Ermənistanda "axtarışa verilən" rus turistləri...

...Sən demə, dünyanın ən çox səyahət edilən ilk beş ölkələri sirasında Ermənistan ilk yerlərdən birini tuturmuş. Onu da demə ki, artıq bundan sonra bu beşlikdə birincilik də olmasa, hər halda ikincilik, ya da ki, ən ölü halda üçüncülük Ermənistana “məxsus” olacaq.

Ermənilər, dəqiq desək, ermənilərin İqtisadiyyat Nazirliyinin Turizm Komitəsinin müdiri vəzifəsini icra edən Alfred Koçaryan bunu elə-belə demir, tutarlı fakt və əsaslar gətirir. Məsələn, o deyir ki, vaxtilə bizə rəhm etmədən ayaqlayıb Türkiyəyə keçən rus turistləri, indi Ermənistanda ayaq saxlayacaqlar. Çünki türklərin meşə zolaqlarında yerləşən turizm obyektləri yanğından sonra özlərinə gəlməsi üçün illər lazımdır.

Həmin illərdən biz ermənilər yararlanıb Ermənistanda süni dənizlər yaradıb, ətrafında gözəl hotellər tikəcəyik. Lazım gəlsə, Sevan gölündən Qara dənizə əlavə kanal da çəkəcəyik. Qoy, Ermənistana gələn rus turistləri kanalla üzüb “şellənsinlər” və gələn ildə də yenidən Ermənistana gələcəklərinə söz verib getsinlər.

Amma Alfred Koçaryan bu arada bəzi şeylərə təəssüfləndiyini də gizlətmir. Məsələn, o, koronavirusun Ermənistana vaxtsız gəlişindən gileylənir. Deyir ki, 2019 -cu ildə Rusiyadan Ermənistana istirahətə gələn 658551 rus turistini, biz ötən il 1 milyona qaldırmaq istəyirdik. Amma “xain” koronavirusun bizdən xəbərsiz Ermənistana “soxulması”, bizim bütün planlarımızı darmadağın etdi. İndi Ermənistanda oturub turist gözləyirik. Reklama nə qədər pul xərcləmişik, amma bu günə qədər Ermənistana cəmi-cümü 93 537 nəfər rus gətirdə bilmişik.

İnanın ki, əslində, bu, Ermənistan üçün elə də balaca göstərici kimi qəbul edilməməlidir. Bundan əlavə, rusların ermənilərə olan sevgi və vəfası da burada öz sözünü deməsi xüsusi qeyd edilməlidir. Niyə? Çünki koronavirusun dünyanı ağzına aldığı bir vaxtda, ruslar ermənilərə olan “sədaqət”lərini bu yolla təsdiq etməyə çalışıblar. Amma...

...Yenə də demək istəyirəm: bu ermənilər bircə yalan danışmağı yerə qoysaydılar, o biri naqisliklərini bəlkə də onlara “bağışlamaq” olardı... Amma neyləyəsən ki, olmayan vicdanları buna imkan vermir. Nə demək istəyirəm? Deməli, Alfreddən əvvəl onun vəzifəsini icra edən bir erməni qadın olub- Susanna Safaryan. Belə ki, onun hesablamalarına görə, 2019-cu ildə Ermənistana Rusiyadan gələn turistlərin sayı Alfred dediyi 658551 kimi yox, 855,612 nəfər olub.

...Deyən gərək, ay erməni, az və ya çox, bizim nəyimizə gərək. Əlinizdən alırıq bəyəm? İndi bu hesablamada hansınız hansınızı aldadır, bu da öz işinizdir. Amma deyim ki, bu qeyri-müəyyən rəqəmlər hazırda Ermənistanda Nikolun “qəsdinə dayanan” yəni onu istəməyən ermənilərin əlinə “əntiqə bir kozır” verib. Məhz bu “kozırdan” yararlanmaq istəyən Nikol “düşmənləri” onun təyinatı ilə gəib nazir olmaq istəyən Alfred Koçaryandan 200 min turistin, üzr istəyirəm, həmin turistlərin Ermənistanda xərclədiyi pulların hara yox olduğunun haqq-hesabını istəyirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə