Riqada “May Qrafı-2022” festival-karnavalı təşkil olunacaq

Riqanın Verman parkında ənənəvi “May Qrafı 2022” festival-karnavalı keçiriləcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə sirk və teatr tamaşaları, orta əsrlərə aid yarmarka və attraksionlar, tarixi döyüşlər, yaradıcılıq emalatxanaları və ustad dərsləri və alov şousunun keçirilməsi nəzərdə tutulub.

Tədbir təşkilatçıları bildirib ki, builki bayramın əsas mövzusu “Riqa ustadlar şəhəridir” adlanır. Eyni zamanda, turnirlərdə şəhərin ən yaxşı müdafiəçisi − May qrafı yenidən müəyyən ediləcək və o, qədim ənənəyə uyğun olaraq öz qəlbinin xanımını − May qrafinyasını seçəcək. Bayramın oyunları və yerləri müxtəlif ölkələrdən − Latviya, Yunanıstan, Türkiyə, Macarıstan, Ukrayna və Polşadan olan gənc könüllülər tərəfindən təşkil olunacaq.

Qeyd edilib ki, “May qrafı” ənənəsi Riqada hələ orta əsrlərdə yaranıb. Tarix, yaradıcılıq, mədəniyyət və fantaziyanı özündə ehtiva edən festival bu gün bütün ailənin bayramı hesab edilir və ən müxtəlif mədəniyyətləri, dövrləri və insanları birləşdirmək üçün nəzərdə tutulub.

Festival mayın 21 və 22-də saat 12:00-dan 22:00-a kimi bütün yaş qruplarından olan ziyarətçilər üçün açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə