Cəmi 27 gün Baş nazir vəzifəsində qalan Sebastyan Lökornü bu gün – oktyabrın 6-da istefa verdiyini açıqladı. Bununla da, o, Fransa tarixində ən qısa müddətə Baş nazir olmuş şəxs kimi yadda qaldı. Hökumətini belə tam formalaşdıra bilmədən istefa verən S.Lökornü "Şərait təmin edilmədiyi halda Baş nazir olmaq mümkün deyil" sözləri ilə Matinonda çıxışında qərarını əsaslandırdı.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu inkişafdan sonra siyasi böhran daha da dərinləşib və Emmanuel Makronun qarşısında bir neçə çıxış yolu qalır: yeni Baş nazirin təyin olunması, Milli Məclisin buraxılması və ya ən radikal ehtimal - öz istefası.
Fransa Konstitusiyasına əsasən, Baş naziri təyin etmək səlahiyyəti prezidentə aiddir. Lakin artıq Mişel Barnye, Fransua Bayru və Sebastyən Lökornü kimi fiqurların ardıcıl uğursuzluqları, hakimiyyət daxilindəki parçalanma bu vəzifəyə yeni bir adın - bəlkə də, Makron düşərgəsindən olmayan bir şəxsin gətirilməsi ehtimalını gündəmə gətirib.
Bəzi siyasi dairələrdə Milli Assambleyanın sədri Yael Braun-Pivetin adı çəkilir. Onun neytrallığı və az ambisiya sahibi olması ilə böhranı idarə edə biləcəyi güman edilir. Lakin sağ partiyalar bu ehtimalı rədd edir. Respublikaçılar partiyasının təmsilçisi Brüno Rötayo TF1 kanalında "Solçu Baş naziri dəstəkləmək istisnadır" deyə bildirib.
Sosialist partiyası və “Renaissance” partiyasının sol qanadı isə Makronu geniş koalisiya hökuməti qurmağa və sola yönəlməyə çağırır. Ətraf mühit naziri olmuş Anyes Pannye-Runaşer "Sol olmadan idarəetmə mümkün deyil", - deyə X sosial platformasında bəyan edib.
Milli Assambleyanın buraxılması: yeni seçkilər ola bilərmi?
Bu, son bir il ərzində formalaşdırılmış üçüncü hökumətin süqutu oldu. Bu səbəbdən Makronun əlində olan konstitusion hüquqa əsaslanaraq Milli Assambleyanı buraxması ssenarisi daha real görünür. Marin Lö Pen və Jordan Bardella kimi ifrat sağçı RN liderləri artıq aylarla bu çağırışı təkrarlayır və bu dəfə Respublikaçılar Partiyası (LR) da eyni mövqeni paylaşır.
LR təmsilçisi Fransua-Ksavye Bellami “France Inter” radiosuna deyib: "Milli Assambleyanın buraxlması bizi qorxutmur, biz seçkilərə hazırıq". Bununla belə, bəzi təhlilçilər və siyasətçilər bu addımın Makron üçün riskli olduğunu düşünür. Konstitusiya üzrə ekspert Benjamin Morel “Franceinfo”ya açıqlamasında bildirib ki, yenidən seçki olsa belə sabit çoxluq əldə olunmaya bilər, RN daha da güclənə və parlament idarəolunmaz hala gələ bilər.
Makronun istefası və ya vəzifədən uzaqlaşdırılması: reallıq, yoxsa təzyiq aləti?
“Əyilməz Fransa” (La France Insoumise- LFI) partiyası və onun lideri Jan-Lük Melanşon Emmanuel Makronun istefasını və ya vəzifədən uzaqlaşdırılmasını açıq şəkildə tələb edir. Onlar artıq 2024-cü ilin sentyabrında Makronun impiçmenti ilə bağlı parlamentə təklif vermişdilər, lakin bu, rədd edilmişdi. Hazırda yeni bir təklif hazırlanır və bu həftə parlament bürosunda müzakirəyə çıxarılacaq.
Fransa Konstitusiyasının 2007-ci il islahatları nəticəsində prezidentin vəzifədən uzaqlaşdırılması proseduru hüquqi cəhətdən mümkün olsa da, bunun üçün parlamentin hər iki palatasının üçdə iki çoxluğu tələb olunur. İndiyədək bu mexanizm heç vaxt uğurla nəticələnməyib.
Makronun könüllü istefası isə hələlik ehtimal xarakterlidir. Lakin bu mövqe həm solçu, həm də sağçı olan bəzi siyasətçilər tərəfindən dəstəklənir. David Lisnard (Cannes meri və Bələdiyyə Başçıları Assosiasiyasının rəhbəri) də "Fransa naminə Makronun istefası lazımdır",- deyə bildirib.
Marin Lö Pen isə mövqeyini belə açıqlayıb: "Prezidentin istefa verməsi onun qərarıdır. Əgər verərsə, bu, ağıllı bir qərar olar”.
Qeyd edək ki, Fransa hazırda dərin siyasi böhran içindədir və Emmanuel Makronun atacağı növbəti addım ölkənin siyasi gələcəyini müəyyənləşdirəcək. Yeni Baş nazir təyin etmək, parlamenti buraxmaq və ya prezidentlikdən getmək - hər üç ssenarinin öz riskləri və nəticələri var. Lakin bir şey aydındır: Fransada siyasi sistem ciddi şəkildə silkələnib və bu böhrandan çıxış yolu tapmaq üçün ölkə rəhbərliyindən strateji və milli birləşdirici addımlar gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə