tapa bildilər və Azərbaycan dövlətçiliyini sarsıtmaq məqsədilə onlardan istifadə edə bildilər. Bu, məsələnin mənəvi tərəfi! Qaldı baş verənlərə siyasət qütbünə qiymət verilməsinə, təəssüf edirəm ki, burda da vəziyyət ürəkaçan deyil. Yaxın keçmişdə Türkiyəyə uzanan əllərin kəsilməsi naminə qardaş ölkənin ən radikal müxalifəti belə, siyasi ambisiyasını kənara qoyub, iqtidarla vahid mövqedən çıxış etdilər. Amma bizdə, nə yazıqlar ki, bunun əksi ilə rastlaşdıq. Baş verənlərə müxalifət düşərgəsinin sərgilədiyi mövqe, siyasi baxımdan, hələ nə qədər kal olduğumuzu bir daha ortaya qoydu. İnsan həyatına qəsdin yaxşı hal olmadığını deyib, ardınca baş verənlərdə iqtidarı günahlandırması, müxalifət liderinin öz dövlətinə, xalqına hansı prizmadan baxdığının real göstəricisidir. Mənim anladığıma görə, müasir dünyada heç bir ölkədə iqtidar idarə etdiyi dövlətin sahibi deyil. Dövlətin sahibi xalqdır, vətəndaşlardır. İqtidarlar dəyişəndir, dövlət isə əbədidir. Əbədi olan dövlətə münasibətdə siyasi baxışlar ola bilər, amma o şey ki, bütövlükdə, dövlətin mənafelərinə toxunur, o zaman hər kəs ölkəsi naminə, ona sinə gərməyə borcludur. Məmməd Arazın təbirincə desək, sinəmizdə vətən daşı gəzdirməsək, ölkənin layiqli vətəndaşı ola bilmərik. Vətəndaş olaq! Vətənə daş yox, sinələrdə vətən daşı gəzdirən olaq. Dünyanın gözü qarşısında analoqu olmayan sürətlə irəliləyən bir məmləkəti, üzdə tərifləsələr də, bunu həzm edə bilməyən ikiüzlü dünya güclərinin içimizə qədər əl uzatmasına imkan verməyək...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...