Yenidən Ağdama qayıdan Qiya Saralidze...

“Azərbaycan torpaqlarının işğalını tanımayanlar, bu ölkəyə qarşı qərəzli mövqe nümayiş etdirənlərdir”. Deyim ki, bu fikirlər Rusiyanın “Vesti” radiostansiyasında proqram aparıcısı Qiya Saralidzeyə məxsusdur.

Belə ki, Qarabağ torpaqlarının erməni qəsbkarlarından azad ediləndən sonra bu torpaqları ilk ziyrət edənlərdən biri olan Saralidze hələ o vaxt Ağdamda gördüyü vandalizmdən dəhşətə gəlmişdi.

Vaxtilə, hələ gənc yaşlarında atası ilə birgə Ağdamda olduğunu xatırlayan rusiyalı gürcü jurnalist gördüklərindən şoka düşdüyünü də gizlətməmişdi. Qeyd edək ki, həmin ərəfədə Ağdamla bağlı görüntülərini paylaşan Saralidzenin çəkdiklərinə, deyim ki, hətta bəzi ermənilər də biganə qala bilməmişdilər. Yadımdadır ki, jurnalistin çəkdiyi görüntülərə münasibət bildirən Armen Mosoyan adlı bir erməni divar daşlarına qədər oğurlanıb daşınmış Ağdamla bağlı filmə yazdığı rəydə bu məsələdə ermənilərlə razı olmadığını dilə gətirmişdi: “...Niyə şəhəri belə dağıtmaq lazım idi? Mən burada heç bir məntiq görmürəm, gördüklərimdən heyrətə gəldim. Çernobıl daha yaxşı görünür”. Bir daha xatırladım ki, bu fikirlər Armen Mosoyan adlı erməniyə aiddir.

...Budur, rusiyalı jurnalist Qiya Saralidze azərbaycanlıların işğaldan etdikləri Azərbaycan torpaqlarında baş verənləri bu günlərdə, ilk səfərindən təxminən bir neçə ay sonra yenidən lentə alıb. Belə ki, bir qrup teleradio jurnalisti ilə yenidən Qarabağa gələn Qiya Saralidze bu gün burada əhəmiyyətli dəyişikliklər gördüklərini bildirir. Saralidze çəkdiyi videogörüntülərdə yollar və tikilməkdə olan enerji obyektlərini, məcburi köçkünlər üçün evlərin tikildiyini göstərib.

Qeyd edək ki, rusiyalı gürcü jurnalist Ağdamda dağıntıların bir hissəsinin artıq təmizləndiyini də bildirir. Onun dediyinə görə, görülən işlər ermənilər tərəfindən basdırılmış minalara görə çətinləşsə də, amma möcüzəvi şəkildə sağ qalan tarixi obyektlər qaydasına salınmaqdadır. Saralidze işğaldan azad edilən ərazilərin Azərbaycan tərəfindən sıfırdan başlayaraq bərpa edildiyini də etiraf edir. Jurnalistlər, eyni zamanda, tam paritet şərtlərlə işləyən və missiyasını yerinə yetirmək üçün dronlar da daxil olmaqla müxtəlif müşahidə cihazlarından istifadə edən Rusiya-Türkiyə monitorinq mərkəzini də ziyarət edə biliblər.

Yeri gəlmişkən, Saralidzenin filmində rus və türk müşahidəçilərin gündəlik həyatını da görə bilərsiniz - namaz otaqları, tibb kabineti, camaşırxana, bərbər, yeməkxana ... “Ordu sözlərlə xəsisdir; yalnız vəziyyətin gərgin olduğunu və atəşkəs müqavilələrinin pozulması hallarının olduğunu söyləyirlər”.

Bildirək ki, Saralidzenin də daxil olduğu jurnalistlər Azərbaycanın işğaldan azad edilmiş digər ərazilərini də - Füzuli, Cəbrayıl və Zəngilanı da ziyarət ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə