Etirazlar internetdə problemlər yaratdı

Qlobal internetə girişi izləyən "Netbloks", Xuzistan əyalətindəki etirazlardan sonra İranda geniş internet qapanmalarının baş verdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, digər tərəfdən İranın birinci vitse-prezidenti İshaq Cahanqiri Xuzistandakı ərəb qəbilələri ilə görüşməyə gedib. Qeyd edək ki, o, Ahvazdakı qəbilə liderlərinin sərt reaksiyası ilə qarşılaşıb.

İran İnsan Haqları Aktivistləri Agentliyi (HRANA) Xuzistan əyalətindəki su qıtlığına qarşı nümayişlərdə iştirak etdiklərinə görə, tutulan 102 nəfərin adlarını açıqlayıb. Bu adlar içərisində iki 16 yaşlı uşaq da var. Həmçinin, HRANA, bu günə qədər nümayişlərdə ən az 9 nəfərin həyatını itirdiyini iddia edib. İran rəsmiləri isə 5 nümayişçinin və bir polisin "təxribatçı qruplar"ın açdığı atəş nəticəsində həyatını itirdiyini iddia edir. Digər tərəfdən, ölkə mediasının xəbərinə görə, nümayişlər 9 gecə davam edib. Bu zaman Xuzistan əyalətinin bir çox yerində mobil və sabit internet, həmçinin elektrik qapanmaları baş verib. İranın "Peyam-i Ma" qəzeti isə Xuzistan Telekommunikasiya Şirkətinin İctimaiyyətlə Əlaqələr Müdirliyindən çıxan internet kəsintilərinə dair xəbərləri təsdiqləyib. Həmçinin rəsmilər bunları əlavə edib: "İnternet çatışmazlıqları texniki bir nasazlıq səbəbindən olub. Biz bu problemi həll etməyə çalışırıq".

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə