ABŞ Kiyevə kəşfiyyat məlumatları ötürürdü...

Media: Tramp Putinin kölgə donanmasına qarşı Ukrayna hava hücumlarını təsdiqlədi

...SİA-nın məlumatına görə, "The Atlantic" qəzeti Ukrayna və Amerika rəsmilərinə istinadən xəbər verir ki, Donald Tramp administrasiyası dövründə ABŞ Ukraynaya Rusiyanın "kölgə donanmasına" qarşı zərbələr endirməyə faktiki olaraq icazə verib.

Cozef Baydenin komandası eskalasiyadan qorxaraq beynəlxalq sularda Rusiya neft infrastrukturuna hücumlara qarşı çıxsa da, Respublikaçıların Ağ Evə gəlişi yanaşmanın dəyişməsinə səbəb olub.

Nəşrin məlumatına görə, Tramp nəinki bu cür əməliyyatlara etiraz etməyib, hətta bəzi hallarda Rusiyanın enerji obyektlərinə qarşı zərbələr endirmək üçün Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini təsdiqləyib.

Bu fonda, ABŞ-ın sülh danışıqlarını sürətləndirmək üçün təzyiqinə baxmayaraq, Ukrayna son həftələrdə Rusiya neftini daşıyan "kölgə donanmasına" məxsus beş tankeri sıradan çıxarıb.

Qara dənizdəki hücumlara görə məsuliyyəti SBU öz üzərinə götürüb, Moskva isə hadisələri "piratlıq" adlandırıb və Ukrayna məhsulları daşıyan gəmilərə qarşı cavab zərbələri endirməklə hədələyib.

Hadisələr gəmi sığortası xərclərinin kəskin artmasına səbəb olub.

"The Atlantic" qəzetinin məlumatına görə, "dinc nizamlama" istəyini açıq şəkildə bəyan etsə də, Tramp əslində Ukraynanın Rusiya neft sektoruna təzyiq strategiyasını dəstəkləyib. Oktyabr ayında onun administrasiyası Rosneft və Lukoil şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi, bu da Rusiya ixracını qismən iflic etdi və Rusiya neftinin qiymətinin düşməsinə səbəb oldu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə