“Televiziya elm, mədəniyyət məbədidir, bütün ictimai təbliğatın ən güclü məkanı sayılır və bunlar onun kommersiya maraqlarına qurban verilməməlidir. Dövlət TV-lərində belədir. Kommersiya televiziyalarında isə qurban verilir. Biz bu gün birmənalı olaraq deyə bilmərik ki, ölkədə efir mədəniyyəti yoxdur. Dövlət televiziyası televiziya məbədi funksiyası özünü saxlayıb, burada ancaq ciddi sosial, iqtisadi, siyasi, mədəni və s. verlişlər yayımlanır. Hətta verilən kinolara, musiqilərə belə xüsusi diqqət göstərilir. Kommersiya televiziyalarının isə sosial məsuliyyəti yoxdur. Burada yeganə məqsəd gəlir əldə etməkdir. Bu baxımdan bütün mənəvi, sosial öhdəliklər kənara atılır və yalnız biznes maraqları nəzərə alınır”. Bu sözləri SİA-ya açıqlamasında TvPress.Az-ın baş redaktoru, Səs qəzetinin analitiki Elçin Bayramlı deyib.
O bildirib ki, medianın məlumatlandırma, maarifləndirmə və əyləndirmə kimi 3 funksiyası var: “Kommersiya televiziyalarında məlumatlandırma və maarifləndirmə vacib hesab olunmur, çünki bunlar pul gətirmir. Göründüyü kimi yalnız əyləndirmə funksiyası nəzərə alınır. Lakin bu funksiyanı da yüksək səviyyəli materiallarla da həyata keçirə bilərlər. Lakin kommersiya kanalları buna üstünlük vermirlər, çünki kütlənin marağını cəlb etmir və az reklam gətirir. Buna görə də yalnız saxta şou yaratmağa fokuslanıblar. Xalqın mənəviyyəti, gənc nəslin tərbiyəsi kimi məsələlər qəti şəkildə kommersiya kanallarını maraqlandırmır. Buna görə də özəl televiziyalar mənəvi-psixolojideqredasiyaya səbəb olurlar.
Digər tərəfdən ölkədə fəaliyyət göstərən Böyük Britaniyanın reytinq şirkəti saxta reytinq siyahıları ilə televiziya, efir məkanını müəyyənləşdirir. Həmin şirkət araşdırmalarını apara bilmək üçün cəmi 400 evdə qurğular quraşdırmış və Azərbaycan əhalisinin daha çox hansı tip proqramlara üstünlük verdiklərini müəyyənləşdirməyə çalışırdılar. Amma bu gülünc hadisədir. Çünki 10 milyonluq əhalinin nəyə baxdığını 400 nəfər müəyyənləşdirə bilməz. Bunun əsasında isə saxta reytinq siyahıları hazırlanır və kanallara təqdim olunurdu. Buna görə də Azərbaycanda televiziya dedikdə yalnız “AzTV” və “Mədəniyyət” kanalını nəzərdə tuturam. Digər kanallar isə sadəcə efir tezliyi almış şou studiyalardır. Həmçinin burada cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür. Belə ki, cəmiyyət sözügedən kommersiya kanallarını izləməməli və bununla da onları “boykot” etməlidir. Beləliklə, həmin verilişlər yavaş-yavaş sıradan çıxacaq. Yəni, sağlam cəmiyyət istəsə, “boykot” metodu ilə bunu təmin edə bilər”.
Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu fikirlərini bölüşüb: “Efir mədəniyyəti ilə bağlı problemlər artıq 20 ildən artıq müddətdir ki, davam edir. Dəfələrlə bəzi məqamların tənqid olunmasına baxmayaraq, son 1-2 il ərzində yalnız bir qədər irəliləyiş əldə olunub. Ümumilikdə isə efir mədəniyyəti arzuolunan səviyyədə deyil.
Efir mədəniyyəti yalnız bilik deyil. Sosial psixologiyada kütlə mədəniyyəti deyilən anlayış var. Kütlə mədəniyyətinin formalaşmasında isə lider insanların, efirin çox böyük rolu olur. Buna görə də efirdə atılan addımlar insanlara çox tez təsir edir. Bu səbəbdən də efirdə elə davranış sərgiləmək lazımdır ki, biz sabah həmin davranışları xalqımızda görmək istəyək. Birmənalı şəkildə efir mədəniyyətinin çərçivələrini müəyyənləşdirmək lazımdır. Hər bir televiziya kanalının öz normaları olmalıdır ki, insanlar da öz davranışlarına hakim ola bilsinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB