Qaradağ rayonunda Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü qeyd olunub - FOTOLAR
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və Neftçi Qurban adına 288 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Qafqaz İslam Ordusunun Bakını ingilislərin nəzarətində olan Sentrokaspi Diktaturasının və onların əlaltısı olan daşnak-bolşevik birləşmələrinin işğalından azad etməsinin 106-cı ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən bu məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə məktəbin direktoru Aygün Hüseynova, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və Milli Məclisin deputatı Səbinə Xasayeva çıxış ediblər.
Çıxışlarda 1918-ci ildə regionda və Azərbaycanda mövcud olan hərbi-siyasi vəziyyət barədə ətraflı məlumat verilib. Bildirilib ki, 15 sentyabr 1918-ci il tarixində Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Qeyd olunub ki, məktəb şagirdlərinin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanmasında belə tədbirlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.
Tədbirdə, həmçinin əsrlər boyu davam edən Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının tarixin müxtəlif mərhələlərində, o cümlədən 2020-ci ildə baş vermiş Vətən müharibəsində özünü bariz şəkildə göstərdiyi diqqətə çatıdırılıb. Vurğulanıb ki, belə tarixi hadisələr şagirdlər tərəfindən həmişə dərindən öyrənilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə