Qərbin İrəvanı silahlandırmasında əsas məqsəd...

“İrəvana ayrılan milyonlarla dollarlıq “yardımlar”, əlbəttə humanizm, yaxud ac-yalavac ermənilərin qarnını doyurmaq üçün verilmir”

Bölgədə yenə qan qoxusu gəlir. 44 günlük müharibədə məğlubiyyət acısı yaşayan Ermənistanı yenidən Azərbaycanla qanlı toqquşmalara sürükləmək üçün Farnsa, ABŞ və digər qərb dövlətləri açıq fəaliyyətə keçiblər. Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən sözügedən Qərb dövlətlərinin Ermənistanı silahlandırmaları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Bu baxımdan Ermənistanın silahlandırılması qeyd etdiyimiz kimi, Qərbin regionla bağlı xoş olmayan niyyətindən xəbər verir. Üstəgəl, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana pul yardımını iki dəfədən çox artırması da qətiyyən xoş niyyətdən irəli gələn addım sayıla bilməz. Bu maliyyə yardımı birbaşa rəsmi İrəvanın bölgədə yeni təxribat ocağına çevrilməsi üçün ayrılan vəsaitdir. Təbii ki, burada Qərbin Ermənistan ərazilərini ikinci Ukrayna cəbhəsinə çevirmək planları önəmli şəkildə yer alır. Çünki tarix boyu daima beynəlxalq güclərin siyasi maşası kimi ad çıxarmış Ermənistan Qərb üçün başqa heç nəyə yarayası deyil. Bunun qarşılığında Ermənistan da Qərbdən Azərbaycan əleyhinə təxribatlarını dəstək gözləyirdi. Və istəyini almağa başlayıb artıq. Bütün bu proseslərin fonunda sistematik şəkildə Ermənistanın Azərbaycan əleyhinə qızışdırılma tendensiyaları aydınca müşahidə olunur.

USAİD və digər qərb təşkilatlarının son bir neçə ay ərzində ardıcıl olaraq Ermənistana 10 milyonlarla dollar “yardım” ayırmaları həm də onların rəsmi İrəvanın üzərinə qoyduqları yeni təxribat missiyası ilə bağlıdır: “Çünki 44 günlük müharibədən sonra Nikol Paşinyan hökuməti açıq şəkildə anti-Rusiya siyasəti yürüdərək sürətlə Qərbə doğru yuvarlanmğa başladı. Buna ən bariz nümunə Ermənistanın KTMT-nin bütün tədbirlərini boykot etməsi, bölgədə daha çox qərb maraqlarını dəstəkləyən layihələrə qoşulması, əlaxüsus da öz ölkəsində ABŞ və Avropa İttifaqı hərbi missiyalarının fəaliyyətinə “yaşıl işıq” yandırmasıdır. Əslində, son olaraq ayrılan maliyyə yardımları ilə ABŞ Ermənistana Rusiya ilə əlaqələri ölü sferaya daşıdığı üçün bir növ “təşəkkür edib”.

Bu cür “yardımlar”, əlbəttə humanizm, yaxud ac-yalavac ermənilərin qarnını doyurmaq üçün verilmir. Əsas məqsəd təcavüzkar Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirmək, qarşıdurmanı kəskinləşdirmək, yeni müharibəni alovlandırmaq cəhdidir. Təkcə ABŞ-mı?-qətiyyən! N.Paşinyanı öz balası kimi bağrına basan Emmanuel Makronu niyə yaddan çıxaraq ki? Əslində, ilk və ciddi təxribat oyunları “Yelisey” sahibinin başının altından çıxıb. Bütün zamanlarda ermənipərəst mövqeyini gizlətməyən və hər zaman Avropada əsas erməni dayağı sayılan Fransa fitnəkar siyasəti ilə hayların ölmüş ümidlərini "dirçəltməyə" can atır. Afrikada ciddi problemlərlə üzləşərək ağır duruma düşən rəsmi Paris, Cənubi Qafqazda da pozucu fəaliyyətindən əl çəkmir və durumu gərginləşdirmək istiqamətində işini davam etdirir. Fransa parlamentinin əksər deputatları, siyasi dairələri açıq-aşkar Azərbaycana qarşı nifrətlərini gizlətmirlər. Yeni koloniya tapmış kimi sevinən E.Makron var gücü ilə Ermənistanı öz vasitəsi ilə bölgədə qərbin əsas dayağı kimi nümayişə çıxarmağa çalışır.
Belə görünür ki, Qərb, xüsusilə Fransa Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqla yanaşı, rəsmi Moskva ilə normal münasibətləri olan və Türkiyənin müttəfiqi sayılan Azərbaycana qarşı da silahlı planlarına sürükləyir. Ermənistanın qarşısına qoyulan missiya budur: həm Rusiyaya qarşı qərbin bufer zonası olacaqsan, həm də Azərbaycan və Türkiyəyə qarşı vuruşacaqsan. N.Paşinyan bu təxribat planına qəti olaraq “hə” deyərsə, bu, həm də birbaşa Ermənistanın 44 günlük müharibədən daha agır zərbə almasına gətirib çıxaracaq.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə