Televiziyaların fəaliyyəti biz qane edirmi? - RƏYLƏR

19 Sentyabr 2024 12:48 (UTC+04:00)

“Sovet dövründə televiziya elm, mədəniyyət məbədi idi, bütün ictimai təbliğatın məkanı sayılırdı və onun kommersiya maraqları yox idi. Sonrakı dövrdə isə kommersiya televiziyaları yarandı, bugünkü problemlərin də səbəbi budur. Biz bu gün birmənalı olaraq deyə bilmərik ki, ölkədə efir mədəniyyəti yoxdur. Dövlət televiziyalarında televiziya məbədi funksiyası özünü saxlayıb, burada ancaq ciddi sosial, iqtisadi, siyasi, mədəni və s. verlişlər yayımlanır. Hətta verilən kinolara, musiqilərə belə xüsusi diqqət göstərilir. Kommersiya televiziyalarının isə sosial məsuliyyəti yoxdur. Burada yeganə məqsəd gəlir əldə etməkdir. Bu baxımdan bütün mənəvi, sosial öhdəliklər kənara atılır və yalnız biznes maraqları nəzərə alınır”. Bu sözləri SİA-ya açıqlamasında "TvPress" internet qəzetinin baş redaktoru Elçin Bayramlı deyib.

O bildirib ki, medianın məlumatlandırma, maarifləndirmə və əyləndirmə kimi üç funksiyası var: “Kommersiya televiziyalarında məlumatlandırma və maarifləndirmə vacib hesab olunmur, çünki bunlar pul gətirmir. Göründüyü kimi yalnız əyləndirmə funksiyası nəzərə alınır. Lakin bu funksiyanı da yüksək səviyyəli materiallarla da həyata keçirə bilərlər. Lakin kommersiya kanalları buna üstünlük vermirlər, çünki kütlənin marağını cəlb etmir və az reklam gətirir. Buna görə də yalnız saxta şou yaratmağa fokuslanıblar. Xalqın mənəviyyəti, tərbiyəsi kimi məsələlər qəti şəkildə kommersiya kanallarını maraqlandırmır. Buna görə də özəl televiziyalar xalqın ən böyük düşmənidir, mənəvi-psixoloji terrorla məşğuldular.

Digər tərəfdən fəaliyyət göstərən Böyük Britaniyanın reytinq şirkəti saxta reytinq siyahıları ilə televiziya, efir məkanını müəyyənləşdirir. Həmin şirkət araşdırmalarını apara bilmək üçün cəmi 400 evdə qurğular quraşdırmış və Azərbaycan əhalisinin daha çox hansı tip proqramlara üstünlük verdiklərini müəyyənləşdirməyə çalışırdılar. Amma bu gülünc hadisədir. Çünki 10 milyonluq əhalinin nəyə baxdığını 400 nəfər müəyyənləşdirə bilməz. Bunun əsasında isə saxta reytinq siyahıları hazırlanır və kanallara təqdim olunurdu. Zənnimcə, bunu qəsdən edirdilər ki, xalqımızın mənəvi dəyərlərini tədricən məhv etsinlər. Buna görə də Azərbaycanda televiziya dedikdə yalnız “AzTV” və “Mədəniyyət” kanalını nəzərdə tuturam. Digər kanallar isə sadəcə efir tezliyi almış studiyalardır. Hər zaman da cəmiyyəti bu kanalları “boykot” etməyə çağırmışam. Həmçinin burada cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür. Belə ki, cəmiyyət sözügedən kommersiya kanallarını izləməməli və bununla da onları “boykot” etməlidir. Beləliklə, həmin kanallar yavaş-yavaş sıradan çıxacaq. Yəni, sağlam cəmiyyət istəsə, “boykot” metodu ilə həmin kanalları sıradan çıxara bilərlər”.

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu fikirlərini bölüşüb: “Efir mədəniyyəti ilə bağlı problemlər artıq 20 ildən artıq müddətdir ki, davam edir. Dəfələrlə bəzi məqamların tənqid olunmasına baxmayaraq, son 1-2 il ərzində yalnız bir qədər irəliləyiş əldə olunub. Ümumilikdə isə efir mədəniyyəti arzuolunan səviyyədə deyil.

Efir mədəniyyəti yalnız bilik deyil. Sosial psixologiyada kütlə mədəniyyəti deyilən anlayış var. Kütlə mədəniyyətinin formalaşmasında isə lider insanların, efirin çox böyük rolu olur. Buna görə də efirdə atılan addımlar insanlara çox tez təsir edir. Bu səbəbdən də efirdə elə davranış sərgiləmək lazımdır ki, biz sabah həmin davranışları xalqımızda görmək istəyək. Birmənalı şəkildə efir mədəniyyətinin çərçivələrini müəyyənləşdirmək lazımdır. Hər bir televiziya kanalının öz normaları olmalıdır ki, insanlar da öz davranışlarına hakim ola bilsinlər”.