Miçiqan ştatında məktəbdə atışma 3 şagird həlak olub

ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində orta məktəbdə atışma zamanı 3 uşaq həlak olub. SİA CNN-ə istinadla xəbər verir ki, 15 yaşlı şagird atasının keçən həftə aldığı yarı avtomatik tapançanı məktəbə gətirib.

“Biz iki atəş eşitdik. Bundan sonra müəllimimiz qaçaraq sinfə girdi, qapını bağladı, özümüzə barrikada qurduq, sonra pəncərələri bağlayıb gizləndik", orta məktəb şagirdlərindən biri deyib.

Atəş açan şəxs artıq saxlanılıb, onun adı və bu cinayəti törətməsinin motivləri açıqlanmır. Polis rəisinin (Şerif) sözlərinə görə, yeniyetmə polisləri məktəbin dəhlizində görən kimi təslim olub. İlkin məlumatlara görə, o, təkbaşına hərəkət edib. Onun evində axtarış aparılıb.

Atışma nəticəsində 14, 16 və 17 yaşlı üç uşaq həlak olub. Daha səkkiz nəfər yaralanıb (yeddi uşaq və bir müəllim), iki şagirdin vəziyyəti ağırdır. Bir neçə nəfər yüngül bədən xəsarətləri alıb, müayinədən sonra evə buraxılıblar.

Verilən məlumatda qeyd edilib ki, məktəbin girişində metal detektoru olmayıb. Bu barədə soruşduqda təhsil müəssisəsinin meneceri Tom Tron cavab verib ki, onlar Amerika məktəblərinin əksəriyyətində yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə