Omanla İran arasında Hörmüz boğazındakı vəziyyət müzakirə edilib

Oman Sultanlığı ilə İran arasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsiz və fasiləsiz həyata keçirilməsi məsələləri müzakirə olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün iki ölkənin xarici işlər nazirliklərinin müavinləri səviyyəsində görüş keçirilib. Görüş zamanı regionda mövcud vəziyyət fonunda Hörmüz boğazından keçidin fasiləsizliyinin təmin olunması üçün mümkün variantlar nəzərdən keçirilib.

Məlumata görə, müzakirələr İran rəsmisinin ötən cümə axşamı verdiyi açıqlamadan sonra baş tutub. Həmin açıqlamada bildirilirdi ki, Tehran Oman Sultanlığı ilə birlikdə boğazda tranzit hərəkətinin monitorinqi üçün xüsusi protokol üzərində işləyir.

Qeyd edək ki, Hörmüz boğazı dünya üzrə neft tədarükünün təxminən beşdə birinin daşındığı strateji əhəmiyyətli dəniz marşrutlarından biri hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə