Qazaxıstan və Qırğızıstan kiril əlifbasından imtina etməyə hazırlaşır

Qazaxıstan və Qırğızıstan latın əlifbasına əsaslanan əlifbaya keçidlə bağlı razılığa gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Moscow Times” Türk Dünyasının Ortaq Əlifbası Komissiyasının üzvü, Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərova istinadən yazır.

…Ancaq tarixlər hələ müəyyən edilməyib. Türk Dövlətləri Təşkilatının (TDT) komissiyasının iclasında 32 hərfdən ibarət ortaq əlifba razılaşdırılıb. Buraya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir.

Cəfərov əmin edib ki, ortaq əlifbaya keçid böyük çətinlik yaratmayacaq, çünki bu, əksər türk dövlətlərində qəbul edilmiş yazı forması ilə üst-üstə düşür.

...Ən böyük problem qazaxların və qırğızların latın əlifbasına nə vaxt keçəcəkləridir,- deyə o əlavə edib.

Ölkələr özləri milli əlifbaların ümumiyə əsaslanan variantlarını təsdiq edəcəklər. Cəfərov qeyd edib ki, ortaq türk dilinin yaradılması planı yoxdur. Latın əsaslı ortaq türk əlifbası layihəsi ilk dəfə 1991-ci ildə irəli sürülüb. Son iki ildir ki, bununla bağlı komissiya işləyir.

Kiril əlifbasından latın əlifbasına keçid prosesi Sovet İttifaqının bir çox türkdilli respublikalarında baş verdi. Azərbaycanda və Türkmənistanda 1990-cı illərin birinci yarısında kiril əlifbasından imtina edilib. Özbəkistanda iki əlifbadan istifadə edilib, lakin 2023-cü ilə qədər məmurlar tamamilə Latın versiyasına keçiblər. Qazaxıstan və Qırğızıstan hələ də kiril əlifbasından istifadə edən sonuncu ölkələrdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə